Məhkəmə qərarları › İş №3(014)-520/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-520/2022

21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-520/2022 21.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 21 sentyabr 2022-ci il tarixdə, saat 12:30 radələrində X9 əməkdaşlarının və Post Patrol Xidməti Bölməsinin əməkdaşlarının və ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların xidməti fəaliyyətini pozmuş və onların qanuni tələbinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Şəxs 21 sentyabr 2022-ci il tarixdə, saat 12:30-da inzibati qaydada tutulmuş, barəsində 21 sentyabr 2022-ci il tarixdə inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək 21 sentyabr 2022-ci il tarixdə 09:00 radələrində Müşfiq İsayev küçəsində yolun əks istiqamətinə çıxaraq ötmə əməliyyatını pozduğu üçün 60 manat məbləğində cərimə olunduğunu, bundan sonra X9 əməkdaşlarına qarşı əsəbi olduğundan şəxsi telefonu ilə ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobili çəkməyə başladığını, Polis şöbəsinin qarşısında olan zaman X9 əməkdaşlarının ona yaxınlaşdığını, nə səbəbdən onların xidməti maşınlarını çəkdiyini soruşduğunu, cavab olaraq isə özü üçün çəkdiyini və əsəbi olduğunu söylədiyini, bundan sonra Polis əməkdaşlarının ona ictimai qaydanı və onların xidməti fəaliyyətlərini pozduğunu bildirsələr də, əsəbi olduğundan onların sözlərinə məhəl qoymadığını, Polisin tələblərinə qəsdən tabe olmadığını, əməlindən peşman olduğunu bildirdi. İş üzrə şahid Ağdaş RPŞ-nin DYPB-nin inspektoru X1 məhkəmə iclasında 2015-ci il tarixdən DİO-da, 2017-ci il tarixdən isə Ağdaş RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində işlədiyini, 21 sentyabr 2022-ci il tarixdə 09:00 radələrində ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs M.İsayev küçəsində yolun əks istiqamətinə çıxaraq ötmə əməliyyatını pozduğu üçün barəsində DYPB-nin inspektoru, polis serjantı Emin Qasımov tərəfindən AR-nın İXMnin 327.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 60 manat məbləğində cərimə edildiyini, bundan sonra vətəndaş Şəxs şəxsi avtomobili ilə birlikdə Ağdaş şəhəri ərazisində xidmətdə olan zaman onların xidməti fəaliyyətlərini videoçəkilişə çəkdiyini görüb ona yaxınlaşdıqlarını, özlərini təqdim etdikdən sonra Şəxs onlara qarşı aqressivlik göstərərək onlara “görün sizin başınıza nə oyun açacam” söylədiyini, bundan sonra ona ictimai qaydanın mühafizə vəzifələriniicra edərkən onların xidməti fəaliyyətlərini və ictimai qaydanı pozmamağını bildirdiklərini, ancaq Şəxs öz aqressiv davranışlarını davam etdirirək onların qanuni tələblərinə qəsdən tabe olmadığını, bundan sonra onların PPXB-nin əməkdaşının köməkliyi ilə onu Rayon Polis Şöbəsinə gətirdirərək növbətçi hissəyə təhvil verdiklərini bildirdi. İş üzrə şahid Ağdaş RPŞ-nin DYPB-nin inspektoru X2 digər şahid X3 ilə eyni məzmunlu ifadə verdi. İş üzrə şahid Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri X4 məhkəmə iclasında Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işlədiyini, 21 sentyabr 2022-ci il tarixdə Ağdaş rayon Polis şöbəsinin qarşısında olan zaman bir nəfər şəxsin DYPX-nin əməkdaşları Məhəmməd Həbilov və Rövşən Mirzəyev ilə mübahisə etdiyini görüb onlara yaxınlaşdığını, həmin vaxt Şəxs şəxsi avtomobili ilə DYPB-nin inspektoru, polis baş serjantı Məhəmməd Həbilov və X6 şəhəri ərazisində xidmətdə olan zaman xidməti fəaliyyətlərini videoçəkilişə çəkdiyini görüb ona yaxınlaşdıqlarını, həmin vaxtı Şəxs onlara qarşı aqressivlik göstərərək onlara “görün sizin başınıza nə oyun açacam” söyləyib mübahisə etdiyini öyrəndiyini, bundan sonra ona isctimai qaydanı pozmamağını bildirdiklərini, ancaq onun öz aqressiv dsvranışlarını davam etdirirək onların qanuni tələblərinə qəsdən tabe olmadığını, bundan sonra onu rayon Polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil verdiklərini bildirdi. İnzibati xəta haqqında materiala əlavə olunmuş 21 sentyabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan məlum olur ki, Şəxs 21 sentyabr 2022-ci il tarixdə saat 12:30 radələrində inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, iş üzrə şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, o, Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm və hesab edirəm ki, onun barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməli, inzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 21 sentyabr 2022-ci il tarixdən, saat 12:30-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: 19 avqust 1981-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 21 sentyabr 2022-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar