Məhkəmə qərarları › İş №3(014)-548/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-548/2022

10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-548/2022 10.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 07 oktyabr 2022-ci il tarixdə, saat 22:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində spirtli içkinin təsiri altında 10FN864 qeydiyyat nişanlı “Vaz-2106” markalı avtomobili idarə edərkən saxlanılmış və ondan sərxoşluq müayinəsindən keçməsi tələb olunsa da X6 əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Şəxs barəsində 10 oktyabr 2022-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək 07 oktyabr 2022-ci il tarixdə axşam saat 22:00 radələrində etibarnamə ilə idarə etdiyi “Vaz-2106” markalı 10FN864 qeydiyyat nişanlı avtomobili Ağdaş şəhəri, H.Əliyev prospektində sərxoş vəziyyətdə idarə edərkən Ağdaş rayon X2 Yol Polisinin əməkdaşının ona saxla əmri verdiyini, o da maşını saxlayıb marketə girməli olduğunu, bu zaman polis əməkdaşının ona yaxınlaşaraq özünü təqdim etdiyini, sonra da onu Polis Şöbəsinə dəvət etdiklərini, lakin sərxoş olduğundan X3 əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığını, hazırda əməlindən peşman olduğunu bildirdi, bir daha belə hallara yol verməyəcəyinə söz verdi. İş üzrə şahid Ağdaş RPŞ-nin DYPB-nin inspektoru X1 məhkəmə iclasında verdiyi ifadəsində 2012-ci ildən DİO-da, 2015-ci ildən isə Ağdaş RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində işlədiyini, 07 oktyabr 2022-ci il tarixdə saat 22:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində DYPB-nin kiçik inspektoru, polis baş serjantı Emin Qasımov ilə birlikdə xidmətdə olan zaman “Vaz-2106” 10FN864 qeydiyyat nişanlı minik avtomobilini sərnişin daşıma qaydalarını pozduğuna görə saxladıqlarını, sürücüyə yaxınlaşıb özünü təqdim edərək bu barədə ona bildirdikdə sürücü Şəxs olduğunu və spirtli içki qəbul etdiyini etiraf etdiyini, Şəxs sərxoş vəziyyətdə avtomobili idarə etməyin qadağan olduğunu bildirərək onu Polis Şöbəsinə dəvət etdiklərini, lakin sürücü Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq avtomobili idarə etmək istədiyini, bundan sonra onu rayon Polis Şöbəsinə gətirərək növbətçi hissəyə təhvil verdiklərini və bu barədə şöbənin rəhbərliyinə məruzə edildiyini bildirdi. İş üzrə şahid Ağdaş RPŞ-nin DYPB-nin kiçik inspektoru X5 digər şahid X1 ilə eyni məzmunlu ifadə verdi. İnzibati xəta haqqında materiala əlavə olunmuş MN ******* №-li inzibati qaydada tutma haqqında protokoldan məlum olur ki, Şəxs 07 oktyabr 2022-ci il tarixdə, saat 22:20də inzibati qaydada tutulmuş, 09 oktyabr 2022-ci il tarixdə saat 12:00-da azad edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, iş üzrə şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, o, Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində müəyyən edilmiş sanksiya çərçivəsində Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1961-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin, inzibati qaydada tutulduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar