Məhkəmə qərarları › İş №3(014)-50/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-50/2022

02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-50/2022 02.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Ağdaş rayonunun Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 17.01.2022-ci il tarixdə saat 22:50 radələrində Ağdaş rayonunun Yuxarı Ləki kəndində yerləşən kafedə qumar oyununda iştirak etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 17.01.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, Ağdaş rayonunun Yenicə kəndində ailəsi ilə birlikdə yaşayır. 17.01.2022-ci il tarixdə saat 22:50 radələrində Ağdaş rayonunun Yuxarı Ləki kəndində yerləşən kafedə Ağdaş rayon Yuxarı Ləki kənd sakinləri Hacıyev Əhəd, Abdullayev Cavid və Kərimov Cavid ilə birlikdə 1 (bir) manatdan domino daşı vasitəsi ilə qumar oynamışlar. Təxminən 20 dəqiqə oynadıqdan sonra polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib əməllərinin qanuna zid olduğunu izah etmişlər. Bundan sonra polis əməkdaşları onları Ağdaş rayon Polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında bildirdi ki, 17.01.2022-ci il tarixdə saat 22:50 radələrində xidmətdə olan zaman Ağdaş rayonunun Yuxarı Ləki kəndində yerləşən kafedə 4 nəfər şəxsin qumar oynamaları barədə məlumat daxil olmuşdur. Həmin kafeyə yaxınlaşaraq içərisinə daxil olan zaman 4 nəfər şəxsin qumar oynamaları aşkar olunmuşdur. Həmin şəxslərin Ağdaş rayon Yuxarı Ləki kənd sakinləri X6, X3, X2 və Ağdaş rayon Yenicə kənd sakini Şəxs olduqları məlum olmuşdur. Həmin şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İzahatları alınması üçün onlar Ağdaş rayon Polis şöbəsinə dəvət olunmuşlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 17.01.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. İnzibati Xətalar Məcəlləsinin 115.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinsin, iş üzrə maddi sübut olan Ağdaş Rayon Məhkəməsinin dəftərxanasında saxlanılan 32 manat pul müsadirə edilməklə ona 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə maddi sübut 28 ədəd domino oyununun daşları məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar