Məhkəmə qərarları › İş №3(014)-502/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-502/2023

19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-502/2023 19.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X14 oğlunun katibliyi, Şikayət vermiş şəxs X4, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6, Mütəxəssis – Ağdaş X18 Mərkəzinin bitkiçilik sektorunun aparıcı məsləhətçisi X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 iyul 2023-cü il tarixli MN ******* saylı qərarından X7 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X15 tərəfindən qəbul edilmiş 17 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar əsasında X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək ona 2000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X7 həmin qərardan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, o, Ağdaş rayonu, Şıxlı kəndi ərazisində olan iki ədəd yaş halında qovaq ağaclarının budaqlarını kəsmişdir. Lakin həmin ağacların kök hissəsi yerində qalmış və hal-hazırda da yaş vəziyyətdədir. Belə ki, həmin ağaclara baxış keçirilərsə onun günahsız olduğu məlum olacaqdır. Hesab edir ki, inzibati xəta törətməmişdir. Ümumiyyətlə onun kəsdiyi ağac məhv olmamışdır. Bundan başqa Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən əsassız qərar qəbul edilmiş, qərar qəbul edilərkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun iştrakı təmin edilməmiş və qanunla qorunan hüquqları pozulmuşdur. Buna görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 iyul 2023-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş edir. Şikayət vermiş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 məhkəmə iclasında verdiyi izahatında şikayətində göstərilən halları təsdiq edərək bildirdi ki, vətəndaş Ağdaş rayonu, Şıxlı kəndi ərazisində evinin arxasında olan yaş halında qovaq ağacının evinə ziyan vurması səbəbi ilə budanmasını ondan xahiş etmişdir. O, da vətəndaşdan ağacın onun həyətində olub-olmadığını soruşmuş, vətəndaş ona ağacın olduğu ərazinin əvvəllər Baytarlıq idarəsinə, indi isə ona məxsus olduğunu bildirmişdir. Buna görə də həmin ağacı 3 metr hündürlükdən budamışdır. O, ağacı tamamilə kəsməmiş, yalnız budamışdır. Vətəndaş ona həmin ağacın bələdiyyənin mülkiyyətində olmasını deməmişdir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri gəldikdən sonra ona həmin ağacın vətəndaşın mülkiyyətində olmayan torpaq sahəsində, bələdiyyə ərazisində yerləşdiyini bilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən ona demişlər ki, kəsilmiş ağacın 60 manat cəriməsi var, ödəyəcəksən qurtaracaq, ona görə də inzibati xəta haqqında protokola imza etmişdir. Əgər 3-5 ay gözləmək imkanı olarsa o, həmin ağacın inkişaf etdiyini sübut edəcək. O, ağacın kəsilməsinin qanunsuz olduğunu bilməmişdir. Sağlamlığının bir hissəsini itirmişdir, himayəsində iki azyaşlı uşağı vardır, maddi vəziyyəti ağırdır. Qeyd olunanları nəzərə alaraq şikayətinin təmin edilməsini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş edir. Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 məhkəmə iclasında verdiyi izahatında şikayətə etiraz edərək bildirmişdir ki, X7 heç bir icazə almadan Ağdaş rayonu Şıxlı kəndində evin arxasında olan bir ədəd diametri 43 sm olan qovaq cinsli ağacı evə ziyan vurduğuna görə 3 metr hündürlükdən budayaraq kəsmişdir. X7 müvafiq icra hakimiyyəti orqanın icazəsi olmadan özbaşına olaraq bir ədəd qovaq ağacını kök boğazdan kəsdiyini 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə verdiyi izahatında və hazırda məhkəmə iclasında verdiyi izahatında da səmimi etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə görə meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Buna görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 barəsində onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 05 iyul 2023-cü il tarixdə MN №1762734 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokolun surəti X5 təqdim edilmiş və X7 barəsində tərtib olunmuş protokolla bağlı heç bir etiraz bildirməyərək inzibati xəta haqqında protokolu imzalamışdır. Bundan sonra X7 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X15 tərəfindən qəbul edilmiş 17 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək ona 2000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Odur ki, hesab edirəm ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. Buna görə də şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ağdaş X18 Mərkəzinin mütəxəsisi X1 iştirakı ilə yerində baxış keçirib müəyyən etdi ki, Ağdaş rayonu Şıxlı kəndində evin arxasında olan bir ədəd, diametri 43 sm olan qovaq cinsli ağac evə ziyan vurduğuna görə X7 tərəfindən 3 metr hündürlükdən budanaraq kəsilmişdir. Yerli baxış zamanı inzibati xəta haqqında qərardan şikayət vermiş X7 bildirdi ki, Ağdaş rayonu, Şıxlı kəndini yaşlı sakini həmin kəndin ərazisində evinin arxasında yaş halda olan qovaq ağacını evinə ziyan vurduğuna görə budanmasını ondan xahiş etmiş, o da heç bir maddi maraq güdmədən həmin ağacı 3 metr hündürlükdən kəsmişdir. Qeyd etdi ki, həmin ağac cücərəcək, əvvəlki formasını almasa da, inkişaf edəcəkdir. Yerli baxışda iştirak edən mütəxəsis X3 bələdiyyə mülkiyyətinə məxsus olan torpaq sahəsində kəsilmiş qovaq ağacına baxış keçirərkən ağacda quruma hallarının baş verdiyini və yeni tumurcuqların inkişafı üçün heç bir budaq saxlanılmadığına görə ağacın tamamilə quruyub məhv olacağını müəyyən etdiyini bildirdi. Yerli baxışda iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 bildirdi ki, "Yaşıllıqların mühafizəsi haqqında” 02 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən yaşıllıqların məhv edilməsi dedikdə bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkət başa düşülür. Kəsilən ağacın qabığı qalınlaşaraq bərkimişdir, bu cür kəsilən ağaclarda fotosintez prosesi getmədiyinə görə ağac tamamilə quruyub məhv olur, ola bilsin ki, ağac bir az cücərəcək, ancaq o, heç vaxt əvvəlki görkəmini almayacaq, bu da ki, ağacın məhv edilməsi deməkdir. Məhkəmə tərəfləri dinləyib, hadisə yerinə yerində baxış keçirərək və şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş 05 iyul 2023-cü il tarixdə MN №1762734 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 rayonu Şıxlı kəndində evin arxasında olan 1 ədəd, diametri 43 sm olan qovaq cinsli ağacı kəsdiyinə görə barəsində Azərbaycan Respublikasının İinzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X16 tərəfindən tərtib edilmiş protokolun surətindən görünür ki, həmin protokol X7 tərəfindən imzalanmış, həmin gün yəni 05 iyul 2023-cü il tarixində protokolun surəti ona təqdim edilmiş və X7 protokolu qəbul etməklə heç bir etirazını bildirmədən qeyd edilən inzibati xətanı törətdiyini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş X7 tərəfindən məhkəməyə təqdim edilmiş müraciətdən və fotoşəkillərdən görünür ki, o, Ağdaş rayonu Şıxlı kəndində evin arxasında olan bir ədəd diametri 43 sm olan qovaq cinsli ağacı evə ziyan vurduğuna görə 3 metr hündürlükdən budayaraq kəsmiş, eyni zamanda həmin faktı etdiyi müraciətində də etiraf etmiş, kəsdiyi ağacın qurumadığını və inkişafda olduğunu qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş X4 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X12 verdiyi izahatın surətindən görünür ki, o, izahatında Ağdaş rayonu Şıxlı kəndində evin arxasında olan bir ədəd diametri 43 sm olan qovaq cinsli ağacı evə ziyan vurduğuna görə 3 metr hündürlükdən budayaraq kəsdiyini və bunun qanunsuz olduğunu bilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş Ağdaş rayonu Mürsəl bələdiyyəsinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etdiyi 05 iyul 2023cü il tarixli 125 nömrəli arayışın surətindən görünür ki, Şıxlı kəndində kəsilmiş bir ədəd qovaq ağacının yerləşdiyi ərazi bələdiyyə mülkiyyətinə aiddir və ağacın kəsilməsi ilə bağlı bələdiyyəyə heç bir yazılı və ya şifahi müraciət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş X19 X9 meşəbəylikləri üzrə meşə əkin mühəndisi Elnur Nəsirovun 05 iyul 2023-cü il tarixli rəyinin surətindən görünür ki, Ağdaş rayon Şıxlı bələdiyyəsinin mülkiyyətində olan ərazidə olan 43 sm diametrində kəsilmiş qovaq ağacı kök üstə yaş haldadır. İş materiallarında olan yerli baxışda iştirak etmiş Ağdaş X18 Mərkəzinin mütəxəssisi X1 verdiyi rəydən görünür ki, Ağdaş rayon Şıxlı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində kəsilmiş qovaq ağacına baxış keçirərkən ağacda quruma hallarının baş verdiyini və ağacın gövdəsi qalın olduğu üçün yeni pöhrələr versə belə əvvəlki çətir formasını ala bilməsinin mümkün olmayacağını, ağacın yeni budaqlarının inkişaf edə bilməməsini nəzərə alaraq həmin ağacın məhv olmasını müəyyən etmişdir. Beləliklə, şikayətçi X7 müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan özbaşına olaraq bir ədəd qovaq ağacını kök boğazdan kəsdiyini və protokola imza etdiyini öz izahatında səmimi etiraf etmişdir. Bundan əlavə hadisə yerinə baxış zamanı ağacın məhv olunması və qurumaq üzrə olması dəvət olunmuş mütəxəssisin rəyi ilə də öz təsdiqini tapmışdır. Eyni zamanda, "Yaşıllıqların mühafizəsi haqqında” 02 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Lakin sözügedən yaşılıqların götürülməsi üçün müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və yaşıllığın götürülməsi vərəqi olmadan həyata keçirilmişdir. "Yaşıllıqların mühafizəsi haqqında” 02 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən yaşıllıqların məhv edilməsi dedikdə bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkət başa düşülür. Oxşar münasibətləri nizama salan İXM-in 253.2-ci maddəsinə görə meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, X4 şikayəti əsassızdır və onun inzibati xətanı törətməsi işin materialları ilə tam sübuta yetirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar