Məhkəmə qərarları › İş №3(014)-554/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-554/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-554/2024 28.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 30 avqust 1999-cu ildə Kostroma şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fəhlə işləyən, Ağdaş rayonunun Ləki qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Ağdaş Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(014)- 406/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 379,83 manat, Ağdaş Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(014)-592/2023 saylı icra vərəqəsinə əsasən 1516,69 manat məbləğində borc alınaraq “X7 Azərbaycan” QSC-yə, Ağdaş Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(014)-901/2023 saylı icra vərəqəsinə əsasən 2343,59 manat məbləğində borc alınaraq “X3” ASC-yə ödənilməsi nəzərdə tutulmuş, Şəxs həmin borcları üzrsüz səbəbdən ödəməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 verdiyi izahatında bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(014)-406/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 379,83 manat, Ağdaş Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(014)- 592/2023 saylı icra vərəqəsinə əsasən 1516,69 manat məbləğində borc alınaraq “X7 Azərbaycan” QSC-yə, Ağdaş Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(014)- 901/2023 saylı icra vərəqəsinə əsasən 2343,59 manat məbləğində borc alınaraq “X3” ASC-yə ödənilməlidir. Həmin icra vərəqələri üzrə ümumilikdə təxminən 4200 manata qədər borc hesablanmışdır. Şəxs dediyinə görə həmin borclardan 2023-cü il tarixdən ödənişlər etmiş, lakin ödənişə dair qəbzləri təqdim etməmişdir. Şəxs barəsində axtarış elan olunmuş və axtarış nəticəsində yeri müəyyən edildikdən sonra İcra şöbəsinə gətirilərək təhvil verilmişdir. Bundan sonra barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirdi ki, dostu ilə mebel sexi açmaq üçün kredit götürmüşdür. Lakin sonrada nmebel sexini işlədə bilməmişlər. Ailənin dolanışını atası və özü təmin edir. Maddi sıxıntıları olduğundan borcu ödəyə bilməmişdir. İcra vərəqəsinin birində borc 300 manat yazılsa da o, həmin borcdan ödənişlər etmiş və təxmini 170 manat məbləğində borcu qalmışdır. Ödənişə dair qəbzlər maşınında qalmışdır. Həmin ödənişlər “X7 Azərbaycan” QSC-yə olan borcuna aiddir. “X3” ASC-dən ödənişlə bağlı ona zəng edilmiş, o da ödəniş etməkdə çətinlik çəkdiyini bildirmiş, bankdan isə ona borcdan az miqdarda da olsa ödəniş edilməsinə dair göstəriş verilmişdir. Hazırda ödəniş edə bilmir. Lakin həftənin şənbə günü ödəniş edə biləcəkdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, e- 2(014)-406/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, X7 Azərbaycan” QSC ilə Şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq müqaviləyə əsasən Şəxs əsas borc üzrə 291,78 manat, faiz borcu üzrə 25,03 manat, cərimə borcu üzrə 26,22 manat, komissiyalar üzrə 2 manat, bildirişin göndərilməsi üzrə poçt xərci 4,80 manat olmaqla, cəmi 349,83 (üç yüz qırx doqquz manat, səksən üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq “X7 Azərbaycan” QSC-yə verilməlidir. İş materiallarında olan 06 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, həmin tarixdə Şəxs barəsində icra sənədinin icraatına başlanılmışdır. İş materiallarında olan 06 iyul 2023-cü il tarixli, 153099/2023-71-4-003 saylı bildirişin surətindən görünür ki, Şəxs bildiriş 06 iyul 2023-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(014)-592/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, “X7 Azərbaycan” QSC ilə Şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № 279474 saylı kredit müqaviləsinə əsasən Şəxs əsas borc üzrə 1377,45 manat, faiz borcu üzrə 119,14 manat, cərimə borcu üzrə 14,99 manat olmaqla, cəmi 1511,58 (min beş yüz on bir manat, əlli səkkiz qəpik) manat məbləğində borc və 35,11 (otuz beş manat, on bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq “X7 Azərbaycan” QSC-yə verilməlidir. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, həmin tarixdə Şəxs barəsində icra sənədinin icraatına başlanılmışdır. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli, 168570/2023-71-4-003 saylı bildirişin surətindən görünür ki, Şəxs bildiriş 20 iyul 2023-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan 06 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, həmin tarixdə Şəxs barəsində icra sənədinin icraatına başlanılmışdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(014)-901/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, "xxxx" KB ASC ilə Şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2731nkADJb/22saylı kredit müqaviləsinə əsasən Şəxs 1886.68 (min səkkiz yüz səksən altı manat, altmış səkkiz qəpik) manat əsas borc, 400.20 (dörd yüz manat, iyirmiqəpik) manat faiz borcu, 13.30 (on üçmanat, otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2300.18 (iki min üç yüzmanat, on səkkiz qəpik) manat məbləğində borc və 43.01 (qırx üç manat, sıfır bir qəpik) manat ödənilmiş dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqının əvəzi alınaraq "xxxx" KB ASC-yə verilməlidir. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, həmin tarixdə Şəxs barəsində icra sənədinin icraatına başlanılmışdır. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli, 216344/2023-71-4-2023 saylı bildirişin surətindən görünür ki, Şəxs bildiriş 11 sentyabr 2023-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan 29 may 2024-cü il və 25 sentyabr 2024-cü il tarixli borclunun axtarışı haqqında qərarların surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək üzürsüz səbəblərdən çağırışlara gəlməməsini, yalnız polis əməkdaşları tərəfindən məcburi qaydada gətirildiyini nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbsetmənin əvvəli 28 noyabr 2024-cü il tarixdən saat 18:35-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 28 noyabr 2024-cü il tarixdən saat 18:35-dən hesablansın. Qərarın icrası Ağdaş Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar