Məhkəmə qərarları › İş №3(014)-499/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-499/2020

25.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-499/2020 25.12.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində Ağdaş şəhəri, Bakı dördyolu adlanan ərazidə yerləşən kafedə Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə və dava-dalaş zamanı döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasına səbəb Ağdaş rayon RPŞ İQ-nun müstəntiqi, polis mayoru Azər Hüseynlinin xx xxxxxx 2020-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı olmuşdur. Belə ki, Ağdaş rayon RPŞ İTB-nin sahə rəisi polis leytenantı Mətləb İsmayılov həmin qərarı rəhbər tutaraq, Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək X1 onun doğma qardaşı olduğunu, qardaşı Şahinin fərdi təsərrüfatla, yəni payız aylarında xurma tədarükü ilə məşğul olduğunu, özü də qardaşına işlərində köməklik etidyini, 2019-ci ilin payız aylarında Şahin Göyçay rayonu Bığır kəndində olan Əhəd adlı şəxslə birlikdə xurma tədarükü ilə məşğul olduğunu, keçən il Xəyalın Əhədə xurma tədarük etmək üçün 28000 ədəd xurma qutusu verdiyini, Əhədin isə həmin xurma qutularını onların yəni Şahinin və Atamoğlan adlı şəxsin vasitəsi ilə vətəndaşlara həmin xurma qutularına vətəndaşların xurma yığmaları üçün verdiyini, həmçinin Əhədin Şahinin vasitəsi ilə vətəndaşlara beh də verdiyini, daha sonra Əhədin və onların iştirakı ilə vətəndaşlar həmin xurmaları yığdıqlarını, lakin Xəyal həmin malı götürmədiyini, belə olduqda vətəndaşların xurmaları başqalarına satdıqlarını və qutuları onlara qaytarmadıqlarını, həmçinin qardaşı tərəfindən vətəndaşlara verilən behlərin də batdığını, daha sonra Xəyalın Əhəddən xurma qutularını geri tələb etdiyini, Əhədin isə ona xurma qutularında əlavə verdikləri behin də batdığını bildirdiyini, lakin Əhədin Xəyala onun pulunu işləyib qaytaracağını, qardaşı ilə konkret olaraq Xəyalla aralarında pul söhbəti və alış veriş olmasa da Əhəd vasitəsi ilə həmin işdə iştirak etdiklərini, xx.xx.2020-ci il tarixdə Əhədin qardaşına zəng edərək Natiqin kafesi hansı tərəfdə olduğunu, həmin kafedə Xəyalın onu gözlədiyini bildirdiyini, həmçinin Şahinə də ora gəlməsini, Xəyala birlikdə başa səlmalarını bildirdiyini, ona görə zərərə düşdüklərini, bir az işləyib onun pulunu qataracaqlarını demək üçün ora gəlməyini bildirdiyini, Şahinin Natiqin kafesinin yerini Əhədə başa saldığını, daha sonra özləri də Natiqin kafesinə getdiklərini, Şahinin Xəyaldan onlara hansısa formada kömək etməyini demək üçün ora getdiyini, çünki Xəyalın malı götürmədiyi üçün onlara da ziyanlıq dəydiyini, Natiqin kafesinə gedib çatan zaman Xəyalgilin olduğu otağa yaxınlaşdıqlarını və orada səs-küy olduğunu, Əhədlə Xəyalın arasında bərk mübahisə olduğunu eşitdiklərini, çöldən Əhədin Xəyala onu buraxmasını, çölə çıxmaq istədiyini bildirdiyini eşitdklərini, lakin Xəyal onu buraxmadığını, içəridə dava baş verməməsi üçün içəri girmək istədiklərini, içəri girmək istəyən zaman qapını yarıya qədər açdıqlarını, bu zaman Xəyalın içəridən qapını üzlərinə çırpdığını və üzərilərinə qışqıra-qışqıra, “siz kimsiniz içəri girisiniz, içəri girəndə icazə almalısınız və çıxın .......! çölə” deyərək söyüş söydüyünü, qardaşı Şahinin Əhədin orada tək olduğunu onların isə 5 nəfər olduğunu görüb içəri girmək istədiyini və Şahin içəri girdikdən sonra özü də onun axası ilə içəri girdiyini, həmin vaxt Xəyalla Şahinin arasında qısa mübahisə olduğunu, Xəyala bura dava-dalaş üçün yox söhbət etmək üçün gəldiklərini başa salmaq istədiklərini, Xəyalın isə onlarla söhbəti olmadığını və çölə çıxmalarını bildirdiyini, buna görə Xəyalla aralarında qısa mübahisə olduğunu, həmin zaman orada olan şəxslərin onların aralarına girdiyini və onları çölə çıxardıqlarını, çölə çxıdıqdan sonra Xəyalın onlara qarşı kobudluq etdiyini, səs küy salaraq onlara qarşı söyüş söydüyünü və onları hədələdiyini, həmçinin onlara “Sizi öldürüb qanınızı batıraram” və s. kimi sözlər dediyini, belə olub aralarında çöldə mübahisə bir neçə dəqiqə davam etdiyini, lakin həmin vaxt biri birindən 5-10 metr aralıda olduqlarını, çünki həmin zaman aralarında Xəyalın yanında olan işçilərinin və kafenin sahibi Natiqin olduğunu, hadisə zamanı orada özü, qardaşı Şahin, Əhəd, Xəyal, Xəyalın yanıda olan işçiləri Fərid, Ehtibar, Ehtibarın oğlu Siyah, Elmir və kafe sahibi Natiqin olduğunu, Xəyal və Fəridin yalan dediyini, həmin vaxt əlində bıçaq olmadığını, heç kimə bıçaq çıxarmadığını, aralarında yalnız sözlə mübahisə olduğunu, heç bir dava dalaş olmadığını, Xəyalla tutaşmadığını, əlbəyaxa olmadıqlarını, Əhədin də Xəyala kəllə vurmadığını, kafedə heç nəyi dağıtmadıqlarını və kefeyə ziyanlıq vurmadıqlarını, hadisədən sonra Xəyalla Şahinin aralarında telefon danışığı olduğunu, lakin əvvəlcədən gəlişlərinin məqsədinin Xəyaldan kömək istəməkləri olduğu üçün və arada anlaşılmazlıq olduğu üçün Xəyala gəlişinin məqsədi onunla mübahisə etmək yox, onunla dost olmaq olduğunu bildirdiyini, Xəyala görüşməyi aralarında dostluq münasibətləri yaratmaq üçün onunla görüşmək istədiyini, hadisənin təxminən 5 dəqiqə çəkdiyini, hadisə zamanı elə bir səs küy olmadığı üçün ora heç kimin gəlmədiyini, Xəyalın onları vurub xəsarət yetirmədiyini, onun da Xəyala hər hansı xəsarət yetirmədiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında dostu Fəridin Ağdaş rayonu ərazisində xurma tədarükü ilə məşğul olduğunu, özü də ona komək etdiyini, təxminən bir ay olar ki, Ağdaş rayonunda olduqlarını, xx.xx.2020-ci il tarixdə saat təxminən 13 radələrində Ağdaş rayonu Dördyol ərazisində Natiq adlı şəxsin kafesində oturub çörək yediklərini, həmin vaxt orada özü, dostu Fərid, Ehtibar adlı dostu, Ehtibarın oğlu Siyah və Elvin olduğunu, oturub çay içdiklərini və Əhəd adlı dostlarını gözlədiklərini, Əhəd adlı şəxslə Fəridin arasında pul söhbəti olduğunu, Əhəd gələndən sonra bu söhbəti etməyə başladıqlarını, bu zaman kafedə oturduqları yerə Elşən və Şahin Şirinov adlı Ağdaş rayon Ağcayazı kənd sakilərinin gəldiklərini, onlarla heç bir salam-kəlam ünsiyyətlərinin və münasibətlərinin olmadığını, Elşən və Şahinin içəri girən kimi Elşən cibindən bıçaq çıxardığını və onun üzərinə hücum etdiyini, lakin əlinin harasa dəydiyini və bıçağın yerə düşdüyünü, daha sonra Elşənin əyilib bıçağı götürmək istədiyini, Elşən bıçağı çıxarıb onları vurmaması üçün həmin vaxt dostu Ehtibar və Elvin adlı şəxslərin araya girdiklərini, bundan sonra Elşən, Şahin və Əhədin onların üzərinə hücum etdiklərini, lakin ortalığa girən şəxslərin Elvin və Ehtibar, həmçinin həmin vaxt oraya gələn Natiq adlı kafe sahibi onları vurmasına imkan vermədiklərini, mübahisə edə edə çölə çıxdıqlarını, daha sonra kafenin həyətində Elşən və Şahinin bir az səs-küy saldıqlarını və onları hədlədiklərini, onlara qarşı nalayiq söyüşlər söydüklərini, lakin həmin vaxt orada olan şəxslərin Elşəni və Şahini onlara xəsarət yetirməyə qoymadıqlarını, yalnız Əhədin fürsət tapıb onun sifətindən kəllə ilə vurduğunu, bir də Elşənin onun qolundan tutub burduğunu və onun sağ qoluna xəsarət yetirdiyini, həmçinin Elşən, Şahin və Əhədin kafedə olan stolu dağıtdıqlarını və kafeyə də zərər vurduqlarını, bundan sonra orada olan şəxslərin Elşən və Şahin adlı şəxsləri araladıqlarını, ərizə vermək üçün RPŞ-nə gəldiklərini, hadisənin baş verməsinə heç bir səbəb olmadığını, Elşən və Şahinlə heç bir ünsiyyətlərini və münasibətlərinin olmadığını, Elşənin və Şahinin onlara hücum etməsinin heç bir səbəbini tapa bilmədiyini, lakin Əhədin Xəyala borcu olduğunu, Əhədin Elşən və Şahinlə birlikdə onları qorxutmaq və onlara olan borcunu sildirmək istədiyini fikirləşdiyini, Elşənin əlində olan bıçağın onun özündə qaldığını, Elşənin sonradan həmin bıçağı yerdən götürdüyünü, Elşənin əlində olan bıçağın gümüşü rəngli dəmir bıçaq olduğunu, həmin bıçağın tiyəsinin təxminən 8-10 sm olduğunu, Elşənin bıçaqla heç kimə zərər vura bilmədiyini, bıçağın onun əlindən yerə düşdüyünü, hadisənin təxminən 25-30 dəqiqə çəkdiyini, həmin vaxt orada özü , dostu Fərid, Elvin, Ehtibarın oğlu Siyah, Natiq, Elşən və Şahin qardaşlarının və Əhədin olduğunu, hadisədən sonra Şahin adlı şəxsin ona zəng edib onunla görüşmək və haqq hesabı çürütmək istədiyini, ona hədə qorxu gəldiyini, Elşən və Şahini əvələr tanımadığını, onları Əhədin ora çağırmasından xəbəri olmadığını, bunu bilmədiyini, Elşənə və Şahinə Əhədlə arasında olan söhbətə qarşışmamaları üçün otağa girməmələrini istədiyini, Əhədin ona borcu olduğunun doğru olduğunu, onun üçün yığdıqları malı götürməməyi düzgün olmadığını, Əhədə yeşik verdiyini, geri qaytarmadığını, Əhədin onu kəllə ilə vuraraq xəsarət yetirdiyini, Elşənin isə onun qolunu buraraq ona xəsarət yetirdiyini, Şahin və Elşəni bir söhbəti olmadığını, onun söhbətinin Əhədlə olduğunu, Əhədlə söhbət edən zaman Elən və Şahin qapını təpiklə açıb içəri girdiklərini və Elşənin cibindən bıçaq çıxardığını, Elşənin və Abduləhədin yalan danışdıqlarını, onların hər ikisinin onu döyüb xəsarətləndirdiklərini, onlarla barışmadığını, şikayətçi olduqlarını bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə olunmuş MTE və PA Birliyinin Ağdaş rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 726 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - sağ bazunun orta 3/1-nin iç səthinin, üst dodağın diş səthinin, sağ baldırın orta 1/3-nin ön səthinin qançırları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğində cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin izahatı, həmçinin tərtib edilmiş inzibati xəta haqında protokol, protokola əlavə edilmiş sənədlərl və ekspert rəyi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, Şəxs zərərçəkmiş şəxslə barışmamasını nəzərə alaraq barəsində inzinati tənbeh növü olaraq on beş gün müddətə inzibati həbs tətbiq edilməsini müvafiq hesab edirəm, inzibati həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 11:20-dən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1991-ci ildə Ağdaş rayonu, Ağcayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib on beş gün müddətinə həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 11:20-dən hesablansın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar