Məhkəmə qərarları › İş №3(014)-518/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-518/2022

21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-518/2022 21.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində özünə məxssus mağazada Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin müstəntiqi X2 17 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Şəxs barəsində inzibati qaydada tədbirin görülməsi üçün qərarın surətinin Ağdaş RPŞ-nin İTB-yə göndərilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünün və yaxın qohumlarından heç birinin ruhi əsəb və sair xəstəliyi yoxdur. xx.xx.2022-ci il tarixdə Ağdaş RPŞ-yə ərizə ilə müraciət etmişdir. Mahir Hacıyevi və onun oğlanları İlkin və Zərərçəkmiş şəxsləri tanıyır. Onlarla heç bir ədavət və düşmənçiliyi yoxdur. Özünə məxsus ərzaq mağazası vardır. Həmin mağazadan Mahir Hacıyev uzun müddətdir ki, ərzaq malları alır və ona 103 (yüz üç) manat borcu qalmışdır. Ancaq bir müddətdir ki, onun Mahirdən borcunu istədiyi vaxtlarda Mahirin hər dəfə borcunu verəcəyini bildirsə də, lakin borcunu qaytarmamışdır. Buna görə də xx.xx.2022-ci il tarixdə təxminən saat 19:00 radələrində öz istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Mahirin istifadəsində olan 050-437- 39-90 saylı mobil nömrəsinə zəng edərək ona olan borcunu gətirib verməsini bildirmişdir. Mahir də, ona “Qəbələ rayonundayam, Ağdaş rayonuna gələn kimi səninlə gəlib görüşəcəm” deyə söyləmişdir. Buna görə də bir müddət gözləmiş, lakin Mahir ona dediyi vaxtda gəlib çıxmamışdır. Bu səbəbdən də yenidən saat təxminən 20:50 radələrində Mahirin istifadəsində olan mobil nömrəyə zəng etmiş, telefon açılan zaman o, “Mahir, gəlmisən Ağdaşdasan, bəs niyə mağazaya gəlmədin, axı söz vermişdin” deyə söyləmiş, həmin vaxt “Mahir deyil, oğludur” deyə söyləmişdir. Həmin şəxsin səsindən onun Mahirin balaca oğlu Ümid olmasını bilmişdir. Ümidə mobil telefonda atasına onun borcunu gətirib verməsini tapşırmasını söyləmiş, həmçinin Ümidə əgər atası borcunu verməsə bu barədə lazımi orqanlara müraciət edəcəyini bildirmişdir. Ümid ona “yaxşı, deyərəm” deyə söyləmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 21:25-də Mahir ona məxsus mağazaya gəlmişdir. Sonra Mahir ona “uşağa zəng eləmisən, yekə oğlansan, bir də zəng etmə sən” deyə söyləyərək onu təhqir etmişdir. Daha sonra Mahirdən pulunu istəmişdir. Mahir də ona “sən kimə güvənirsən” deyə söyləmişdir. Daha sonra Mahirə cavab olaraq “dövlətə və polisə güvənirəm” deyə söyləmişdir. Bundan sonra Mahir polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra aralarında mübahisə baş vermiş, belə ki, Mahir onun, o da Mahirin ünvanına nalayiq ifadələr işlədərək biri-birilərini təhqir etmişlər. Bundan sonra Mahiri qorxudaraq mağazadan çıxarmaq üçün kassanın yaxınlığında olan mayonez bankasını əlinə götürmüş və Mahirin üzərinə getmişdir. Bu zaman Mahir mağazanın içərisində olan taxta silənin dəmir çubuğunu götürərək onun üzərinə gəlmişdir. Həmin vaxt orada olan X3 onları aralaşdırmağa çalışmışdır. Kənan Mahiri aralaşdırıb mağazadan bayıra çıxartmışdır. Bu zaman Mahir özünə məxsus “Qazel” markalı yük avtomaşının sürücü tərəfdən ön qapısını açaraq bıçaq götürmüş, daha sonra həmin bıçaqla onu vurmaq istəmişdir. O, geri çəkilərək özünü qorumağa çalışmış, buna görə də Mahirin əlində olan bıçaq mağazanın giriş qapısına dəymişdir. Mahirin mağazaya girməsinin qarşısını yenə də orada olan Kənan Əzizli almış, daha sonra Kənan Mahiri avtomaşına əyləşdirmiş və bundan sonra Mahir çıxıb getmişdir. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra təxminən 10-15 dəqiqə sonra Mahir oğlu Ümid ilə onun mağazasına gəlmişlər. Mahir yenidən onu təhqir etməyə başlamışdır. Həmçinin, onun oğlu Ümid də onunla yüksək səslə danışmışdır. Mahir isə həmin vaxt ona əl-qol atmağa başlamışdır. Mahirin oğlu Ümid isə qışqıraraq onun üzərinə doğru gəlmək istəmişdir. Mahir yenidən onun və polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt o da kassanın üzərində olan bıçağı əlinə götürərək onları qoxutmaq və mağazadan uzaqlaşdırmaq istəmişdir. Buna səbəb mübahisənin daha da böyüməməsi olmuşdur. Həmçinin, o, bıçağı əlinə götürməkdə fikiri onları qorxutmaq olmuşdur. Bıçaqla onlara xəsarət yetirmək fikiri olmamış, həmin zaman Mahirin böyük oğlu İlkin mağazanın qarşısında dayanmış vəziyyətdə olan özünə məxsus “VAZ 2106” markalı avtomobilindən düşərək mağazaya daxil olub onun üzərinə hücum çəkmiş və yumruqla boyununun arxa nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra da Mahir və digər oğlu Ümid onun üzərinə gələrək onu vurmağa başlamışlar. Həmin zaman yerə yıxılmış, Mahir və oğlanları Ümid və İlkin onu yerə yıxılı olan zaman da döymüşlər. Daha sonra orada olan şəxslər onları aralaşdırmışlar. Daha sonra həmin şəxslərin köməkliyi ilə Mahir və oğlanlarını ondan aralaşdırılaraq mağazadan çıxarılmışlar. Mağazanın qarşısında yenə də Mahir və oğlanları onun ünvanına nalayiq ifadələr işlətmişlər. Həmçinin, mağazanın qarşısında qoyduğu ona məxsus tərəzini Mahirin oğlu Ümid yumruqla vuraraq sındırmışdır. Sonra bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. İlkin Hacıyevə heç bir xəsarət yetirməmiş, ola bilsin ki, İlkin mübahisə və dava-dalaş zamanı xəsarət almışdır. Zərərçəkmiş şəxs yumruqla vurub sındırdığı tərəzini təxminən 1 il əvvəl 100 manata almışdır. Buna görə də həmin tərəzinin sınması nəticəsində ona təxminən 100 manat məbləğində maddi ziyan dəymişdir. O, özünü müdafiə etmiş və heç kimə xəsarət yetirməmişdir. Bunu mağazaya quraşdırılmış təhlükəsizlik kamerasının qeyd etdiyi videogörüntülərlə də müəyyən etmək mümkündür. Buna görə də barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, özünün və yaxın qohumlarından heç birinin ruhi əsəb və sair xəstəliyi yoxdur. Şəxs tanıyır. Onlarla qonşuluqda Qəribə məxsus ərzaq mağazası vardır. Bir neçə ildir ki, bütün alış-verişlərini Qəribə məxsus mağazadan edir. Qərib ilə aralarında heç bir ədavət və ya düşmənçilikləri yoxdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 19:00 radələrində Qərib onun atasının istifadəsində olan mobil nömrəyə zəng etmiş, həmin vaxt atası evdə olmadığı üçün telefonu o, açmışdır. Qərib ondan atasının harada olmasını soruşmuş və o da Qəribə atasının harada olması barədə heç bir məlumatının olmadığını söyləmişdir. Daha sonra Qərib ona “atana de mənim borcumu versin, elə etməsin gəlib onunla başqa söhbət edim” deyə söyləmiş və daha sonra telefonu söndürmüşdür. Bundan təxminən 2 saat sonra atası yaşadıqları evə gəlmiş və bu barədə atasına məlumat vermişdir. Atası da evdən çıxaraq özünə məxsus avtomobil ilə getmişdir. Təxminən 10 dəqiqə sonra atası yenidən geri qayıdaraq ona birlikdə Qəribin mağazasına gəlməsini söyləmişdir. Buna görə də atası ilə birlikdə atasının avtomobili ilə Qəribə məxsus mağazaya getmişdir. Daha sonra avtomobildən düşərək mağazaya daxil olmuşlar. Atası Mahir bir dəfə də Qəribdən telefonda nə deməsini soruşmuşdur. Bu zaman Qərib onun və atası Mahirin ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan əsəbləşdikləri üçün Qəriblə onların arasında mübahisə yaranmışdır. Lakin həmin vaxt mağazada olan Kənan, Elçin və Taleh adlı şəxslər onları aralaşdırmışlar. Buna baxmayaraq Qərib yenə də nalayiq ifadələr işlətməyə davam etmiş, həmçinin əlinə bıçaq götürərək dayanmışdır. Bu zaman mağazaya daxil olan qardaşı İlkin Qəribin onun və atasının ünvanına nalayiq ifadələr işlətməsini eşitmiş, və dərhal Qəribin üzərinə gedərək bir neçə dəfə Qəribi yumruqla vurmuşdur. Daha sonra isə atası və o, üzərinə getmişlər. Atası Mahir bir neçə dəfə Qəribi təpik və yumruqla vurmuş və nəticədə Qərib yerə yıxılmışdır. Bundan sonra o, atası Mahir və qardaşı İlkin bir neçə dəfə Qəribi təpik və yumruqla vurmuşdur. Həmin vaxt mağazada olan Kənan, Taleh və Elçin adlı şəxslər isə yenə də onları aralaşdırmışlar. Bundan sonra qardaşı İlkinin alın nahiyəsindən qan axmasını görmüş və ondan bunun səbəbini soruşmuşdur. Bu zaman qardaşı İlkinin həmin xəsarəti ona Qərib bıçaqla vuraraq yetirdiyini bildirmişdir. Daha sonra adlarını qeyd etdiyi şəxslər onları mağazadan bayıra çıxartmışlar. Həmin vaxt o, əsəbi olduğu üçün bir dəfə yumruqla mağazanın qarşısında olan tərəziyə vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində özünə məxsus mağazada Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Hadisə araşdırılaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxsi döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Əksinə, təqdim olunmuş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, hadisə zamanı Şəxs özü xəsarət almışdır. Məhkəmə iclasında Şəxs məxsus mağazaya quraşdırılmış videogörüntüyə baxış keçirilmiş, həmin görüntülərdə Şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi müəyyən edilməmişdir. Videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs atası və qardaşı ilə birlikdə Şəxs hücum etmiş və Şəxs yerə yıxılmışdır. Yerdə olarkən ona zərbələr endirilmiş, o isə özünü müdafiə etməyə çalışmışdır. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin müstəntiqi X2 17 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarında da Şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsinə dair heç bir qeyd yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsin əməlində inzibati xəta tərkibinin olmadəğından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar