Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-491/2021 24.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1973-cü ildə Ağdaş rayonunun Xosrov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 26.09.2021-ci il tarixdə, saat 14:00 radələrində Ağdaş rayonunun Xosrov kəndində özünə məxsus evdə şəxsi münasibətlər zəmnində bacısı qızı Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı X3 19 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 24.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun doğma bacısı qızıdır. Onunla əvvəllər aralarında heç bir dava-dalaş baş verməmişdir. 26.09.2021-ci il tarixdə saat təxminən 14:00 radələrində yaşadığı Ağdaş rayonu Xosrov kəndində yerləşən evdə olan zaman bacısı qızı Zərərçəkmiş şəxs onun yaşadığı evə qonaq gəlmişdir. Zərərçəkmiş şəxs onun anası Əsnamə Musayeva ilə söhbət etməsini eşitmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs onun anasına onun qızı barəsində nalayiq ifadə işlətməsini eşitmişdir. Buna görə də, Zərərçəkmiş şəxs öz iradını bildirərək onun yaşadığı evdən çıxmasını tələb etmişdir. Zərərçəkmiş şəxs isə ona “sənin burda evin yoxdur, mən nənəmi görməyə gəlmişəm, sən kimsən?” deyə söyləmişdir. Əsəbləşdiyi üçün Zərərçəkmiş şəxs boyunundan yapışaraq yaşadığı evin həyətindən itələyib küçəyə çıxartmışdır. Bundan sonra da Zərərçəkmiş şəxs oradan çıxaraq getmişdir. Onların arasında mübahisə və dava-dalaş təxminən 2-3 dəqiqə davam etmişdir. Həmin vaxt orada onlardan başqa heç kim olmamış, səs-küyə sonradan heç kim gəlməmişdir. Həmin vaxt bacısı qızı Zərərçəkmiş şəxs vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 26.09.2021-ci il tarixdə saat təxminən 14:00 radələrində Ağdaş rayonunun Xosrov kəndində yaşayan dayısı Şəxs yaşadığı evə gedərək nənəsi Əsnamə Musayeva ilə görüşərək, sağollaşıb yaşadığı Qəbələ rayonuna getmək istəmişdir. Nənəsi ilə söhbət edən zaman nənəsi Əsnamə Musayeva onun dayısının azyaşlı qızı Aynur Musayevaya gedib həyətdən onun üçün xirnik (“королек”) yığmasını tapşırmışdır. Bu zaman nənəsinə Aynur Musayevanın yığdığı meyvənin ona lazım olmamasını bildirmişdir. Buna səbəb isə həmin gün Aynur Musayevanın ona qarğıdalı yığmaması olmuşdur. Həmin vaxt əsəbləşdiyi üçün Aynur Musayeva barəsində xoşagəlməz ifadə işlətmişdir. Lakin onu təhqir etməmişdir. Bu zaman digər otaqda olan dayısı Şəxs otaqdan çıxaraq ona “sən qızımı niyə təhqir edirsən” deyə söyləyərək, onun üzərinə gəlmişdir. Buna görə nənəsinin olduğu otaqdan çıxmışdır. Dayısı Şəxs onu nalayiq şəkildə təhqir edərək onun saçından yapışmış və başını bir neçə dəfə divara vurmuşdur. Daha sonra onun yan nahiyəsinə bir dəfə yumruqla, bir dəfə təpiklə onun sol ayağına vurmuşdur. Bundan sonra dayısı Şəxs geriyə doğru itələmiş və onun əlindən çıxmışdır. Şəxs onun arxasınca gələrək onu həyətdən küçəyə çıxartmışdır. Onunla dayısı Şəxs arasında mübahisə və dava-dalaş təxminən 10-15 dəqiqə davam etmiş və həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Səs-küyə sonradan heç kim gəlməmişdir. Dayısı onu uşaq vaxtı da döymüş, lakin həmin vaxt bu barədə şikayət etməmişdir. Eyni zamanda, dayısı əvvəllər arvadını da döydüyünə görə barəsində məhkəmədə işlər olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında bildirdi ki, Şəxs 26.09.2021-ci il tarixdə, saat 14:00 radələrində Ağdaş rayonunun Xosrov kəndində özünə məxsus evdə şəxsi münasibətlər zəminində bacısı qızı Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə məlumat vermiş, hadisə araşdırılaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 24.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 21 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və 24 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat 21 oktyabr 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 24.11.2021-ci il tarixindən, saat 12:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-491/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-491/2021
24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver