Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-555/2024 16.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Səlahiyyətli şəxs: Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxxxxx 2006-cı ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə 27 noyabr 2024cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs 25 noyabr 2024-cü il tarixdə saat 21:30 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən kafedə pul qarşılığında mərc edərək domino oynamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 25 noyabr 2024-cü il tarixdə saat 21:30 radələrində 4 nəfər birlikdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən çayxanada domino vasitəsi ilə qumar oynamışlar. Belə ki, həmin fakt Ağdaş rayon X16 Patrul Xidmətinin əməkdaşları Tahirzadə Fərid və Əhmədov Orxan tərəfindən aşkar edilmiş və bu barədə rəhbərliyə məlumat verilərək dərhal raport tərtib edilmişdir. Həmin raport icraatına daxil olduqdan sonra araşdırma aparılmış və araşdırma zamanı Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tələblərinin pozulması müəyyən olunmuşdur. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 25 noyabr 2024-cü il tarixdə saat 21:00 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən çayxanada həmkəndiçiləri Nihat, Elgün və Muradla birgə domino oynamışdılar. Domino oynayan zaman 4 çaynik çay sifariş vermişdilər. Domino oynayıb qurtardıqdan sonra hər biri 1 manat olmaqla çayın pulunu vermişlər. Daha sonra polis əməkdaşları çayxanaya yaxınlaşmışlar. Polis əməkdaşları ona maşına əyləşməsini və Polis Şöbəsinə getməli olduqlarını bildirmişlər. Daha sonra ona qumar oynadıqlarını bildirmişlər, lakin o, qumar oynamamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında sualları cavablandıraraq bildirdi ki, o, Murad Əliyev, Nihat Yusibov və Elgün Qasımovla birlikdə dörd çaynik çay içmişlər və həmin çayın pulunu vermişlər. Masanın üzərində on manat pul olmamışdır. Onlar qumar oynamamışlar. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, bir aya yaxındır ki, Ağdaş rayonu, Yuxarı Ləki kəndində “çayxana” işlədir və kənd sakinləri gəlib “çayxana”da çay içib, domino oynamışlar. Çay içərkən çayın pulu çay içilən zaman və ya sonda ödənilmişdir. Həmçinin çayxanada olan şəxslər sifariş verdikləri çayın pulunu öz aralarında, yəni kimin nəyə gücü çatsa toplayıb masanın üzərinə qoymuşlar. “Çayxana”da domino oynanılsa da, pul qarşılığında oynanılmır. Belə ki, birmənalı olaraq özü buna icazə verməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, yəni Şəxs tanıyır, lakin Şəxs onun çayxanasında qumar oynamamışdır. Məhkəmə iclasında şahid Zahir Hacıyev verilən sualları cavablandıraraq bildirdi ki, onun “çayxana”sında heç vaxt pulla domino və ya başqa oyunlar oynanılmır. Diskə baxış zamanı videoçəkilişdə bir nəfər şəxsin masaya qoyduğu pul çay puludur və mərc oyunu üçün qoyulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, 25 noyabr 2024-cü il tarixdə “Dostluq” kafesi deyilən məkanda qumar oynanılmasına dair videogörüntü onlara göndərilmişdir. Onlar həmin görüntüyə əsasən sözügedən kafeyə yaxınlaşmışlar. Həmin vaxt Şəxs kafedə olmuşdur. Kafeyə daxil olan zaman videogörüntüdə gördükləri şəxslərin masasına yaxınlaşmışlar. Həmin vaxt masanın üzərində 1 manatlıq əskinazlarla 10 manat pul və domino daşları olmuşdur. Qeyd edilən şəxsləri, o cümlədən 10 manat pulu və domino daşlarını götürüb Ağdaş rayon Polis Şöbəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid Fərid Tahirzadə sualları cavablandırarkən bildirdi ki, o, Şəxsla maşına əyləşdiyindən Orxan adlı polis əməkdaşı maddi sübutları götürmüşdür. Sübutların götürülməsində heç bir prosessual hərəkətlər, yəni maddi sübutun şəkillərini çəkməmişlər, eləcə də bununla bağlı kafedə akt tərtib etməmişlər. Maddi sübutlara əlavə edilmiş pul vəsaiti manatlıqlar olmaqla 10 manat təşkil etmişdir. Həmin pul məbləği və domino daşları tərəfindən sahə rəisinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 şahid Fərid Tahirzadə ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid Orxan Əhmədov sualları cavablandırarkən bildirdi ki, onlar kafeyə daxil olduqda 10 manat məbləğində pul masanın üzərində olmuş və masanın ətrafında dəqiq xatırlamır, iki və ya üç nəfər şəxs olmuşdur. Tərlan həmin vaxt orada olmuşdur. Maddi sübut olan 10 manat məbləğində pul və domino daşlarını Fərid götürmüş, lakin maddi sübutları götürərkən nə videoçəkiliş aparılmamış, nə də protokol və akt tərtib edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X10, X8, X11 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ağdaş Rayon Polis Şöbəsinə ünvanladıqları izahatlarından görünür ki, onlar bir masa arxasında oturub 4 çaynik çay sifariş verərək domino oynamışlar, hər biri bir manat olmaqla sifariş verdikləri çayın pulunu ödəmişlər. Onlar dominonu pul müqabilində oynamamışlar, hər hansı qumar oyununda iştirak etməmişlər. Ağdaş rayon Polis Şöbəsinin 25 noyabr 2024-cü il tarixli protokolundan görünür ki, həmin protokol Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları Orxan Əhmədzadə və Fərid Tahirzadənin iştirakları ilə tərtib olunmuş, Ağdaş rayon Yuxarı Ləki kəndində yerləşən çayxanada qumar oyunu oynayan bir neçə şəxsin qumar oynamaq üçün istifadə etdikləri 28 ədəd domino daşı və 1 manatlıq əskinaslar olmaqla ümumilikdə 10 manat pul götürülmüşdür. Ağdaş rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Fərid Tahirzadənin 25 noyabr 2024-cü il tarixli raportundan görünür ki, 25 noyabr 2024-cü il tarixdə saat 21:30 radələrində Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları Orxan Əhmədzadə ilə birlikdə Ağdaş rayon Yuxarı Ləki kəndində xidmətdə olarkən həmin kənddə yerləşən çayxanada bir neçə şəxsin domino oyun daşı vasitəsi ilə qumar oynamaları aşkar olunmuş, həmin şəxslər maddi sübutlarla birlikdə Ağdaş RPŞ-yə gətirilmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 5-ci maddəsində qeyd olunur ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, qumar oyununda iştirak etmək, yəni qumar oynamaq inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsinin qeyd hissəsinin 1-ci hissəsinə görə isə həmin Məcəllədə “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. Qeyd edilən normaların tələbinə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normaların tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilən sənədlərdən və işin araşdırılmış hallarından Şəxs 27 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilən vaxtda və yerdə, yəni 27 noyabr 2024-cü ildə Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən çayxanada qumar oynaması öz təsdiqini tapmır. Belə ki, səlahiyyətli şəxs tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolu, əşya və sənədlərin götürülməsi barədə protokolu məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətaları törətməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokolda səlahiyyətli şəxs tərəfindən baş vermiş inzibati xəta faktının raport və videoçəkilişlə tam sübuta yetirilməsi qeyd edilsə də videoçəkiliş hazırki iş üzrə məhkəmə iclasında nümayiş etdirilimiş və müəyyən olunmuşdur ki, qumar oynanılması iddia edilən kafedəki masanın üzərində domino daşları vardır. Həmin masanın arxasında oturan və məhkəmə iclasında şəxsiyyəti müəyyən olunan X10 cibindən bir manat pul çıxarıb masanın üzərinə qoyur. Murad Əliyev masanın üzərinə bir manat pul qoysa da, həmin pulun kimə və hansı məqsədlə verilməsi məlum deyil. X18 Rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, cibindən çıxarıb masanın üzərinə qoyduğu 1 manat pul sifariş verdiyi çayın pulu olmuşdur. Murad Əliyevin izahatında göstərdiyi bu xüsusatı, yəni onun masanın üzərinə qoyduğu 1 manat pul sifariş verilən çay pulu olmasını həmin vaxt kafedə olan X10, Şəxs İmran oğlu və Şəxs Ağdaş Rayon Polis Şöbəsinə ünvanladıqları izahatları (vidoçəkilişdə həmin şəxslər görünməsə də, onların masanın ətrafında olmaları özlərinin izahatları ilə müəyyən edilir) ilə təsdiq etmişlər. Bundan başqa, məhkəmə iclasında Şəxs heç bir qumar oyununda iştirak etmədiyini bildirməklə yanaşı, polis bölməsində inzibati xəta haqqında protokolda olan qeyddə, o cümlədən, yazılı izahatında da qumar oyununda iştirak etmədiyini, masanın üzərində domino daşları olsa da, 10 manat pulun olmamasını, polis əməkdaşları onu küçədə saxlayaraq əvvəl özləri ilə qeyd edilən kafeyə, daha sonra isə əsassız olaraq polis bölməsinə apardıqlarını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Məhkəmə iclasında Ağdaş Rayon X16 patrul xidməti bölüyünün polis nəfəri X6 və X2 daxil olan zaman masanın üzərində domino daşlarının və 1 manatlıq əskinazlardan ibarət cəmi 10 manat məbləğində pulun olmasını, domino daşlarını və qeyd edilən həmin pulu maddi sübut kimi götürmələrini izahatlarında bildirsələr də, sözügedən kafedən götürülməsi iddia olunan maddi sübutların fotoşəkilləri çəkilməmiş, nə də səlahiyyətli şəxs tərəfindən inzibati xəta haqqında protokolda bu haqda qeydlər edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Ağdaş rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, eləcə də səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadığından Şəxs barəsində 27 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol əsassız olaraq tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53.2-ci maddəsində hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. İş üzrə maddi sübutlar- domino daşları və 10 manat pul X7 təhvil verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraatda Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilsin. İş üzrə maddi sübut - domino daşları və 10 manat pul X7 təhvil verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-555/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-555/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver