Məhkəmə qərarları › İş №3(014)-561/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-561/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-561/2022 19.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Ağdaş rayonu Yuxarı Qəsil kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, “Yarpaq Dönər” adlı dönnərxana işlədən, Ağdaş rayonu Yuxarı Qəsil kəndində qeydiyyatda olan və yaşayan. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 19 oktyabr 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X7 tərəfindən Şəxs barəsində 10 oktyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 10 oktyabr 2022-ci il tarixdə saat 21:00 radələrində Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Yarpaq Dönər” adlı dönnərxanada yeddi nəfərin iştrakı ilə qanunla müəyyən edilmiş qaydaları pozaraq dini yığıncaq təşkil etməklə Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X7 izah etdi ki, Şəxs 10 oktyabr 2022-ci il tarixdə saat 21:00 radələrində Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Yarpaq Dönər” adlı dönnərxanada nəfərin iştrakı ilə qanunla müəyyən edilmiş qaydaları pozaraq dini yığıncaq təşkil etmiş, bununla bağlı tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış, bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahatında Ağdaş rayonu Yuxarı Qəsil kəndində qeydiyyatda olmaqla və yaşadığını, Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Yarpaq Dönər” adlı dönnərxananı icarəyə götürməklə işlətdiyini, 10 oktyabr 2022-ci il tarixdə saat 21:00 radələrində dayısı Mirsaiq və onun işçiləri Elçin və Elnur həmin dönnərxanaya gəldiklərini, bir müddət sonra bacısı oğlu İlqar, dayısı oğlu Səlim, daha sonra həmkəndliləri Araz və Fəqan gəldiklərini, orada dönər yediklərini, onların dönərxanaya gəlmələrini hər hansi bir formada təşkil etmədiyini, dönnərxanada hər hansı bir dini yığıncaq və ya mərasim təşkil etmədiyini, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliğini aparmadığını, buna görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş X8 izahatında Şəxs onun doğma bacısı oğlu olduğunu, Ceyhunun Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Yarpaq Dönər” adlı dönnərxananı icarəyə götürməklə işlətdiyini, 10 oktyabr 2022-ci il tarixdə saat 21:00 radələrində işçiləri Elçin və Elnur ilə həmin dönnərxanaya gəldiklərini, bir müddət sonra qohumları İlqar və Səlim, daha sonra həmkəndliləri Araz və Fəqan gəldiklərini, orada dönər yediklərini, daha sonra orada çay içdiklərini, həmin dönərxanada dini yığıncaq və ya mərasim təşkil edilmədiyini bildirdi. Məhkəmə iclasında şahidlər X4 və X9 məhkəmə iclasında şahid qismində izahat vermiş X3 izahatında göstərdiyi xüsusatlarla eyni məzmunlu izahat vermişlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş X11 izahatında Şəxs onun doğma dayısı olduğunu, Ceyhunun Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Yarpaq Dönər” adlı dönnərxananı icarəyə götürməklə işlətdiyini, 10 oktyabr 2022-ci il tarixdə saat 21:00 radələrində həmin dönnərxanaya gəldiyini, həmin vaxtı orada Ceyhunun dayısı Mirsaiq və onun işçiləri Elçin və Elnurun dönər yediklərini gördüyünü, o da dönər sifariş verdiyini, daha sonra ordaya qohumu Səlim və həmkəndliləri Araz və Fəqan gəldiklərini, orada dönər yediklərini, daha sonra orada çay içdiklərini, həmin dönərxanada dini yığıncaq və ya mərasim təşkil edilmədiyini bildirdi. Məhkəmə iclasında şahid X12, X10 və X1 məhkəmə iclasında şahid qismində izahat vermiş X5 izahatında göstərdiyi xüsusatlarla eyni məzmunlu izahat vermişlər. Məhkəmə, təqdim olunan sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetməmişdir. Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına - fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasində qeyd edilir ki, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Həmin Qanunun 30-cu maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, İXM-də və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Yuxarıda sadalanana Qanunların mənasından göründüyü kimi əməldə inzibati xətanın tərkibi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsi və iş üzrə şahidləri dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, Şəxs icarəyə götürdüyü Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Yarpaq Dönər” adlı dönnərxanaya 10 oktyabr 2022-ci il tarixdə saat 21:00 radələrində dayısı Mirsaiqin və onun işçiləri Elçin və Elnurun, sonra bacısı oğlu İlqarın, dayısı oğlu Səlimin, daha sonra həmkəndliləri Araz və Fəqanın gəlməkləri təsadüfidir. Ceyhun onlarla hər hansı bir formada danışıqlar aparmamış, onların dönərxanaya gəlmələrini hər hansi bir formada təşkil etməmiş, dönnərxanada hər hansı bir dini yığıncaq və ya mərasim təşkil etməmiş, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliğini aparmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə tərtib edilmiş inzibati protokolla bağlı inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə tərtib edilmiş 10 oktyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar