Məhkəmə qərarları › İş №3(014)-494/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-494/2022

23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-494/2022 23.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 06 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində Ağdaş rayonu, Kotavan kəndində yerləşən çayxanada X3 və X4 ilə birlikdə qumar (domino, beşdaş) oynamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə Ağdaş RPŞ-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində 08 sentyabr 2022-ci il inzibati xəta haqqında protokol tərtib olunaraq 09 sentyabr 2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə çağırışı göndərilməsinə baxmayaraq inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4cü maddələrinə əsaslanaraq Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, inzibati xəta haqqında materiala əlavə edilmiş X5 və X2 izahatlarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 06 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində Ağdaş rayonu, Kotavan kəndində yerləşən çayxanada onlarla birlikdə qumar oynamışdır. İnzibati xəta haqqında materiala əlavə olunmuş raportdan görünür ki, Ağdaş RPŞnin polis sahə rəisi, polis–leytenantı Nail Məhəmmədli xx.xx.2022-ci il tarixdə Ağdaş RPŞnin rəisi VMİE, polis mayoru İlkin Hüseynova raportla məruzə edərək 06 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində Ağdaş rayonu, Kotavan kəndində yerləşən çayxanada 3 nəfər şəxsin domino daşları ilə oyun oynadıqlarını gördüyünü, onlara yaxınlaşdığını, həmin stola yaxınlaşdıqda 3 nəfər şəxsin qumar oynadıqlarını gördüyünü, domino oynadıqları stolun üzərində qumara qoyulmuş pul vəsaitləri olan bir ədəd 5 manatlıq iki ədəd 1 manatlıq pul gördüyünü, onları RPŞ-nə dəvət etdiyini, RPŞ-də həmin şəxslərin Ağdaş rayonu, Kotanarx kəndində qeydiyyatda olan və yaşayan xx.xx.2002-ci il təvəllüdlü X4, xx.xx.1989-cu il təvəllüdlü X3, xx.xx.1996-cı il təvəllüdlü Şəxs olduqlarının müəyyən edildiyini bildirmiş, həmin şəxslər barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həmin inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşin faktiki hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə qənaətə gəlirəm ki, barəsində inzibati cərimə tənbehi tətbiq edilməli, iş üzrə maddi sübut - qumara qoyulmuş pul vəsaiti 7 (yeddi) manat pulun və 28 (iyirmi səkkiz) ədəd dominonun Ağdaş Rayon Məhkəməsinin icraatında olan digər 3(014)-493/2022 saylı inzibati xəta haqqında iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə müsadirə edilməsi nəzərə alınmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114,115,128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: 30 sentyabr 2022-ci ildə Ağdaş rayonu, Kotavan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdaş rayonu, Kotavan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib üç min manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut - qumara qoyulmuş pul vəsaiti 7 (yeddi) manat pulun və 28 (iyirmi səkkiz) ədəd dominonun Ağdaş Rayon Məhkəməsinin icraatında olan digər 3(014)- 493/2022 saylı inzibati xəta haqqında iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə müsadirə edilməsi nəzərə alınsın. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar