Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-50/2024 19.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Ağdaş Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X5, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Ağdaş rayonu, Orta Qəsil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, hazırda fəhlə işləyən, Ağdaş rayonunun Orta Qəsil kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 6 iyun 2023-cü il tarixdə Ağdaş rayonu, Qülbəndə kəndində Zərərçəkmiş şəxs2 məxsus mal tövləsini, 22 iyul 2023-cü il tarixdə Ağdaş rayonu, Orta Qəsil kəndində Zərərçəkmiş şəxs1 məxsus mal tövləsini və 27 oktyabr 2023-cü il tarixdə Ağdaş rayonu, Orta Qəsil kəndində Zərərçəkmiş şəxs3 məxsus 200 ədəd ot kipini qəsdən yandırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə Şəxs barəsində 11 dekabr 2023-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilməyərək göstərdi ki, qeyd edilən yanğın hadisələrini o, törətməmişdir. Bu hadisələrlə əlaqədar olaraq onu Polis şöbəsinə çağırmışlar və izahatını almışlar. Polis şöbəsində ondan yanğın hadisələri olanda harada olduğunu soruşmuşlar, o, da müxtəlif yerlərdə olduğunu bildirmişdir. Sonradan Polis şöbəsində ona zor tətbiq etdiklərinə görə 6 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus mal tövləsini, 22 iyul 2013-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus mal tövləsini və 27 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 məxsus 200 ədəd ot kipini yandırdığını etiraf etmişdir. Lakin həmin hadisələrin heç birini o, törətməmişdir. Belə ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 onun həmkəndliləridir, Zərərçəkmiş şəxs3 eyni zamanda onun qonşusudur, Zərərçəkmiş şəxs2 isə dəfələrlə evində işləmişdir. Zərərçəkmiş şəxs2 mal tövləsi yananda o, kafedə olmuşdur və hətta orada ona kafeni işlədən Əfqan qulluq etmişdir. Bunu kafeni işlədən Əfqan özü də təsdiq edə bilər. Zərərçəkmiş şəxs3 ot kipləri yananda o, küçənin başında, Zərərçəkmiş şəxs1 mal tövləsi yananda isə orada olmuş və onun heyvanlarını tövlədən çıxarmağa kömək etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sualları cavablandıraraq bildirdi ki, o, polisdən çıxdıqdan sonra zərərçəkmiş şəxslərin evlərinə gedib polis şöbəsində onu döyüb bu hadisələri boynuna qoymaları və bu hadisələri özünün törətmədiyi barədə məlumat verə bilərdi, lakin bunu etməmişdir. O, polisdə izahat verib çıxdıqdan sonra evinə getmişdir. O, döyülməsi barədə heç bir orqana nə yazılı, nə də şifahi məlumat verməmişdir. Tez-tez spirtli içkilər qəbul edir, sərxoş olur, lakin bu o demək deyil ki, qeyd edilən yanğın hadisələrini o, törədib. O, siqaret də çəkir. Həmin gün Polis şöbəsinə bir neçə nəfər gətirmişdilər, lakin necə oldusa onları buraxdılar, bütün hadisələri onun üzərində qaldı. Yəqin ki, yanğın hadisələrinin hamısı onun yaşadığı küçədə olduğuna görə elə fikirləşirlər ki, bu yanğınları o, törətmişdir. Qeyd olunanların nəzərə alınaraq məhkəmədən bağışlanmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 verdiyi izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə heç bir ədavəti, düşmənçiliyi yoxdur. 27 oktyabr 2023-cü il tarixdə saat təxminən 22:30 radələrində o, şəhərin məhkəzində futbol izləyərkən, evdən zəng vurub Ağdaş rayonu Orta Qəsil kəndində özünə məxsus həyətyanı ərazidə yığılmış ot kiplərinin yandığını bildirmişlər, o, dərhal evlərinə gəlmiş və yanğınsöndürənlərə məlumat vermişdir. Yanğınsöndürənlər gəlib ot kiplərinin yanan hissəsini söndürmüş, yanğının güclənməsinin qarşısını almışlar. Ot kiplərinin yığıldığı yerin yaxınlığından heç bir elektrik xətti və ya qaz xətti keçmir. Buna görə də ot kiplərini kiminsə qəsdən yandırdığını fikirləşib hadisə barədə Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, həmin yanğını törədən həmkəndlisi və qonşusu Şəxs olmuşdur. Bu hadisə nəticəsində onun 200 ədəd ot kipi yanmış və ona 800 manat məbləğində ziyan dəymişdir. Dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 sualları cavablandıraraq bildirdi ki, həmin ərəfələrdə onların kəndində və qonşu kənddə 8 yanğın hadisəsi baş vermişdir, yəni 8 nəfərin mal damları, ot kipləri, hətta 1 nəfərin evi yandırılmışdır. Bundan sonra 60 nəfərə yaxın kənd sakini toplanıb Ağdaş rayon Polis Şöbəsinə gələrək, hadisənin ciddi araşdırılmasını tələb etmişlər. Onlar öz evlərində yata bilmirlər, gecə-gündüz kiminsə onların evini yandırmaması üçün keşik çəkirlər. Rəmiş bu yanğın hadisələrini törətdiyini özü polis şəbəsində etiraf etmişdir. Əgər polis əməkdaşları hazırki hadisəni Rəmişin dediyi kimi döyüb onun boynuna qoymuşdularsa Rəmiş polisdən çıxan kimi ona yaxınlaşıb hadisəni törətmədiyini, məcbur qalıb boynuna aldığını deyə bilərdi, çünki o, Rəmişlə qapıbir qonşudur. Əlavə olaraq Rəmiş polis əməkdaşlarına izahat verib çıxdıqdan dərhal sonra onlar Rəmişi görmüşlər, həmin vaxt Rəmişin vəziyyəti indiki kimi olmuş, bədənində və ya üzündə hər hənsı bir xəsarət və ya xəsarət izləri olmamışdır, o, döyülən adama bənzəməmişdir. Rəmişin bir neçə dəfə içkili olduğunu görmüşdür, Rəmiş Polisdə də içkili olub həmin hadisələri törətdiyini bildirmişdir. Bu qərarın nəticəsini kənd camaatı gözləyir, bu işə ciddi baxıb, qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 verdiyi izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə heç bir ədavəti, düşmənçiliyi yoxdur. 13 dekabr 2023-cü il tarixdə saat 04 radələrində Ağdaş rayonu, Orta Qəsil kəndində yaşadığı evin həyətində yerləşən ona məxsus mal tövləsində yanğın hadisəsi baş vermişdir. Belə ki, yanğın baş verən zaman o, ailəsi birlikdə evdə yatmış, yuxudan oyanıb həyətə düşdükdə özünə məxsus tövlənin yandığını görmüş, tez tövlədə olan heyvanları çıxarmış və sonra da tövləni söndürməyə çalışmışdır. Sonra yanğınsöndürənlər gəlib tövləni söndürüb, yanğının güclənməsinin qarşısını almışlar. Onun həyətindəki tövlənin yaxınlığından heç bir elektrik xətti və ya qaz xətti keçmir. Buna görə də tövləni kiminsə yandırdığını fikirləşib hadisə barədə Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, həmin yanğını törədən həmkəndlisi və qonşusu Şəxs olmuşdur. Bu hadisə nəticəsində onun həyətində olan tövlənin çardaq hissəsinin 6 kv/metr hissəsi və çardağa yığılmış 70 ədəd yonca kipi yanaraq yararsız hala düşmüşdür. Bu hadisə nəticəsində ona 600 manat məbləğində ziyan hesblanmış, lakin o, həmin ziyanla razılaşmır, yanğın vaxtı tövlədə inəyin balası olub və həmin bala boğularaq tələf olmuşdur. Ona əslində 2000 manata yaxın ziyan dəymişdir. Əgər yanğın bir az gec söndürülsə idi, onun evi ailə üzvləri ilə birlikdə kül olacaqdı. Dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 sualları cavablandıraraq bildirdi ki, o, Şəxs ilə birlikdə alver etmişdir. Həmin vaxtlar Şəxs həm içki içmiş, həm də siqaret çəkmişdir. Kənddə sonuncu ev yanandan sonra bilmişlər ki, bu yanğınları törədən Şəxs olmuş və içkili olduğundan özünü bilməyib həmin hadisələri törətmişdir. Həmin ərəfələrdə onların kəndində və qonşu kənddə 8 yanğın hadisəsi baş vermişdir, yəni 8 nəfərin mal damları, ot kipləri, hətta 1 nəfərin evi yandırılmışdır. Bundan sonra 60 nəfərə yaxın kənd sakini toplanıb Ağdaş rayon Polis Şöbəsinə gələrək, hadisənin ciddi araşdırılmasını tələb etmişlər. Onlar öz evlərində yata bilmirlər, gecə-gündüz kiminsə onların evini yandırmaması üçün keşik çəkirlər. Rəmiş bu yanğın hadisələrini törətdiyini özü polis şəbəsində etiraf etmişdir. Yasinin də dediyi kimi əgər polis əməkdaşları hazırki hadisəni Rəmişin dediyi kimi döyüb onun boynuna qoymuşdularsa Rəmiş polisdən çıxan kimi ona yaxınlaşıb hadisəni törətmədiyini, məcbur qalıb boynuna aldığını deyə bilərdi, çünki Rəmiş onu tanıyır. Rəmiş polis əməkdaşlarına izahat verib çıxdıqdan dərhal sonra onlar Rəmişi görmüşlər, həmin vaxt Rəmişin vəziyyəti indiki kimi olmuş, bədənində və ya üzündə hər hənsı bir xəsarət və ya xəsarət izləri olmamışdır, o, heç döyülən adama bənzəməmişdir. Həqiqətən də bu qərarın nəticəsini kənd camaatı gözləyir, bu işlə bağlı ciddi qərar qəbul edilməsini xahiş edir, həmçinin o, həmin maddənin sanksiyasında olan tənbehlə də razılaşmır, bu hadisələr nəticəsində onlara həm maddi, həm də mənəvi ziyan dəymişdir. Yaşlı atasının qorxudan səhhətində problemlər yaranmışdır. Təqsirli olan şəxs həbs olunmalıdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 verdiyi izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə heç bir ədavəti, düşmənçiliyi yoxdur. 06 iyun 2023-cü il tarixdə Ağdaş rayonu, Orta Qəsil kəndində yaşadığı evdə olduğu vaxt arvadının qışqıraraq evinin həyətində yerləşən ona məxsus mal tövləsinin yandığını dediyini eşitmiş, bundan sonra dərhal həyətə qaçıb tövlədəki heyvanları çölə çıxarmışdır. Bu zaman səsə qonşular gəlmiş və hamı yanğını söndürməyə çalışmışdır. Sonra yanğın barədə 101 xidmətinə zəng etmiş və yanğınsöndürənlər gəlib yanğını söndürmüşlər. Baş vermiş yanğının kiminsə tərəfindən qəsdən törədildiyini fikirləşdiyi üçün hadisə barədə Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, həmin yanğını törədən qonşu kənddə yaşayan Şəxs olmuşdur. Bu hadisə nəticəsində xəsarət alan olmasa da, ona 3000 manat məbləğində ziyan dəymişdir. Lakin ziyan 2030 manat məbləğdə dəyərləndirilmişdir. Dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 sualları cavablandıraraq bildirdi ki, yanğın 8 nəfərin həyətində olub, lakin şikayət edən yalnız onlar olmuşlar, qeyriləri şikayət etməmişlər. O, Rəmişi pis uşaq kimi tanımamışdır. Onun bir neçə dəfə sərxoş olduğunu, siqaret çəkdiyini görmüşdür. O, da digər zərərçəkənlər kimi fikirləşir, Rəmişin təqsiri olmasa idi ona yaxınlaşıb üzr istəyə bilərdi. Bugünədək nə Rəmiş, nə də ailə üzvləri onlara yaxınlaşıb, üzr istəməmişlər və ya bu hadisənin Rəmiş tərəfindən törədilməməsi barədə heç bir söz deməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X7 bildirdi ki, Şəxs 06 iyun 2023-cü il tarixdə Ağdaş rayonu, Qülbəndə kəndində Zərərçəkmiş şəxs2 məxsus mal tövləsini, 22 iyul 2023cü il tarixdə Ağdaş rayonu, Orta Qəsil kəndində Zərərçəkmiş şəxs1 məxsus mal tövləsini və 27 oktyabr 2023-cü il tarixdə Ağdaş rayonu, Orta Qəsil kəndində Zərərçəkmiş şəxs3 məxsus 200 ədəd ot kipini qəsdən yandırmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 şikayət ərizələri əsasında araşdırma aparılmış və şikayət ərizələri əsasında toplanmış materiallarda cinayət tərkibi olmadığından toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarların surətləri qeyd olunan yanğın hadisələrini törətmiş şəxs və ya şəxslərin müəyyən edilib barəsində (barələrində) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon Polis şöbəsinin İTB-nə göndərilmişdir. Həmin qərarlar əsasında inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında tərəfindən qərardadlar qəbul edilmiş və araşdırma aparılmağa başlanmışdır. Buna görə inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilmişdir. Həmin yanğın hadisələrini törədən şəxsin Şəxs olması müəyyən edilmiş, inzibati xəta haqqında iş üzrə icraat təzələnmiş və Şəxs barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında şahid Ağdaş Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X1 cavablandıraraq bildirdi ki, o, Şəxs və onun ailəsini tanıyır, belə ki, o, həmin ərazinin sahə rəisidir. O, öz xidməti otağında Şəxs izahatını almış və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə özünü təqsirli bildiyini bildirmiş, hadisələri necə törətdiyini təfərrüatı ilə danışmış, bu hadisələri sərxoş vəziyyətdə törətdiyini bildirmişdir. Həmin vaxt Şəxs sərxoş olmamış, ona heç bir hədə-qorxu gəlinməmiş, heç kim tərəfindən döyülməmişdir. Şəxs izahatını alarkən polislər tərəfindən döyülməsi barədə ona heç bir məlumat verməmişdir. Həmçinin onun bədənində hər hansı xəsarət izləri olmamışdır. Məhkəmə iclasında şahid X6 verdiyi izahatında bildirdi ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsləri tanıyır, onlarla heç bir ədavəti, düşmənçiliyi yoxdur. O, kənddə mağaza və çayxana işlədir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yayda ot daşıyır, axşam çayxanaya gələrək pivə və balıq alıb yeyib-içir. Rizvanın mal tövləsi yanarkən o, da hadisə yerinə getmişdir. Şəxs Zərərçəkmiş şəxs2 mal tövləsi yanan gün kafedə olmamışdır. Əgər Şəxs həmin gün kafeyə gəlmiş olsaydı o, Rəmişi mütləq görərdi. Rəmiş yalan deyir o, daim mağazanı işlədir. Çayxanada müştərilərə qulluq etmək üçün onun işçisi var. İkramın mal tövləsi, Yasinin ot kipləri yanarkən orada olmamışdır. İşin materiallarında olan 07 iyul 2023-cü il tarixli, ƏQ-77/2023 saylı "xxxx" MMC-nin rəyindən görünür ki, Ağdaş rayonu, Qulbəndə kənd ərazisində yerləşən tövlənin 30 kv.m sahədə yanıb məhv olmuş hissəsinin bərpası üçün çəkiləcək xərcin və 2 ton otun yanması nəticəsində dəymiş ziyanın ümumilikdə orta bazar qiyməti 2100 (iki min yüz) manat dəyərində olmuşdur. İşin materiallarında olan 14 sentyabr 2023-cü il tarixli, ƏQ-78/2023 saylı "xxxx" MMC-nin rəyindən görünür ki, Ağdaş rayonunda 06 iyul 2023-cü il tarixinə Ağdaş rayonu, Orta Qəsil kəndində həyətyanı sahədə çardağa yığılmış 70 ədəd yonca kipinin yanaraq yararsız hala düşdüyündən 70 ədəd yonca kipinin orta bazar qiyməti 560 (beş yüz altmış) manat dəyərində olmuşdur. İşin materiallarında olan 11 noyabr 2023-cü il tarixli, ƏQ-79/2023 saylı "xxxx" MMCnin rəyindən görünür ki, Ağdaş rayonunda 10 noyabr 2023-cü il tarixinə Ağdaş rayonu, Orta Qəsil kəndində həyətyanı sahədə çardağa yığılmış 200 ədəd ot kipinin yanaraq yararsız hala düşdüyündən 200 ədəd ot kipinin orta bazar qiyməti 800 (səkkiz yüz) manat dəyərində olmuşdur. İşin materiallarında olan 10 iyul 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası FHN X9 Xidmətinin X4 Yanğın Nəzarəti idarəsindən daxil olmuş müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Azərbaycan Respublikası FHN X9 Xidmətinin X4 Yanğın Nəzarəti İdarəsinə göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, qərarın surətinin Zərərçəkmiş şəxs2 məxsus tövləni yandıran naməlum şəxs və ya şəxslərin gələcəkdə tapılaraq barəs(lər)ində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İşin materiallarında olan 11 iyul 2023-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında qərardaddan görünür ki, Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Vüsal Əzənmədovun qərarı əsasında inzibati iş üzrə icraatın başlanılması qərara alınmışdır. İşin materiallarında olan 22 sentyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Ağdaş rayonu, Orta Qəsil kənd sakini Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Ağdaş rayonu, Orta Qəsil kənd sakini Zərərçəkmiş şəxs1 məxsus yaşadığı evin həyətyanı sahəsində yerləşən mal tövləsində yanğın hadisəsini törətmiş şəxs və ya şəxslərin müəyyən edilib barələrində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İşin materiallarında olan 23 sentyabr 2023-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında qərardaddan görünür ki, Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Xəyyam Mehtiyevin qərarı əsasında inzibati iş üzrə icraatın başlanılması qərara alınmışdır. İşin materiallarında olan 19 noyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Ağdaş rayonu, Orta Qəsil kənd sakini Zərərçəkmiş şəxs3 şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Ağdaş rayonu, Orta Qəsil kənd sakini Zərərçəkmiş şəxs3 məxsus yaşadığı evin həyətyanı sahəsində yerləşən ot tayasında yanğın hadisəsini törətmiş şəxs və ya şəxslərin müəyyən edilib barələrində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İşin materiallarında olan 23 noyabr 2023-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında qərardaddan görünür ki, Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Xəyyam Mehtiyevin qərarı əsasında inzibati iş üzrə icraatın başlanılması qərara alınmışdır. İşin materiallarında olan 11 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, AR İXM-nin 232- 1-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat İXM-nin 104.1.3-cü maddəsinə əsasən dayandırılması qərara alınmışdır. İşin materiallarında olan 23 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, AR İXM-nin 232-1-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat İXM-nin 104.1.3-cü maddəsinə əsasən dayandırılması qərara alınmışdır. İşin materiallarında olan 25 avqust 2023-cü il tarixli inzibati xəta hqqqında iş üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsi haqqında qərardan görünür ki, 11 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsi qərara alınmışdır. İşin materiallarında olan 30 avqust 2023-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi haqqında qərardaddan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus mal tövləsini yandırmış naməlum şəxs və ya şəxslərin müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi üzrə toplanmış inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İşin materiallarında olan 11 dekabr 2023-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi haqqında qərardadlardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus mal tövləsini yandırmış şəxsin Ağdaş rayonu, Orta Qəsil kəndində qeydiyyatda olan, xx.xx.2000-ci il təvəllüdlü Şəxs olması müəyyən olunduğu üçün inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İşin materiallarında olan 11 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsi haqqında qərardan görünür ki, 11 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsi qərara alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti X4 Yanğın Nəzarəti İdarəsi tərəfindən verilmiş 03 oktyabr 2023-cü il tarixli, 3-18- 74/2-2535/2023 saylı məktubun surətindən görünür ki, 26 oktyabr 2023-cü il tarixdə Ağdaş rayonu, Orta Qəsil kənd sakini Zərərçəkmiş şəxs3 məxsus həyətyanı sahədə yerləşən ot tayasında yanğın hadisəsi baş vermişdir. Ağdaş rayon DYMH-nin verdiyi məktuba və Zərərçəkmiş şəxs3 verdiyi ərizəyə əsasən yanğın hadisəsinin qəsdən törədildiyi ehtimal edildiyindən baş vermiş yanğın hadisəsinin təhqiqat işinin araşdırılması üçün toplanmış material aidiyyəti üzrə Ağdaş rayon Polis şöbəsinə göndərilmişdir. Eyni zamanda həmin məktuba əlavə edilmiş X9 Xidməti tərəfindən tərtib edilmiş 27 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış protokolunun surətindən görünür ki, Ağdaş rayonu, Orta Qəsil kəndində Zərərçəkmiş şəxs3 məxsus həyətyanı əraziyə yığılmış ot tayasına yaxın çəkilmiş və üzərindən keçən elektrik naqili olmadığından, yaxınlığında ocaq izləri aşkar edilmədiyindən yanğının bu səbəbdən baş verməsi güman edilməmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti X4 Yanğın Nəzarəti İdarəsi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli, 3-18-74/2- 1958/2023 saylı məktubun surətindən görünür ki, 06 iyun 2023-cü il tarixdə Ağdaş rayonu, Qülbəndə kəndi ərazisində Zərərçəkmiş şəxs2 məxsus mal tövləsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar ilkin məlumat aidiyyəti üzrə Ağdaş rayon Polis şöbəsinə göndərilmişdir. Eyni zamanda həmin məktuba əlavə edilmiş X9 Xidməti tərəfindən tərtib edilmiş 07 iyun 2023-cü il tarixli hadisə yerinə baxış protokolunun surətindən görünür ki, Ağdaş rayonu, Qülbəndə kəndində Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən mal tövləsinin müayinəsi zamanı ətrafında və yaxınlığında heç bir ocaq izi aşkar edilməmişdir. Yanğının tövlənin arxa tərəfindən baş verdiyi və ətrafa doğru yayıldığı müəyyən edilmişdir. Elektrik xətti mal tövləsinin qarşı tərəfinə çəkildiyindən yanğının bu səbəbdən baş verməsi güman edilməmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti X4 Yanğın Nəzarəti İdarəsinin 15 avqust 2023-cü il tarixli materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərarının surətindən görünür ki, FHN DYNX Şimal-Qərb Regional DYNİ-nin 25 iyul 2023-cü il tarixli X10 əsasən, Ağdaş rayonu, Aşağı Qəsil kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus tövlədə baş vermiş yanğın hadisəsi kənar şəxs və ya şəxslər tərəfindən qəsdən törədilmişdir. Eyni zamanda qərara əlavə edilmiş X9 Xidməti tərəfindən tərtib edilmiş 22 iyul 2023-cü il tarixli hadisə yerinə baxış protokolunun surətindən görünür ki, Ağdaş rayonu, Orta Qəsil kənd ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus mal tövləsində qızdırıcı cihaz olmadığından, yaxınlıqda ocaq izləri aşkar edilmədiyindən, elektrik naqillərində qısa qapanma əlamətləri olmadığından və elektrik naqilləri işlək vəziyyətdə olduğundan bu səbəblərdən yanğının baş verməsi güman edilməmişdir. İşin materiallarında olan 11 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasında yoxlanılmış, yoxlama zamanı Şəxs barəsində 08 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə protokol tərtib olunması müəyyən olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək, heç bir yanğın hadisəsi törətmədiyi barədə məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşır və həmin izahatın özünü müdafiə xarakteri daşımaq məqsədi ilə verilmiş izahat kimi qiymətləndirir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı özünün istintaq zamanı verdiyi izahatı, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə baxışı zamanı verdikləri izahatları və iş materialları ilə təqzib olunur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli olması sübuta yetirildi. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tövsif edilmiş və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 232-1-ci maddəsinin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halların müəyyən edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini, hətta onlarla barışıq əldə etməyə və ya ziyanı ödəməyə cəhd göstərilməməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 232-1-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 5190 (beş min yüz doxsan) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-50/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-50/2024
19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver