Məhkəmə qərarları › İş №3(014)-535/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-535/2024

17.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-535/2024 17.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İlhamə Oruc qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X3, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 2001-ci ildə Ağdaş rayonu, Qarağan Sədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, hazırda heç yerdə işləməyən, subay, Ağdaş rayonu, Qarağan Sədi kəndində yaşayan və qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 15 noyabr 2024-cü il tarixdə saat 20:25 radələrində Ağdaş şəhər H.Əliyev adına parkda ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz hərəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa, Şəxs Gəncə şəhər Narkoloji Dispanserinin 16 noyabr 2024-cü il tarixli rəyinə əsasən THC (marixuana) istifadə etməsi aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Ağdaş şəhər H.Əliyev adına parkı ərazisində PPXB-nin polis əməkdaşları xidmətdə olarkən 2 nəfər şəxsin parkda, yəni ictimai yerdə ucadan qışqıraraq səs-küy saldığını və ünvansız küçə söyüşləri söydüyünü görərək həmin şəxslərə yaxınlaşıb vətəndaşlardan sakit olmalarını, ictimai qaydanı pozmamalarını tələb etmişlər. Həmin şəxslər polisin qanuni tələblərinə məhəl qoymayaraq yenidən öz qanunsuz hərəkətlərini davam etdirərək ictimai qaydanı pozmağa davam etmişlər. Bundan sonra həmin şəxslər yenədə öz hərəkətlərinə davam etdikləri və polisin qanuni tələblərinə tabe olmadıqlarından Ağdaş rayon Polis Şöbəsinə gətirərək Növbətçi hissəyə təhvil vermişlər. Növbətçi hissədə həmin şəxslərin Ağdaş rayonu, Qarağan Sədi kəndində qeydiyyatda olmaqla yaşayan xx xxxx 2001-ci il təvəllüdlü Şəxs və Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan 21 may 2002-ci il təvəllüdlü X6 olmaları müəyyən olunmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmiş və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Bundan başqa Nicat X4rkən narkotik vasitədən istifadə edilməsində şübhəli olduğundan narkoloji yoxlamadan keçirilməsi üçün Gəncə şəhər Narkoloji Dispanserə göndərilmiş və sidiyində THC (marixana) aşkar edilmişdir. Bununla da bağlı Şəxs barəsində Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, o, 15 noyabr 2024-cü il tarixdə toyda olmuş və spirtli içki qəbul etmişdir. İçkinin təsirindən nə üçün mübahisə etdiyini və Polis Şöbəsinə gətirilməsinə dair heç bir şey xatırlamır. Təxminən iki ilə yaxındır ki, narkotik vasitədən istifadə edir. Sonuncu dəfə 31 oktyabr 2024-cü il tarixdə narkotik vasitədən istifadə etmişdir. Daha sonra Şəxs məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, o, Qurban Şükürovu əvvəllər tanımamış və nə üçün mübahisə etdiyini xatırlamır. Polis şöbəsində polis əməkdaşlarının ona dayanmasına dair götəriş verdiklərini və onun da polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qaçdığını və polis əməkdaşını bıçaqla vurduğu üçün Polis Şöbəsinə gətirildiyini bildirmişlər. Sonuncu xatırladığı toya getdiyi və içki qəbul etməsi olmuşdur. Heç bir psixi xəstəliyi yoxdur. O, həmin günə dair heç bir hadisəni xatırlamır və etdiyi əməldən peşmandır. X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 20:25 radələrində Ağdaş şəhər H.Əliyev adına parkın ərazisində PPXB-nin polis nəfəri Şəhriyar Mahmudovla birlikdə xidmətdə olarkən 2 nəfər şəxsin parkda, yəni ictimai yerdə ucadan qışqıraraq səs-küy saldığını və ünvansız küçə söyüşləri söydüyünü görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşaraq sakit olmalarını, ictimai qaydanı pozmamalarını tələb etsələr də həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymayaraq yenidən öz qanunsuz hərəkətlərini davam edərək ictimai qaydanı pozmağa davam etmişlər. Həmin şəxsləri dəfələrlə qanuna tabe olmalarını bildirsələr də heç bir nəticəsi olmadığından onları Ağdaş rayon Polis Şöbəsinə gətirərərk Növbətçi hissəyə təhvil vermişlər. X11 məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, onlar mübahisə edən şəxslərə yaxınlaşarkən Şəxs sərxoş vəziyyətdə idi. Həmin vaxt ətrafda gəzintidə olan şəxslər var idi. İş materiallarında olan 16 noyabr 2024-cü il tarixdə rayon X12 Patrl Xidməti Bölməsinin polis nəfəri Təbriz Kərimov tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəisi Vəfalı Həsənalıyevə ünvanlanmış raportdan görünür ki, 15 noyabr 2024-cü il tarixdə saat 20:25 radələrində Ağdaş şəhər H.Əliyev adına parkın ərazisində ərazisində PPXB-nin polis nəfəri, polis serjantı Şəhriyar Mahmudovla birlikdə xidmətdə olduqları zaman 2 nəfər şəxsin parkda, yəni ictimai yerdə ucadan qışqıraraq səs-küy saldığını və ünvansız küçə söyüşləri söydüyünü görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşaraq vətəndaşlardan sakit olmasını, ictimai qaydanı pozmamağı, qanunçuluğa riayət etməyə dəvət etmişlər, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin tələblərini pozduqlarını izah etsələr də, onlar polisin qanuni tələblərinə məhəl qoymayaraq yenidən öz qanunsuz hərəkətlərini davam etdirərək ictimai qaydanı pozmağa davam etmişlər. Onlar da bundan sonra həmin şəxslərə Azərbaycan Respublikasının İXM-nin 535-ci maddəsinin tələblərini izah edərək Ağdaş rayon Polis şöbəsinə gətirmişlər. Növbətçi hissədə həmin şəxslərin Ağdaş rayonu, Qarağan Sədi kəndində qeydiyyatda olmaqla yaşayan xx xxxx 2001-ci il təvəllüdlü Şəxs və Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan 21 may 2002-ci il təvəllüdlü X6 olmaları müəyyən olunmuşdur. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Şəxs barəsində 04 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2024-cü il tarixli, 1844 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 16 noyabr 2024-cü il tarixli, 4084/2024 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoldan görünür ki, Şəxs sidiyində 5 parametrli narkotik vasitə (THC) aşkar edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 15 noyabr 2024-cü il tarixdə saat 21:02-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halın olmadığını, məsuliyyətini ağırlaşdıran halı, onun şəxsiyyətini, xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həbsetmənin əvvəli 15 noyabr 2024-cü il tarixdən, saat 21:02-dən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs barəsində məcburi müalicə təyin edilməli, o, narkoloji kabinetdə qeydiyyata alınmalı və qərar bu hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutulan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 07 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 42 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil ödənilməsi üçün "xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 1 (bir) ay müddətə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 15 noyabr 2024-cü il tarixdən saat 21:02-dən hesablansın. Şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin olunsun. Şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 42 manat miqdarında pul vəsaiti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil ödənilməsi üçün "xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar