Məhkəmə qərarları › İş №3(014)-534/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-534/2024

17.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-534/2024 17.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 2002-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, hazırda heç yerdə işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 15 noyabr 2024-cü il tarixdə saat 20:25 radələrində Ağdaş şəhər H.Əliyev adına parkda ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz hərəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 20:25 radələrində Ağdaş şəhər H.Əliyev adına parkı ərazisində PPXB-nin polis əməkdaşları xidmətdə olarkən 2 nəfər şəxsin parkda, yəni ictimai yerdə ucadan qışqıraraq səs-küy saldığını və ünvansız küçə söyüşləri söydüyünü görərək həmin şəxslərə yaxınlaşıb vətəndaşlardan sakit olmalarını, ictimai qaydanı pozmamalarını tələb etmişlər. Həmin şəxslər polisin qanuni tələblərinə məhəl qoymayaraq yenidən öz qanunsuz hərəkətlərini davam etdirərək ictimai qaydanı pozmağa davam etmişlər. Bundan sonra həmin şəxslər yenə də öz hərəkətlərinə davam etdikləri və polisin qanuni tələblərinə tabe olmadıqlarından Ağdaş rayon Polis Şöbəsinə gətirərək Növbətçi hissəyə təhvil vermişlər. Növbətçi hissədə həmin şəxslərin Ağdaş rayonu, Qarağan Sədi kəndində qeydiyyatda olmaqla yaşayan 15 iyul 2001-ci il təvəllüdlü X6 və Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan xx xxx 2002-ci il təvəllüdlü Şəxs olmaları müəyyən olunmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmiş və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, 15 noyabr 2024-cü il tarixdə yaxın dostunun toyunda iştirak etmişdir. Nicat adlı şəxsi tanımır, lakin toyda eyni masada əyləşmişlər və adının Nicat olmasını bundan sonra bilmişdir. Bir müddət sonra onlar aşağı düşərkən Nicat adlı şəxsin “Səma” şadlıq sarayının qarşısında səs-küy saldığını görüb, Nicatı şakitləşdirmək məqsədi ilə ona yaxınlaşmış və sakitləşdirməyə çalışsa da mümkün olmamış, Nicat yenə də öz hərəkətlərinə davam edərək ətrafda olan şəxslərə əl-qol atmışdır. Nicatın sakitləşmədiyini görüb onu park istiqamətində aparmış, Nicat yenə də həmin vaxt əl-qol atmış, lakin o, Nicata qarşı müqavimət göstərməmişdir. Belə ki, hər ikisi içkili olmasına baxmayaraq Nicat daha çox içkili idi və özünü apara bilmirdi. Onlar parka gəldikdə polis əməkdaşları onlara dur göstərişi verdikdən sonra o, dayanmış, Nicat isə qaçmağa cəhd göstərərkən polis əməkdaşları Nicatı tutmuşlar və onları Polis Şöbəsinə gətirmişlər. Daha sonra Şəxs məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, hadisə təxminən axşam saatlarında 21 radələrində olmuşdur. Tərəfindən polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərilməmişdir. X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Ağdaş şəhər H.Əliyev adına parkın ərazisində PPXB-nin polis nəfəri Şəhriyar Mahmudovla birlikdə xidmətdə olarkən 2 nəfər şəxsin parkda, yəni ictimai yerdə ucadan qışqıraraq səs-küy saldığını və ünvansız küçə söyüşləri söydüyünü görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşaraq sakit olmalarını, ictimai qaydanı pozmamalarını tələb etsələr də həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymayaraq yenidən öz qanunsuz hərəkətlərini davam edərək ictimai qaydanı pozmağa davam etmişlər. Həmin şəxsləri dəfələrlə qanuna tabe olmalarını bildirsələr də heç bir nəticəsi olmadığından onları Ağdaş rayon Polis Şöbəsinə gətirərərk Növbətçi hissəyə təhvil vermişlər. X12 məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, onlar yaxınlaşarkən iki nəfər şəxs mübahisə etdiyindən Şəxs da Polis Şöbəsinə gətirmişlər. Şəxs nə ona, nə də digər polis əməkdaşına qarşı qanunsuz hərəkət etməsi və ya onların tələblərinə tabe olmaması halı olmamışdır. İş materiallarında olan 16 noyabr 2024-cü il tarixdə rayon X13 Patrul Xidməti Bölməsinin polis nəfəri Təbriz Kərimov tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəisi Vəfalı Həsənalıyevə ünvanlanmış raportdan görünür ki, 15 noyabr 2024-cü il tarixdə saat 20:25 radələrində Ağdaş şəhər H.Əliyev adına parkın ərazisində ərazisində PPXB-nin polis nəfəri, polis serjantı Şəhriyar Mahmudovla birlikdə xidmətdə olduqları zaman 2 nəfər şəxsin parkda, yəni ictimai yerdə ucadan qışqıraraq səs-küy saldığını və ünvansız küçə söyüşləri söydüyünü görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşaraq vətəndaşlardan sakit olmasını, ictimai qaydanı pozmamağı, qanunçuluğa riayət etməyə dəvət etmişlər, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin tələblərini pozduqlarını izah etsələr də, onlar polisin qanuni tələblərinə məhəl qoymayaraq yenidən öz qanunsuz hərəkətlərini davam etdirərək ictimai qaydanı pozmağa davam etmişlər. Onlar da bundan sonra həmin şəxslərə Azərbaycan Respublikasının İXM-nin 535-ci maddəsinin tələblərini izah edərək Ağdaş rayon Polis şöbəsinə gətirmişlər. Növbətçi hissədə həmin şəxslərin Ağdaş rayonu, Qarağan Sədi kəndində qeydiyyatda olmaqla yaşayan 15 iyul 2001-ci il təvəllüdlü Şəxs və Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan xx xxx 2002-ci il təvəllüdlü Şəxs olmaları müəyyən olunmuşdur. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış və vətəndaş Şəxs kartotekasında heç bir məlumat olmaması müəyyən olunmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 15 noyabr 2024-cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir, lakin həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi şahidin və özünün ifadəsi ilə təsdiqini tapmamış, iş materialları ilə də həmin əməlin törədilməsi sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmadığını, məsuliyyətini ağırlaşdıran halı nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməli, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, ona inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiqdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs həbs etmə müddətinin əvvəli 15 noyabr 2024-cü il tarixdən, saat 21:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 5 (beş) gün müddətə inzibati həbs tətbiq olunsun. Həbsetmənin əvvəli 15 noyabr 2024-cü il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar