Məhkəmə qərarları › İş №3(014)-578/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-578/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-578/2024 11.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Ağdaş rayonunun Qaradeyin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, hazırda heç yerdə işləməyən, Ağdaş rayonunun Qaradeyin kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-220/2024 saylı 16 aprel 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 3255 manat pul alınaraq Zərərçəkmiş şəxs və X1 verilməlidir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 3255 manat pul alınaraq Zərərçəkmiş şəxs və X1 verilməlidir. Qeyd edilən icra vərəqəsi ilə əlaqədar tərəfindən 04 iyul 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs bildiriş göndərilmişdir. Həmin bildirişə əsasən Şəxs bu gün, yəni 11 dekabr 2024-cü il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinə gəlmiş, icra sənədinə əsasən onun 3255 manat məbləğində borcu olduğunu bildirmiş və vaxtı-vaxtında ödəməsi ona izah edilmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Bundan sonra məhkəmə iclasında sualları cavablandıran Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirdi ki, Şəxs yaranmış borcunu ödəməsi tələb olunsa da Şəxs çağırışdan yayınmış, Şəxs adına hər hansı əmlakın olması müəyyən edilməmişdir. Tələbkar Zərərçəkmiş şəxs borcunun ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-220/2024 saylı 16 aprel 2024-cü il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs 3000 manat borcu var. O, gücü çatan qədər borcunu ödəyəcək. Təzə iş tapmış və 400 manat əmək haqqı alır. Hal-hazırda 1000 manat ödəyə bilər, onu da tələbkar qəbul etmir. Hazırda onun 3255 manat borcunu ödəməyə maddi imkanı yoxdur. İşləyib, tez bir müddətdə borcunu ödəyəcəkdir. O, axtarışla Ağdaş rayon İcra və Probasiya Şöbəsinə gəlmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alıb barəsində icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, pulunu bütöv tələb edir. Şəxs hər dəfə pul ödəməkdən boyun qaçırır, o, həmin məbləği qərəzli olaraq ödəmir. Bir dəfə də olsa barışıq üçün onların evinə gəlməmiş, onları mütəmadi olaraq aldadır. O, 1000 manat ödənişlə razılaşmır, borcunun bütövlüklə ödənməsini istəyir, ödəmədiyi halda həbs olunmasını xahiş edir. İş materiallarında olan 16 aprel 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 2650 manat məbləğində pul, ödənilmiş 55 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs və 550 manat məbləğində pul alınaraq iddiaçı X1 verilməlidir. İş materiallarında olan 04 iyul 2024-cü il tarixli qərarın surətindən görünür ki, həmin tarixdə Şəxs barəsində icra sənədinin icraatına başlanılmışdır. İş materiallarında olan 04 iyul 2024-cü il tarixli 192972/2024-71-6-002 saylı bildirişin surətindən görünür ki, Şəxs bildiriş 04 iyul 2024-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan 26 iyul 2024-cü il tarixli 192972/2024-71-6-005 saylı xəbərdarlığın surətindən görünür ki, Şəxs 26 iyul 2024-cü il tarixdə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan 19 avqust 2024-cü il tarixli 8(014)-137/2024 saylı qərardadın surətindən görünür ki, Şəxs məcburi gətirilməsi barədə təqdimat təmin olunmuşdur. İş materiallarında olan 29 oktyabr 2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu və tələbkarı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək üzürsüz səbəblərdən çağırışlara gəlməməsini, yalnız polis əməkdaşları tərəfindən məcburi qaydada gətirildiyini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbsetmənin əvvəli 11 dekabr 2024-cü il tarixdən saat 17:55-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 11 dekabr 2024-cü il tarixdən saat 17:55-dən hesablansın. Qərarın icrası Ağdaş Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar