Məhkəmə qərarları › İş №3(014)-551/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-551/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-551/2024 17.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə, 14 avqust 1955-ci ildə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan və qeydiyyatda olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24725456 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi 22 noyabr 2024-cü il tarixli EQ 24725456 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 22 noyabr 2024-cü il tarixli EQ 24725456 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. İsmayıl İsmayılov şikayəti onunla əsaslandırılmışdır ki, 21 noyabr 2024-cü il tarixdə saat təxminən 15-16 radələrində idarə etdiyi “X11” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bülbül-Üzeyir Hacıbəyov qp-001 yolu ilə hərəkətdə olarkən işıqforun yaşıl işığında yolayrıcını keçmişdir. Həmin vaxt işıqforda yaşıl işıq yanılı idi. 22 noyabr 2024-cü il tarixdə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh edilməsinə dair cərimə edilmişdir. Həmin qərar qanunsuz və əsasız tərtib edilmiş, həmin iş üzrə Ağdaş rayonu Yol patrul xidməti inspektoru polis sıravisi X6 tərəfindən aşağıdakı pozuntulara yol verilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində göstərilən halların olubolmaması araşdırılmadan qərəzli olaraq barəsində sənədləşmə aparılmış və qərar verilmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 22 noyabr 2024-cü il tarixli, EQ24725456 nömrəli qərarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında X2 izahat verərək bildirdi ki, “X11” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobil ona məxsusdur. Həmin avtomobili oğlu etibarnamə ilə idarə edir. Etibarnamənin vaxtı bitmişdir və həftə sonu olduğundan oğluna yeni etibarnamə verə bilməmişdir. Nəvəsi xəstə olduğundan Bakı şəhərinə getmişlər. Avtomobili oğlu X5 idarə etmişdir. Hadisənin dəqiq harada baş verdiyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilimiş X5 izahat verərək bildirdi ki, Üzeyir Hacıbəyov prospekti ilə Bülbül prospektinin kəsişməsində işıqforun yaşıl işığında hərəkətə başlamışdır. Daha sonra qarşıdakı nəqliyyat vasitələri dayandığından o da məcburi dayanma hərəkəti etmişdir. Daha sonra ona İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat cərimə edilməsinə dair elektron qaydada SMS bildirişi gəlmişdir. Elektron qərarı əsassız hesab edir. Belə ki, ondan qarşıda cip markalı avtomobil də var idi və qarşıda dayanan avtomobillərin hansı səbəbdən dayanması ona məlum deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 24725456 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 15:32 radələrində yolayrıcı keçmə qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “X11” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil yaşıl işiq yanarkən piyada keçidinin üzərində avtomobili dayandırmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən təqdim olunmuş inzibati xətanın əks olunduğu DVD diskə baxış keçirilərkən məlum olur ki, “X11” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun yaşıl işığı yanarkən hərəkətə başlayır, lakin hərəkətə başlayarkən qanşıda tıxac yarandığını, digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacağını bilərək yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olmuşdur. Məhkəmə şikayətə işin materialları ilə birlikdə baxaraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, İsmayıl İsmayılov tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən və DVD diskdən aydın görünür ki, “X11” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun yaşıl işığı yanarkən hərəkətə başlayır, lakin hərəkətə başlayarkən qanşıda tıxac yarandığını, digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacağını bilərək yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 75-ci maddəsinin İİ hissəsində qeyd olunur ki, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Bununla da, şikayətçi İsmayıl İsmayılovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətməsi sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən ləğv edilməsi tələb olunan elektron qərar və həmin qərara əlavə olunmuş foto və video görüntülər inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin elektron qərarla və ona əlavə edilmiş sübutlarla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24725456 saylı iznibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar