Məhkəmə qərarları › İş №3(014)-572/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-572/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-572/2024 03.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Ağdaş Rayon X7 təhlükəsizlik bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Ağdaş rayonu, Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində biri yetkinlik yaşına çatmamış, iki azyaşlı olmaqla üç övladı olan, hazırda heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ağdaş şəhəri, S.Səlimoğlu küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 02 dekabr 2024-cü il tarixdə saat 00:58 radələrində Ağdaş şəhəri Dördyol adlanan ərazidə küçədə ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz hərəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və buna görə də Şəxs barəsində 03 dekabr 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 bildirdi ki, 02 dekabr 2024-cü il tarixdə saat 00:58 radələrində Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları Ağdaş şəhərində Dördyol deyilən ərazidə yerləşən Həyat kafesinin qarşısında ucadan səs-küy gəldiyini, nalayiq ifadələr işlədildiyini eşidib həmin yerə yaxınlaşmışlar və orada Şəxs və başqa bir nəfər şəxsin mübahisə edərək səs-küy saldıqlarını görmüşlər. Polis əməkdaşları həmin şəxslərdən sakit olmalarını və səs-küy salmamalarını tələb etsələr də, həmin şəxslər sərxoş olduqlarından polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışlar. Bundan sonra həmin şəxslər Ağdaş rayon Polis Şöbəsinə gətirilmiş və barələrində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 02 dekabr 2024-cü il tarixdə dayısı oğlu ilə kafedə spirtli içki qəbul etdikdən sonra hesab çox gəldiyindən kafedə işləyən şəxslə aralarında mübahisə yaranmışdır. Bundan sonra onlar hesabı ödəyib çölə çıxmışlar və küçədə də mübahisə etməyə davam etmişlər. Həmin vaxt polis əməkdaşları həmin yerə gəlmişlər. Polis əməkdaşları onlardan maşına əyləşmələrini tələb etdikdə o, heç bir etiraz bildirmədən maşına əyləşmişdir. Hazırda əməlindən səmimi peşmandır. Daha sonra Şəxs verilən sualları cavablandıraraq bildirdi ki, polis əməkdaşları onları polis şöbəsinə dəvət edərkən tərəflərindən polis əməkdaşlarına qarşı hər hanı bir tabesizlik, onların qanuni tələblərinə tabe olmamaq, həmçinin hər hansı bir təzyiq və ya etiraz olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, 02 dekabr 2024-cü il tarixdə saat 00:58 radələrində Post Patrul Xidmətinin manqa komandiri Elvin Eminovla birlikdə Ağdaş rayon Dördyol ərazisində xidmətdə olarkən iki nəfər şəxsin küçədə ucadan qışqırdığını, səs-küy saldığını, ünvansız küçə söyüşləri söydüyünü görmüşlər. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib onlardan sakit olmalarını, ictimai qaydanı pozmamalarını tələb etmişlər. Lakin həmin şəxslər onların qanuni tələblərinə qəsdən tabe olmayaraq səs-küy salmağa, ünvansız küçə söyüşləri söyməyə davam etmişlər. Bundan sonra həmin şəxslərin şəxsiyyətini müəyyən etmək üçün Ağdaş rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Daha sonra şahid Ülvi Osmanov verilən sualları cavablandıraraq bildirdi ki, həmin şəxsləri Polis şöbəsinə gətirilmələri üçün maşına dəvət edərkən etiraz etmişlər, lakin sonradan həmin şəxslər razılaşaraq maşına əyləşmişlər. Həmin şəxslər kafedə olan bir nəfər şəxsə söyüşlər söyürdülər. Onlar Şəxs və digər şəxsdən bir neçə dəfə söyüş söyməmələrini tələb etmişlər. Həmin şəxslərə yaxınlaşdıqda onların spirtli içkinin təsiri altında olduqları məlum idi, həmçinin spirtli içkinin də qoxusu gəlirdi. Həmin vaxt ətrafda yanacaq doldurma məntəqəsinin işçiləri var idi və daha sonra kafedən digər şəxslər də çıxdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, onlar gecə növbəsində xidmət göstərirlər. 02 dekabr 2024-cü il tarixdə saat təminən 24 radələrində Ağdaş şəhəri Dördyol deyilən ərazidə Həyat kafesi deyilən yerə təxminən on nəfər şəxsin toplaşdığını görmüşlər. Həmin yerə yaxınlaşıb nə olduğunu öyrənərkən, Şəxs və digər şəxs onlara qarşı haqsızlıq olunduğunu bildirmişlər. O, nə olmasından asılı olmayaraq ictimai yerdə səs-küy salaraq söyüşlər söyməyin doğru olmadığını, həmçinin hər hansısa bir şikayət və ya narazılıqları olduğu halda aidiyyatı üzrə müraciət edib şikayət edə biləcəklərini izah etmişdir. Həmin şəxslərdən spirtli içki qoxusu gəlmiş və onların spirtli içkinin təsiri altında olmaları aşkar görünmüşdür. Dəfərlərlə həmin şəxslərdən sakit olmalarını tələb etsə də, Şəxs və onun yanında olan digər şəxs onun qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərinə davam etmişlər. Bundan sonra həmin şəxsləri götürərək Polis Şöbəsinə aparmışlar. İş materiallarında olan Ağdaş rayon X10 Patrul Xidməti Bölməsinin polis nəfəri Ülvi Osmanov tərəfindən Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 02 dekabr 2024-cü il tarixli raportdan görünür ki, 02 dekabr 2024-cü il tarixdə saat 00:58 radələrində Post Patrul Xidməti Bölməsinin manqa komandiri, polis baş serjantı Elvin Eminovla birgə Ağdaş rayon Dördyol ərazisində xidmətdə olduqları zaman 2 nəfər şəxsin küçədə ucadan qışqırdığını, səs-küy saldığını, ünvansız küçə söyüşləri söydüyünü görmüşlər. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib onlardan sakit olmalarını, ictimai qaydanı pozmamağı tələb etmişlər. Həmin şəxslərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini izah etmişlər. Lakin həmin şəxslər onların qanuni tələblərinə qəsdən tabe olmayaraq səs-küy salmağa, ünvansız küçə söyüşləri söyməyə davam etmişlər. Həmin şəxslərin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması əlamətləri olduğu üçün həmin şəxslərin şəxsiyyətini müəyyən etmək və barələrində qanuni tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Növbətçi hissədə həmin şəxslərin Ağdaş şəhəri, H.Hacıyev küçəsində qeydiyyatda olmaqla yaşayan Şəxs və Ağdaş şəhəri, Nəsimi küçəsində qeydiyyatda olmaqla yaşayan Şəxs olması müəyyən olunmuşdur. İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 02 dekabr 2024-cü il tarixdə, saat 01:28-də inzibati qaydada tutulmuşdur. Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli, 239 nömrəli əmrinə əsasən rayon X5 Hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə protokol tərtib ounmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən Şəxs himayəsində biri yetkinlik yaşına çatmamış, iki azyaşlı olmaqla üç övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs 13 oktyabr 2024-cü il tarixdə saat 15:10-da inzibati qaydada tutulmuşdur. Qanunun qeyd edilən müddəalarına istinad edərək məhkəmə hesab edir ki, Şəxs təyin olunacaq cərimənin həddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələri nəzərə alınmaqla ona həmin Məcəllənin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar