Məhkəmə qərarları › İş №3(014)-571/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-571/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-571/2024 03.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxxx 1990-cı ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 02 dekabr 2024-cü il tarixdə, saat 00:58 radələrində Ağdaş şəhərində Dördyol deyilən ərazidə küçədə səs-küy salaraq ünvansız küçə söyüşləri söyüb xırda xuliqanlıq etmiş, ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələbini pozmuşdur. Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən 03 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və protokola baxılması üçün həmin tarixdə qərar qəbul edilərək aidiyyatı üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis Şöbəsinin X1 polis sahə rəisi X3 bildirdi ki, 02 dekabr 2024-cü il tarixdə saat 00:58 radələrində Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları Ağdaş şəhərində Dördyol deyilən ərazidə yerləşən Həyat kafesinin qarşısında ucadan səs-küy gəldiyini, nalayiq ifadələr işlədildiyini eşidib həmin yerə yaxınlaşmışlar və orada Şəxs və başqa bir nəfər şəxsin mübahisə edərək səs-küy saldıqlarını görmüşlər. Polis əməkdaşları həmin şəxslərdən sakit olmalarını və səs-küy salmamalarını tələb etsələr də, həmin şəxslər sərxoş olduqlarından polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışlar. Bundan sonra həmin şəxslər Ağdaş rayon Polis Şöbəsinə gətirilmiş və barələrində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə özünü təqsirli bilərək, izahatında göstərdi ki, 02 dekabr 2024-cü il tarixdə bibisi oğlu ilə kafedə spirtli içki qəbul etdikdən sonra hesab çox gəldiyindən kafedə işləyən şəxslə aralarında mübahisə yaranmışdır. Bundan sonra onlar hesabı ödəyib çölə çıxmışlar və küçədə də mübahisə davam etmişdir. Həmin vaxt polis əməkdaşları həmin yerə gəlmişlər. Polis əməkdaşları onlardan maşına əyləşmələrini tələb etdikdə o, heç bir etiraz bildirmədən maşına əyləşmişdir. Daha sonra Şəxs verilən sualları cavablandıraraq bildirdi ki, polis əməkdaşları onları polis şöbəsinə dəvət edərkən tərəflərindən polis əməkdaşlarına qarşı hər hanı bir tabesizlik, onların qanuni tələblərinə tabe olmamaq, həmçinin hər hansı bir təzyiq və ya etiraz olmamışdır. Həmin vaxt spirtli içkinin təsiri altında olmasına baxmayaraq özünü idarə edə bildirdi. O, hadisə vaxtı heç bir nalayiq söyüşlər söyməmişdir, səs-küy salan bibisi oğlunu sakitləşdirmişdir. Kafeyə gəlməzdən 2-3 saat əvvəl bibisi oğlu ilə birlikdə 1 şüşə 0,5 litrlik araq içmişlər. Kafedə isə hərəsinə 4-5 bakal pivə sifariş verərək içmişlər. İlk dəfədir belə bir pozuntuya yol verir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, 02 dekabr 2024-cü il tarixdə saat 00:58 radələrində Post Patrul Xidmətinin manqa komandiri Şahid2la birlikdə Ağdaş rayon Dördyol ərazisində xidmətdə olarkən iki nəfər şəxsin küçədə ucadan qışqırdığını, səs-küy saldığını, ünvansız küçə söyüşləri söydüyünü görmüşlər. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib onlardan sakit olmalarını, ictimai qaydanı pozmamalarını tələb etmişlər. Lakin həmin şəxslər onların qanuni tələblərinə qəsdən tabe olmayaraq səs-küy salmağa, ünvansız küçə söyüşləri söyməyə davam etmişlər. Bundan sonra həmin şəxslərin şəxsiyyətini müəyyən etmək üçün Ağdaş rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Daha sonra Şahid1 verilən sualları cavablandıraraq bildirdi ki, Şəxs tərəfindən onlara qarşı hər hansı bir təsir və ya təzyiq olmamışdır. Belə ki, həmin şəxsləri Polis şöbəsinə gətirilmələri üçün maşına dəvət edərkən etiraz etmişlər, lakin sonradan həmin şəxslər razılşaraq maşına əyləşmişlər. Həmin şəxslər kafedə olan bir nəfər şəxsə söyüşlər söyürdülər. Onlar Şəxs və digər şəxsdən bir neçə dəfə söyüş söyməmələrini tələb etmişlər. Həmin şəxslərə yaxınlaşdıqda onların spritli içkinin təsiri altında olduqları məlum idi, həmçinin spirtli içkinin də qoxusu gəlirdi. O, həmin vaxt maşını idarə edirdi və ilk olaraq yanında olan polis əməkdaşı maşından düşərək hadisə yerinə yaxınlaşmışdır. Həmin vaxt ətrafda yanaqcaq doldurma məntəqəsinin işçiləri var idi və daha sonra kafedən digər şəxslər də çıxdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, onlar gecə növbəsində xidmət göstərirlər. 02 dekabr 2024-cü il tarixdə saat təminən gecə 12-ni keçmiş olardı. Ağdaş şəhəri Dördyol deyilən ərazidə Həyat kafesi deyilən yerə təxminən on nəfər şəxsin toplaşdığını görmüşlər. Həmin yerə yaxınlaşıb nə olduğunu öyrənərkən, sonradan tanıdığı Şəxs və digər şəxs onlara qarşı haqsızlıq olunduğunu bildirmişlər. O, nə olmasından asılı olmayaraq ictimai yerdə səs-küy salaraq söyüşlər söyməyin doğru olmadığını, həmçinin hər hansısa bir şikayət və ya narazılıqları olduğu halda aidiyyatı üzrə müraciət edib şikayət edə biləcəklərini izah etmişdir. Həmin şəxslərdən spirtli içki qoxusu gəlmiş və onların spirtli içkinin təsiri altında olmaları aşkar görünmüşdür. Dəfərlərlə həmin şəxslərdən sakit olmalarını tələb etsə də, Şəxs və onun yanında olan digər şəxs onun qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərinə davam etmişlər. Bundan sonra həmin şəxsləri götürərək Polis Şöbəsinə aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon X10 Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid1 tərəfindən Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 02 dekabr 2024-cü il tarixli raportdan görünür ki, 02 dekabr 2024-cü il tarixdə saat 00:58 radələrində Post Patrul Xidməti Bölməsinin manqa komandiri, polis baş serjantı Şahid2la birgə Ağdaş rayon Dördyol ərazisində xidmətdə olduqları zaman 2 nəfər şəxsin küçədə ucadan qışqırdığını, səs-küy saldığını, ünvansız küçə söyüşləri söydüyünü görmüşlər. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib onlardan sakit olmalarını, ictimai qaydanı pozmamağı tələb etmişlər. Həmin şəxslərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini izah etmişlər. Lakin həmin şəxslər onların qanuni tələblərinə qəsdən tabe olmayaraq səsküy salmağa, ünvansız küçə söyüşləri söyməyə davam etmişlər. Həmin şəxslərin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması əlamətləri olduğu üçün həmin şəxslərin şəxsiyyətini müəyyən etmək və barələrində qanuni tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Növbətçi hissədə həmin şəxslərin Ağdaş şəhəri, H.Hacıyev küçəsində qeydiyyatda olmaqla yaşayan Şəxs və Ağdaş şəhəri, Nəsimi küçəsində qeydiyyatda olmaqla yaşayan X8 olması müəyyən olunmuşdur. İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 02 dekabr 2024-cü il tarixdə, saat 01:28-də inzibati qaydada tutulmuşdur. Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli, 239 nömrəli əmrinə əsasən rayon X6 Hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat yoxdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs himayəsində iki azyaşlı övladı var. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Ağdaş şəhəri Dörd yol deyilən ərazidə səs-küy salaraq ünvansız küçə söyüşləri söyüb xırda xuliqanlıq etmiş, eyni zamanda polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin Məcəllənin 34.3 maddəsi nəzərə alınmaqla ona daha ciddi xətaya görə, yəni İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, iş materiallarına istinad edib törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə, himayəsində iki azyaşlı övladının olmasını 32.2-ci maddəsinə əsasən Şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutula məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, barəsində qərar qəbul edilən Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq edilməli və inzibati qaydada tutulduğundan, ona təyin olunacaq cərimənin həddi sanksiya ilə müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələri nəzərə alınmaqla ona həmin Məcəllənin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar