Məhkəmə qərarları › İş №3(014)-499/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-499/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-499/2023 11.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu mal bazarında Ağdaş rayonu, Şəkili kənd sakini Zərərçəkmiş şəxs 02 ədəd 100 manatlıq suvenir pulu verib 01 baş ev heyvanını (qoyun) aldadaraq almışdır. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X1 22 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Ağdaş rayonu, Şəkili kənd sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 Xidməti-Zəng mərkəzi sisteminə müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu mal bazarında Ağdaş rayonu, Şəkili kənd sakini Zərərçəkmiş şəxs bir baş xırda buynuzlu (qoyun) alaraq ona əvəzində iki ədəd üzərinə etibarsız sözü yazılmış yüz manatlıq suvenir pulu ona verərək oradan getmişdir. Əməlindən peşmandır. Ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 03:30 radələrində Ağdaş rayon mal bazarında özünə məxsus bir baş quzu satarkən bir nəfər şəxs ona yaxınlaşaraq quzunun qiymətini soruşmuş, o, da quzunu 200 manata satmağını söyləmiş, həmin şəxs də, daha sonra ona 2 ədəd 100 manatlıq pul əskinası vermiş və çıxıb getmişdir. O, həmin vaxt pula fikir verməmiş, evə getdikdən sonra pulu evinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində həmin 200 manat pulu götürmüş və Ağdaş şəhərində yerləşən “Al” marketə bazarlıq etmək üçün gedərək marketdə bazarlıq etdikdən sonra Ağdaş mal bazarında satdığı bir baş quzuya görə ona verilmiş 02 ədəd 100 manatlıq pul əskinaslarını ödəniş kimi marketə verən zaman orada ona həmin 2 ədəd 100 manatlıq pul əskinaslarının saxta olması bildirilmişdir. Daha sonra isə həmin 02 ədəd pul əskinaslarına diqqətlə baxarkən onların suvenir pullar olduğunu və üzərlərinə “etibarsızdır” sözlərinin yazıldığını görmüş, həmin vaxt xx.xx.2023-cü il tarixdə Ağdaş mal bazarında özünə məxsus quzunu satarkən quzunu alan şəxs tərəfindən aldadıldığını başa düşmüş və 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hazırda Şəxs şikayətçidir və ciddi qaydada tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu mal bazarında Ağdaş rayonu, Şəkili kənd sakini Zərərçəkmiş şəxs 02 ədəd suvenir pul 200 manat pul verib 01 baş ev heyvanını (qoyun) aldadaraq almışdır. Hadisə araşdırılaraq cinayət işinin başlanması rədd olunmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlaməti olduğundan onlun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən, saat 17:10-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar