Məhkəmə qərarları › İş №3(014)-521/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-521/2021

22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-521/2021 22.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş 9 saylı Ərazi Vergilər İdarəsinin X7 şöbəsinin dövlət vergi müfəttişləri X3 və X1 iştirakı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: 02 dekabr 2021-ci il tarixdə saat 14:40 radələrində ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi (3300İ kodlu aptek) aptekdə keçirilmiş tədbir zamanı xüsusi karantin rejimi dövründə tibbi maskadan istifadə edilmədiyi aşkar olunmuşdur. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə onun barəsində 02 dekabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək 08 dekabr 2021-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs 9 saylı Ərazi Vergilər İdarəsinin X7 şöbəsinin dövlət vergi müfəttişi X3 məhkəmə iclasında bildirdi ki, dövlət vergi müfəttişi X2 ilə birlikdə obyektlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsi vəziyyəti ilə əlaqədar nəzarət tədbiri həyata keçirərkən 02 dekabr 2021-ci il tarixdə saat 14:40 radələrində hüquqi şəxs Şəxs MMC-nin (VÖEN:**********) sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1 ünvanında yerləşən aptekdə Şəxs MMC-nin əmək müqaviləli işçisi X4 tibbi maskadan istifadə etmədiyi tərəflərindən aşkar edilmiş, buna görə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs 9 saylı Ərazi Vergilər İdarəsinin X7 şöbəsinin dövlət vergi müfəttişi X2 məhkəmə iclasında dövlət vergi müfəttişi X3 ilə eyni məzmunlu izahat verdi. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə çağırışı göndərilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hüquqi şəxs Şəxs (VÖEN:**********) barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: ünvan 2 ünvanında yerləşən hüquqi şəxs Şəxs (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib altı yüz manat məbləğdə cərimə edilsin. Qərarın icrası Bakı şəhəri, Nizami rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar