Məhkəmə qərarları › İş №3(014)-514/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-514/2023

16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-514/2023 16.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1963-cü ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs ünvan 1ində yaşadığı evin həyətindən xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində 1 ədəd çətənə bitkisi aşkar edilmiş və həmin çətənə bitkiləri Şəxs tərəfindən əkilib-becərildiyi və aqrotexniki qaydada qulluq edildiyi müəyyən edilmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X2 tərəfindən 19 iyul 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 16 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, narkotik vasitə olan nəşədən istifadə edir. Bu məqsədlə də 2023-cü ilin may ayının ortalarında 01 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumunu həyətində olan təzəvəz bitkiləri əkilən yerin kənarında gilas ağacının dibinə əkmiş və həmin toxum cücərib bitəndən sonra ona qulluq edib dibinə peyin tökmüş, bitki də yavaş-yavaş inkişaf etmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində həyətində işləyərkən qapısı döyülmüş və qapını açaraq polis əməkdaşları görmüşdür. Polis əməkdaşları onlarda onun həyətində narkotik tərkibli bitkilər əkib becərməyi barədə məlumat olduğunu bildirmişlər və o, da polislərə həyətimdə yalnız 01 ədəd çətənə bitkisi əkib-becərdiyini bildirmişdir. Polis əməkdaşları ona həyətə baxış keçirə biləcəkərini bildirmişlər və o, da onları həyətə dəvət edərək həyətinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra həmin əkib-becərdiyi çətənə bitkisini polis əməkdaşlarına göstərmiş, polis əməkdaşları və aqronom həmin çətənə bitkisinə baxış keçirmişlər və aqronom rəy verdikdən sonra həmin çətənə bitkisi polis əməkdaşı tərəfindən kökündən çıxarılmış, hündürlüyü ölçülmüş və 78 sm olduğu müəyyən edilmişdir. Bunda sonra həmin bitki kağız zərfə qablaşdırıldı, üzərinə möhür vuruldu, özü və digər iştirakçılar həmin qablaşmaya imza etdilər. Baxış prosesi polis əməkdaşı tərəfindən videokamera vasitəsilə videoqeydə alındı. O, həmin narkotik vasitə olan nəşənin istifadəçisi olduğuna görə gələcəkdə məhsulunu yığıb istifadə etməsi üçün həmin çətənə bitkisini əkmişdir. Əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, Şəxs ünvan 1ində yaşadığı evin həyətindən xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində 1 ədəd çətənə bitkisi aşkar edilmiş və həmin çətənə bitkiləri Şəxs tərəfindən əkilib-becərildiyi və aqrotexniki qaydada qulluq edildiyi müəyyən edilmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X2 tərəfindən 19 iyul 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Buna görə də hadisə araşdırılaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2023-cü il tarixli, 17/517 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Şəxs həyətyanı sahəsindən aşkar olunmuş 01 ədəd bitki..” yazısı, adlar və imzalar olan zərfin içırisindəki, 01 ədəd, uzunluğu 78 sm yaş vəziyyətdə təmiz çəkisi 15,52 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronom mütəxəssis Arif Səmədovun 29 iyun 2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Şəxs yaşadığı evin həyətyanı sahəsinə aqronom Arif Səmədov və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Ağanın yaşadığı evin həyətyanı sahəsində gilas ağacının dibindən 1 ədəd narkotik tərkibli bitki aşkar olunmuş, daha sonra Ağanın yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş narkotik tərkibli bitki kökündən çıxardılmış və hündürlüyü ölçülmüş və 78 sm olmuş, sonra həmin bitki kağız zərfə qablaşdırılmış, zərfin üzərinə imza edilmiş, daha sonra zərfin üzərinə Azərbaycan Respublikası DİN-in möhürü vurulmuşdur. İnzibati materiala əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1190№-li rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə - iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 16 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, ona inzibati həbsin tətbiq edilməsini istisna edən hallar mövcud deyil. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Hazırkı iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra, 01 ədəd, uzunluğu 78 sm yaş vəziyyətdə təmiz çəkisi 15,52 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən, saat 17:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. O, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə yerləşdirilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hazırkı iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra, 01 ədəd, uzunluğu 78 sm yaş vəziyyətdə təmiz çəkisi 15,52 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın məcburi müalicə təyin edilən hissədə və maddi sübutun məhvinə dair hissədə icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar