Məhkəmə qərarları › İş №3(014)-521/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-521/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-521/2024 21.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş Rayon Polis Şöbəsinin X1 polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı övladı olan, hazırda fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 07 noyabr 2024-cü il tarixdə saat 22:00 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən İmran adlı şəxsin çayxanasında pul qarşılığında mərc edərək domino oynamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsiində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də Şəxs barəsində 08 noyabr 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X5 bildirdi ki, təxminən 20 gün əvvəl Ağdaş rayonu, Yuxarı Ləki kəndində bir qrup şəxsin qumar oynaması barədə məlumat daxil olmuşdur. Bundan sonra Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları həmin yerə gedərək üç nəfər şəxsin qumar oynadığını aşkar etmişlər. Həmin şəxslərin şəxsiyyətini müəyyən etmək üçün onları Ağdaş rayon Polis Şöbəsinə gətirmişlər. Həmin şəxslərdən biri Şəxs olmuş və barəsində 08 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, onlar kənd ərazisində yerləşən çayxanada çay içərkən çayın pulunu masanın üzərinə qoymuşlar. Onlar domino oynayır və uduzan adam da çayın ödənişi edirdi. Həmin vaxt o, özünə məxsus iki manat məbləğində pulu da masanın üzərinə qoymuş və polis əməkdaşları içəri daxil olaraq onların qumar oynadıqlarını bildirmişlər, lakin onlar qumar oynamamışlar. Belə ki, kənd sakinləri axşam saatlarında çayxanada oturur və domino oynayaraq uduzan tərəf çayın pulunu ödəyir. Polis əməkdaşları tərəfindən videoqeydə alınmış görüntülər zamanı əks olunan iki manat məbləğində pul ona məxsusdur. O, həmin pulu içdikləri çayın haqqını ödəmək üçün masanın üzərinə qoymuşdur. O, heç vaxt qumar oynamamışdır. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, həmin gün Elşad, Fəqan və Firqət oturub çay içərək domino oynamışlar və içdikləri çayın pulunu da hesablayıcının altına qoymuşlar. Həmin vaxt polis əməkdaşları həmin şəxslərə yaxınlaşıb qumar oynadıqlarını bildirmişlər, onlar isə polis əməkdaşlarına qumar oynamadıqlarını bildirmişlər. Həmin şəxslər dominonu çay pulundan oynamışlar, uduzan çay pulunu vermişdir. Məhkəmə iclasında şahid X10 verdiyi izahatında bildirdi ki, o, çayçıda oturub futbola baxarkən Elşad, Fəqan və Firqət də domino oynamışlar. Telefonuna zəng gəldiyindən çölə çıxaraq telefonla danışmış və geri qayıtdığında polis əməkdaşlarının gəldiyini görmüşdür. Həmin vaxt masanın üzərində nə qədər pul olması və dominonun nə qədər pulla oynanılması barədə məlumatı yoxdur. İş materiallarında olan 07 noyabr 2024-cü il tarixdə Ağdaş rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Cəsur Hümbətov tərəfindən tərtib edilmiş sənədlərin və əşyaların götürülməsi haqqında protokolun surətindən görünür ki, 07 noyabr 2024-cü il tarixdə saat 22:00 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndində İmran adlı şəxsin çayçısında bir qrup şəxsin qumar (domino) oynaması barədə məlumat daxil olmuş, bundan sonra Ağdaş rayon X14 Patrul Xidməti Bölməsinin polis nəfəri Səməd Mustafayev və Mehman Qurbanovla birlikdə həmin yerə gedərək 3 nəfər şəxsin pul müqabilində qumar (domino) oynadıqlarını şakar etmişlər. Həmin şəxslərin şəxsiyyətini müəyyən etmək üçün onları Ağdaş rayon Polis Şöbəsinə gətirmişlər və həmin şəxslərin X6, Şəxs və X4 olması müəyyən edilmişdir. Hadisə yerindən 5 ədəd bir manatlıq əskinas, 1,20 manat dəyərində 10 və 20 qəpiklər və 28 ədəd domino daşı götürülmüşdür. İş materiallarında Ağdaş rayon X14 Patrul Xidməti Bölməsinin polis nəfəri Mehman Qurbanov tərəfindən 07 noyabr 2024-cü il tarixdə Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış raportun surətindən görünür ki, 07 noyabr 2024-cü il tarixdə saat 22:00 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Səməd Mustafayev ilə birlikdə Ağdaş rayonu, Ləki qəsəbəsində xidmətdə olarkən 3 nəfər şəxsin İmran adlı şəxsin çayçısında pul qarşılığında qumar (domino) oynadığını görmüşlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tələbini izah etmişlər. Həmin şəxslərin barəsində qanunla müəyyən edilmiş tədbir görülməsindən üçün onları Ağdaş rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Növbətçi Hissədə həmin şəxslərin Ağdaş rayonu Ləki qəsəbəsində qeydiyyatda olan X6, Şəxs və Ağdaş rayonu, Cardam kəndində qeydiyyatda olan X4 olmaları müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında hər hansı bir inzibati xəta törətmədiyini bildirsə də məhkəmə hesab edir ki, o, özünü müdafiə etmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə bu cür izahat verir və onun izahatı özünün və şahidlərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş videoçəkiliş və işin halları ilə təqzib olunur. Belə ki, həm Şəxs, həm də onun tərəfindən dəvət olunmuş şahidlər həmin domino oyununu çay pulundan oynadıqlarını, uduzanın çay pulunu masanın üzərinə qoyduğunu bildirmişlər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən Şəxs himayəsində üç azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. İş üzrə maddi sübut olan- Ağdaş Rayon Məhkəməsində saxlanılan 28 ədəd domino daşı, 6 (altı) manat 20 (iyirmi) qəpik pul, hadisə yerinin videoçəkilişinin aparılmasına dair 1 ədəd DVD diskə Ağdaş Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli 3(014)- 523/2024 saylı qərarında qiymət verilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə maddi sübut olan- Ağdaş Rayon Məhkəməsində saxlanılan 28 ədəd domino daşı, 6 (altı) manat 20 (iyirmi) qəpik pul, hadisə yerinin videoçəkilişinin aparılmasına dair 1 ədəd DVD diskə Ağdaş Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli 3(014)- 523/2024 saylı qərarında qiymət verilməsi nəzərə alınsın. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar