Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-553/2024 27.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxxxx 1970-ci ildə Ağdaş rayonu, Kükəl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayonu, Kükəl kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-674/2015 nömrəli, 14 may 2015-ci il tarixli icra sənədinə əsasən 11860 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən ödəməkdən imtina etmiş, beləliklə icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu barədə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 27 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 izahatında göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-674/2015 nömrəli, 14 may 2015-ci il tarixli icra sənədinə əsasən Şəxs ödəməli olduğu aliment məbləğini ödəməkdən daimi yayınmış, tərəfindən Şəxs barəsində 3 dəfə axtarış elan olunmasına dair qərar qəbul edilmiş və həmin qərarlar icra olunması üçün Ağdaş rayon Polis Şöbəsinə göndərilmişdir. Şəxs Ağdaş rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Lakin tələbkar İcra şöbəsində ərizə yazaraq borclunun həbs edilməməsini xahiş etmişdir. Hazırda yenidən eyni prosesin təkararlanacağını düşündüyündən tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şaiq Məmmədov verilən sualları cavablandıraraq bildirmişdir ki, məhkəmə qətnaməsi icra məmuru Sahib Hümmətovun icraatına daxil olmuş, sonradan isə onun icraatına keçirilmişdir. İcra sənədi onun icraatında olduğu müddətdə borclu tərəfindən heç bir ödəniş edilməmiş, icra sənədinin icrasına laqeyd yanaşmışdır. Hazırda borclunun 11860 manat məbləğində borcu vardır. Borclu tələbkarla söhbətlər apararaq yenə də tələbkarı razı salaraq borcu ödəməkdən yayınmağa çalışır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, səhhətində problemlər olduğundan işləyə bilmir. Belə ki, ayaqlarında tormplar var. 15 gün işlədikdə bir həftə yataqda yatır və qazandığı pulları da dərmanlara verir. Bakı şəhərinə işləmək üçün getmiş və orada da “Cop”-la əlaqədar hər yer bağlı olduğundan işləyə bilməmişdir. Maddi imkanı olmadığından aliment borcunu ödəyə bilmir. Məhkəmə iclasında Şəxs verilən sualları cavablandıraraq bildirmişdir ki, 8 il əvvəl aliment borcunu ödəmədiyindən inzibati qaydada 10 gün müddətinə həbs edilmişdir. Sonuncu dəfə aliment borcundan ödəniş etdiyini xatırlamır. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Şəxsla aralarında qeydə alınmış nikah pozulmadan alimnet tələb etmişdir. Belə ki, Şəxs qızı 8 aylıq olan vaxtdan evi tərk etmiş, hazırda qızının 15 yaşı var. Uşağın birinin qolu şikəstdir və o, uşağı ildə üç dəfə olmaqla Bakı şəhərinə müayinə və müalicəyə aparır. Şəxs bir dəfə də olsa uşaqları ilə maraqlanmır, uşaqların saxlanılmasında ona maddi yardım göstərmir. Hətta uşağı Bakı şəhərinə müalicəyə apardıqda məlumat vermiş, lakin Şəxs uşağı ilə maraqlanmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilən sualları cavablandıraraq bildirmişdir ki, o, müəllim işləyir və 800 manat əmək haqqı alır. Aldığı əmək haqqı ilə uşaqları saxlayır və xəstə uşağının müayinə və müalicələri ilə də özü məşğul olur. Şəxs yalnız son dörd ildə ümumilikdə 400 manat məbləğində ödəniş etmişdir. Hazırda aliment borcunun ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş Rayon Məhkəməsinin 2(014)-674/2015 nömrəli, 14 may 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, xx xxxxxx 1970-ci il tarixdə Ağdaş rayonu, Kükəl kəndində anadan olmuş, Ağdaş rayonu, Kükəl kəndində yaşayan Şəxs 01 aprel 2015-ci il tarixdən başlayaraq, 22 fevral 2009-cu il tarixdə anadan olmuş X3 və 22 fevral 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşaq üçün 70 (yetmiş) manat alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Şəxs iddianın təmin edilmiş hissəsinə münasib olaraq 10 (on) manat dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 01 iyul 2015-ci il tarixli icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, həmin tarixdə Ağdaş Rayon Məhkəməsinin 2(014)-674/2015 nömrəli, 14 may 2015-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin 8(014)-702/2015 nömrəli, 12 oktyabr 2015-ci il tarixli qərardadının surətindən görünür ki, Ağdaş rayonu, Kükəl kəndində yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 10 sentyabr 2015-ci il, 13 noyabr 2023-cü il, 08 yanvar 2024-cü il və 16 noyabr 2024-cü il tarixli borclunun axtarılması haqqında qərarların surətindən görünür ki, Ağdaş rayonu, Kükəl kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Ağdaş rayon Polis Şöbəsinin 27 noyabr 2024-cü il tarixli məktubunun surətindən görünür ki, aliment ödəməkdən boyun qaçırdığı üçün barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən 21 noyabr 2024-cü il tarixdə 222564 ssaylı axtarış işi açılmış xx xxxxxx 1970-ci ildə Ağdaş rayonu, kükəl kəndində anadan olmuş, Ağdaş rayonu, Kükəl kəndində qeydiyyatda olan Şəxs tapılaraq Ağdaş rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Ağdaş Rayon Məhkəməsinin 3(014)-108/2016 nömrəli, 18 aprel 2016-cı il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun və tələbkarın nümayəndəsinin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Ağdaş Rayon Məhkəməsinin 2(014)-674/2015 nömrəli, 14 may 2015ci il tarixli icra sənədinin icrasını tam təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin qənaətinə görə hazırki vəziyyətdə Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan cərimə tənbehinin tətbiq edilməsi ağlabatan deyil. Belə ki, onun inzibati məsuliyyətə cəlb edildiyi xəta özlüyündə pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Şəxs məhkəmə iclası zamanı aliment borcunu tam olaraq ödəməyə maddi imkanının olmadığını bildirdiyindən məhkəmə hesab edir ki, icra sənədi üzrə borcu tam ödəyə bilmədiyi halda Şəxs barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması nəticə etibarilə məhkəmə qərarının icrasız qalmasına səbəb ola bilər. Odur ki, Şəxs inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmə daha əsaslı hesab edir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində müəyyən müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbs müddətinin əvvəli 27 noyabr 2024-cü il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 27 noyabr 2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(014)-553/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-553/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver