Məhkəmə qərarları › İş №3(014)-495/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-495/2021

09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-495/2021 09.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, məhkəmə iclasının katibi U.Mustafayevanın katibliyi ilə Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: 05.11.2021-ci il tarixdə saat 11:20 radələrində polis əməkdaşları tərəfindən Ağdaş rayon Əmirarx kənd sakini Şəxs evindən sənədsiz, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “İJ57” modelli, çaxmaqlı, qoşalüləli, yivsiz 01 ədəd mülki ov tüfənqi aşkar edilərək götürülmüşdür. Buna görə 24 noyabr 2021-ci il tarixdə Şəxs barəsində onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmiş və 25 noyabr 2021-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə çağırışı göndərilməsinə baxmayaraq inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4cü maddələrinə əsaslanaraq Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Ruhid Yaqublunun 01.11.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması qərarının surətindən görünür ki, qeyd olunan fakt üzrə toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün və Şəxs götürülmüş 01 ədəd 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “İJ57” modelli, seriya və nömrəsi silinmiş, çaxmaqlı, qoşalüləli, ov tüfənqi saxlanca verilməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 21.10.2021-ci il tarixli 3/1611 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “İJ57” modelli, seriya və nömrəsi silinmiş, çaxmaqlı, qoşalüləli tüfəngdir –yivsiz odlu ov silahıdır, texniki cəhətdən nasaz vəziyyətdədir, ön tətiyindən atəş açmaq yararlı, arxa tətiyin nasaz olması səbəbindən silahın sol lüləsindən atəş açmaq üçün yararsızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edın hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşin hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq onun barəsində Ağdaş rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “İJ57” modelli, çaxmaqlı, qoşalüləli, yivsiz ov tüfənqi müsadirə edilməklə, cərimə tənbehi tətbiq edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1965-ci ildə Ağdaş rayonu, Əmirarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdaş rayonu, Əmirarx kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib 16 kalibrli “İJ57” modelli, çaxmaqlı, qoşalülə, yivsiz 01 (bir) ədəd ov tüfənqi müsadirə edilməklə 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar