Məhkəmə qərarları › İş №3(014)-568/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-568/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-568/2024 29.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional şöbəsinin 27 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayətə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional şöbəsinin 27 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xıta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional şöbəsi tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli qərara əsasən Zəka Ələkbərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar 01 iyul 2024-cü il tarixdə poçt vasitəsi ilə X1 çatdrıılmışdır. Zəka Ələkbərov şikayət ərizəsi ilə məhkəməyə 29 noyabr 2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi Zəka Ələkbərov həmin qərardan qanunda nəzərdə tutulmuş qaydada on günlük şikayət vermə müddətini ötürmüşdür. Bundan başqa, Zəka Ələkbərov ötürülmüş müddətin bərpası barədə səlahiyyətli orqana vəsatətlə müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İnzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir (İXM-in 57.5-ci maddəsi). 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 131.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Göründüyü kimi, qeyd olunan maddələrin mənasına görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional şöbəsinin inzibati xəta haqqında qərarının surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət verilə bilər və əgər şikayət vaxtında verilməmişdirsə, şikayət verən şəxsin vəsatəti ilə bu müddət səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Zəka Ələkbərov şikayət vermə müddətini ötürmüş və bu məsələ ilə bağlı səlahiyyətli orqan (vəzifəli şəxs) olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional şöbəsi qarşısında müddətin bərpası barədə vəsatət verilməmişdir. Belə ki, məhkəmənin mövqeyinə görə, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş hallardır və prosessual müddətlərin buraxılıb-buraxılmamasının müəyyən edilməsi ilə bağlı məsələlər İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilməlidir. Azərbaycan Respublikasınin İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsi həll edilir. İnzibati Xətalar Məcəlləsinin 132.3-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin yuxarıda bəhs edilən vəziyyətdə məhkəmə tərəfindən hansı qərarların qəbul edə bilməsinin dairəsi və hədləri müəyyən edilməmişdir. Lakin Cinayət-Prosessual Məcəlləsində apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi qaydasına, apellyasiya şikayətinə və ya apellyasiya protestinə dair tələblərə, həmçinin apellyasiya şikayətinin və apellyasiya protestinin verilməsinin nəticələrinə dair müddəalar öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 noyabr 2021-ci il tarixli qərarında həmin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarına istinad edilməklə qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Həmin Məcəlləninin 391.4-cü maddəsinə əsəasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Beləliklə, hazırki iş üzrə ötürülmüş prosessual müddətin bərpasına səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılmalı olduğundan, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Zəka Ələkbərov tərəfindən verilmiş şikayət geri qaytarılmalı, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən tələblərin yerinə yetirilməsi üçün məhkəmənin hazırkı qərardadı Zəka Ələkbərova rəsmi qaydada çatdırıldıqdan sonra səlahiyyətli orqan (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional şöbəsi) qarşısında müddətin bərpası barədə vəsatət qaldırmaq üçün iyirmi gün müddət təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional şöbəsi tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli qərarından qanunda nəzərdə tutulmuş şikayət vermə müddətinin bərpa edilməsinə dair müəyyən edilmiş tələblərin yerinə yetirilməsi üçün Zəka Ələkbərova qaytarılsın. Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən tələblərin yerinə yetirilməsi üçün məhkəmənin hazırkı qərardadı və məhkəməyə təqdim edilən sənədlər Zəka Ələkbərova rəsmi qaydada çatdırıldıqdan sonra səlahiyyətli orqan (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional şöbəsi) qarşısında müddətin bərpası barədə vəsatət qaldırmaq üçün iyirmi gün müddət təyin edilsin. Müddətin bərpası barədə vəsatət təmin ediləcəyi təqdirdə yenidən şikayətlə məhkəməyə müraciət etmək hüququ, müddətin bərpasından imtina ediləcəyi təqdirdə isə hər ikisindən-müddətin bərpası haqqında imtina qərardadından və inzibati tənbeh haqqında qərardan eyni anda məhkəməyə şikayət vermək hüququ izah edilsin. Qərardaddan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar