Məhkəmə qərarları › İş №3(014)-570/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-570/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-570/2024 29.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1960-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, hazırda heç yerdə işləməyən, Ağdaş şəhəri, M.ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 28 noyabr 2024-cü il tarixdə Ağdaş şəhəri, M.Fizuli küçəsində ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz hərəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa, Şəxs 28 noyabr 2024-cü il tarixdə ünvan 3 ünvanında qanunsuz olaraq psixotrop maddə -metamfetamin qəbul etməsi aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X5 bildirdi ki, 28 noyabr 2024-cü il tarixdə Ağdaş şəhər sakini Şəxs narkotik vasitələrdən istifadə etməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın doğruluğunu yoxlamaq məqsədi ilə Şəxs yaşadığı Ağdaş şəhəri M.Fizuli küçəsində yerləşən evinə baxış keçirilərkən Şəxs həmin küçədə ucadan qışqıraraq səsküy salaraq polisin qanuni tələblərinə tabe olmamışdır. O, öz qanunsuz hərəkətlərini davam etdirərək ictimai qaydanı pozmağa davam etdiyindən onu Ağdaş rayon Polis Şöbəsinə gətirərək Növbətçi hissəyə təhvil vermişlər. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmiş və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra Şəxs narkoloji yoxlamadan keçirilməsi üçün Gəncə şəhər Narkoloji Dispanserə göndərilmiş və sidiyində THC (marixana) AMP amfetamin aşkar edilmişdir. Bununla da bağlı Mirələm Mustafeyev barəsində Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, dünən, yəni 28 noyabr 2024-cü il tarixdə yeni tanış olduğu Şəhanə adlı qadın ona zəng edərək bir nəfər şəxsdə narkotik vasitə olduğunu və alıb gətirməsini bildirmişdir. O, həmin şəxsdən narkotik vasitəni alaraq yaşadığı evə gəlmiş və Şəhanə adlı qadınla həmin narkotik vasitədən istifadə etmişdir. Bundan sonra küçədə olarkən polis əməkdaşları gələrək onun evinə baxış keçirmişlər və o, polis əməkdaşlarına qarşı heç bir kobud hərəkət etməmiş və ya nalayiq ifadələr işlətməmişdir. Daha sonra Şəxs məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, o, əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda da cəza çəkir. Uzun müddətdir ki, narkotik vasitədən istifadə etmirdi. İlk dəfə patıdan dünən istifadə etmişdir. Onun tərəfindən polis əməkdaşlarına qarşı hər hansı tabesizlik olmamışdır. Onun evinə baxış keçirilərkən evdə heç kim olmamış, o polis şöbəsinə aparılarkən küçədə heç kim olmamışdır. Həmin psixotrop maddəni qardaşı oğlu Talehdən almış, hamı onu Bəxtiyar kimi tanıyır. Şahid məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, anonim bir şəxs tərəfindən 28 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edilərək, Şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi bildirilmiş və bununla əlaqədar icraatına raport daxil olmuşdur. Daxil olmuş raportun icrası ilə bağlı 28 noyabr 2024-cü il tarixdə saat 19:45 radələrində Ağdaş RPŞ-in CAB-in əməliyyat müvəkkili, polis leytenantı Rauf Raufzadə ilə birlikdə Ağdaş şəhəri, M.Füzuli küçəsində Şəxs yaxınlaşaraq özlərini təqdim edib barəsində Ağdaş RPŞ-in ТВ-də araşdırması aparılan material ilə bağlı izahatının alınması zərurətinin yarandığını bildirərək onu Ağdaş RPŞ-yə dəvət edən zaman, həmin şəxs ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyməyə başladı və onlar həmin şəxsdən sakit olmasını, ictimai qaydanı pozmamasını və Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tələblərini pozduğunu izah etsələr də həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq ucadan qışqıraraq RPŞ-nə getməyəcəyini bildirərək öz əməllərini davam etdirdiyi üçün həmin şəxsi RPŞ-nə gətirərək RPŞ-in Növbətçi Hissəsinə təhvil vermişlər. Şahid məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, həmin şəxsi evinin yaxınlığında küçədə saxlamışlar və həmin vaxt ətrafda heç kim olmamışdır. Şəxs evinə o, və polis əməkdaşı Raufla birlikdə getmişdir. Şəxs özlərini təqdim etdikdən sonra o, onların ünvanına söyüş söyməyə başlamış, dəfələrlə ona sakit olmasını tələb etsələr də həmin şəxs onların sözünə məhəl qoymamış və onların həmin şəxsin psoxotrop vasitənin təsiri altında olması onlara məlum olmuşdur. Orada Şəhanə adlı qadın olmamışdır. Daha sonra məlum olmuşdur ki, həmin şəxsin məhkumluğu var və hazırda da üzərində elektron nəzarət vasitəsi daşıyır. İş materiallarında olan 28 noyabr 2024-cü il tarixdə rayon X7 X3 üzrə əməliyyat müvəkkili Şahid tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəisi Vəfalı Həsənalıyevə ünvanlanmış raportdan görünür ki, anonimliyin qorunmasını xahiş etmiş şəxsin 28 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, xx xxxxxxxx 1960-cı ildə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhəri, M.ünvan 1-da yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsini bildirməsi ilə əlaqədar icraatına RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı Qoşqar Bəkirovun raportu daxil olmuşdur. Daxil olmuş raportun icrası ilə bağlı, 28 noyabr 2024-cü il tarixdə saat 19:45 radələrində Ağdaş RPŞ-in CAB-in əməliyyat müvəkkili, polis leytenantı Rauf Raufzadə ilə birlikdə Ağdaş şəhəri, M.Füzuli küçəsində Şəxs yaxınlaşaraq özlərini təqdim edərək barəsində Ağdaş RPŞ-in TB-də araşdırması aparılan material ilə bağlı izahatının alınması zərurətinin yarandığını bildirərək onu Ağdaş RPŞ-yə dəvət edən zaman, həmin şəxs ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyməyə başlamış və onlar həmin şəxsdən sakit olması, ictimai qaydanı pozmamasını və Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tələblərini pozduğunu izah etsələr də həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq ucadan qışqıraraq RPŞ-nə getməyəcəyini bildirərək öz əməllərini davam etdirdiyi üçün həmin şəxsi RPŞ-nə gətirərək RPŞ-in Növbətçi Hissəsinə təhvil vermişlər və həmin şəxs öz əməllərini RPŞ-in inzibati binasında da təkrarlamışdır. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Şəxs barəsində kartotekasında heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 29 noyabr 2024-cü il tarixli, 1904 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən epizodik istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 29 noyabr 2024-cü il tarixli, 4232/2024 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoldan görünür ki, Şəxs sidiyində THC (marixuana) AMP metamfetamin aşkar edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 28 noyabr 2024-cü il tarixdə saat 20:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi tam sübuta yetirilir, lakin Şəxs həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi şahidin və özünün izahatları ilə təsdiqini tapmamış, iş materialları ilə də həmin əməlin törədilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Eyni zamanda, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmadığını, məsuliyyətini ağırlaşdıran halı nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 206-cı maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, ona inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həbsetmənin əvvəli 28 noyabr 2024-cü il tarixdən, saat 20:10-dan hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs barəsində məcburi müalicə təyin edilməli, o, narkoloji kabinetdə qeydiyyata alınmalı və qərar bu hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutulan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 28 noyabr 2024-cü il tarixdən saat 20:10-dan hesablansın. Şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin olunsun. Şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar