Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-594/2023 29.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abuşova Pakizə Müşfiq qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X7 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 31 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 31 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 maddələri ilə təqsirli bilinərək ona 3000 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X2 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 xidməti Şəki-Zaqatala Regional şöbəsi işlətdiyi Su səsi çay evində X4 əmək müqaviləsi bağlamadan əmək fəaliyyətinə cəlb etməyi ilə əlaqədar olaraq barəsində tərtib edilmiş 22 avqust 2023-cü il tarixli MN1497117 nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsi 31 avqust 2023-cü il tarixli MN1292435 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında onu 3000 manat məbləğində inzibati cərimə etmişdir. Barəsində çıxarılmış bu qərar tamamilə əsassız və qanunsuzdur. Belə ki, o, həqiqətən də “Su səsi” çay evini işlədir. X3 heç vaxt onun işçisi olmayıb. Belə ki, onun xalasının oğlu bir gün ona: “bir nəfər adam var, yaxın adamdır, onun övladını, yəni Qismət Mirzəyevi yanında ofisiant kimi işə götürə bilərsən” deyə xahiş etmişdir. Odur ki, Qismət Mirzəyev onun işlətdiyi çay evinə iş görüşməsinə gəlmişdir, lakin aralarında razılıq olmamış və o, Qisməti işə götürməmişdir. Lakin sonradan bildiyinə görə Qismət Qəbələ rayonunda yerləşən “Nohurgöl” istirahət mərkəzində “Maşa” personajına bürünərək istirahət mərkəzinə gələnləri əyləndirir və bununla da qazanc əldə edirmiş, lakin öz işindən utandığı üçün valideynlərinə onun yanında ofisiant işlədiyini deyib. Odur ki, Qismət Mirzəyev “maşa” personajı kostyumunda insanları “Nohurgöl” istirahət mərkəzində əyləndirərkən yıxılmış və xəstəxanada olarkən, polisə məlumat verilmişdir. Qəbələ rayon Polis şöbəsində Qismətin və onun atasının izahatı alınarkən Qismət yalanı çıxmasın deyə onun işlətdiyi “Su səsi” çay evində ofisiant işlədiyini bildirərək iş vaxtı yıxıldığını bildirmişdir. Lakin sonradan onunla Qismətin üzləşdirilməsi zamanı Qismət həqiqəti açıb danışmış, heç vaxt onun işlətdiyi müəssisədə işləmədiyini, “Maşa” personajı kostyumunda insanları əyləndirdiyi üçün işindən utanması səbəbindən valideynlərinə onun yanında ofisiant işlədiyini bildirmişdir. Lakin bu həqiqətin üzə çıxmasına baxmayaraq, Qəbələ rayon Polis şöbəsi toplanmış materialı barəsində inzibati tənbeh vermə barədə qərar çıxardılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsinə göndərmişdir. Belə ki, o, Qəbələ rayon Polis şöbəsində həqiqətin üzə çıxması üçün işin tam araşdırılmasını tələb etdikdə polis məmurlarının təzyiqi ilə üzləşmişdir. O, polis şöbəsindən barəsində olan şikayət əsasında toplanmış materiala dair çıxarılmış qərarın surətini dəfələrlə tələb etsə də, ona hər hansı bir məlumat verilməmişdir. Halbuki, onun hər hansı bir günahı və təqsiri yoxdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsi isə öz növbəsində ətraflı araşdırma aparmadan işə səthi yanaşaraq onu İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilərək barəsində 3000 manat məbləğində cərimə etməklə inzibati tənbehvermə qərarı çıxartmışdır. Onun işlətdiyi çay evi mövsümi işdir. Onun işlətdiyi çay evində işləyən ofisiantlar hamısı qanuni qaydada bağlanmış əmək müqaviləsi əsasında çalışırlar. Həmin ofisiantlar, yəni X1 və X9 da çağırıb şahid kimi dindirilsələr onlar da Qismətin onun işlətdiyi “Su səsi” çay evində işləmədiyini təsdiq edə bilərlər. Həmçinin, Qismət Mirzəyev “Nohurgöl” istirahət mərkəzində “Maşa” personajı kostyumunda insanları əyləndirərkən yıxılan zaman onun yanında olub, onu Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdıran şəxs də Qismətin onun yanında işləmədiyini təsdiq edə bilər. Həmin şəxsin adı X10r. Həmin şəxsin də şahid kimi çağırılıb dindirilməsini tələb edir. Eyni zamanda, Qismət Mirzəyevin “Maşa” personajı kostyumunda “Nohurgöl” istirahət mərkəzində insanları əyləndirərkən videogörüntüsü vardır. Nohur göl istirahət mərkəzində kafe və restoranların müşahidə kamerası vardır. Nəyə görə polis və əmək müfəttişliyi bu faktı araşdırarkən müşahidə kameralarının görüntüsünü əldə etməyib, halbuki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olmasına dair şübhələr onun xeyrinə həll edilir. Həmçinin, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, onun qeyd etdiyi inzibati xətaları törətməyi sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin göründüyü kimi, inzibati xəta hadisəsinin mövcudluğunu əks etdirən videogörüntüləri və ya səs yazıları mövcud olması barədə, Qismət Mirzəyevin onun iş yerinə yoxlanış zamanı orada çalışması aşkar olunması barədə hər hansı bir sübut təqdim etmədən ətraflı araşdırma aparmadan onun barəsində əsassız qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Şəki-Zaqatala regional şöbəsinin 31 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmənin iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X12 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə qərardan şikayət vermiş şəxsin və şahidlərin izahatlarını dinləyib, şikayətə işin materialları ilə birlikdə baxaraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Məhkəmə iclasında şahid X14 izahatında bildirdi ki, Nurlan Əhmədovla və Qismət Mirzəyevlə heç bir qohumluğu yoxdur. O, “Nohurgöl” istirahət mərkəzində su satır. Qisməti orada görmüşdür. Qismət “Nohurgöl” istirahət mərkəzində “Maşa” personajı kostyumunda olarkən yıxılmışdır. Qismət təqribən iki ay əvvəl orada işə başlamış və işə başladıqdan 2-3 gün sonra yıxılmışdır. Yıxıldıqdan sonra onun yanına gələrək əlinin şişdiyini bildirdiyi üçün onu həkimə aparmışdır. Məhkəmə iclasında şahid X11 izahatında bildirdi ki, iş üçün Nurlan Əhmədovun yanına getmiş, lakin Nurlan Əhmədov onu işə götürməmişdir. Sonradan o, “Nohurgöl” istirahət mərkəzində “Maşa” personajı kostyumu geyinərək işləməyə başlamışdır. İşlədiyi işdən utandığından, ailəsinə Nurlanın yanında işlədiyini demişdir. O, Nurlanın yanında heç vaxt işləməmişdir. Polis də onun izahatını alarkən atası yanında olduğundan, onun yanında da Nurlanın yanında yıxıldığını demişdir. Hesab etmişdir ki, polis üçün onun harada yıxılmasının fərqi yoxdur və bunun Nurlana da heç bir ziyanı olmaz, nəticədə isə atası da ona əsəbləşməz. Lakin sonradan Nurlan onun qorxaraq verdiyi izahatı nəticəsində cərimə olunduğundan, həqiqəti danışmaq qərarına gəlmişdir. İşin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İşin materiallarında olan 31 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, ona cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şikayət araşdırılarkən məhkəmə baxışında müəyyən olunmuşdur ki, X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən protokol tərtib olunmuşdur. Protokol tərtib olunarkən baş vermiş hadisə ətraflı araşdırılmamış, X5 harada yıxılaraq xəsarət alması və harada işlədiyinin müəyyən edilməsinə dair sözügedən “Su səsi” çay evinin və “Nohurgöl” istirahət mərkəzinin kafe və restoranlarının müşahidə kameralarının görüntülərinə baxış keçirilməyib, Qəbələ rayon Polis şöbəsinin təqdim etdiyi materiallar əsasında qərar qəbul edilib, heç bir əlavə araşdırma aparılmayıb, eyni zamanda harada işləməsinin dəqiqləşdirilməsinə dair heç bir hərəkət edilməyib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Məhkəmə hesab edir ki, X12 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və 31 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunarkən pozuntulara yol verilmiş, belə ki, X7 təqsirliliyi sübut olunmadan ona İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 31 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edilərkən baş vermiş hadisənin harada, hansı restoran və ya kafedə, hansı şəraitdə baş verməsi lazımı qaydada araşdırılmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 31 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidməti Şəki- Zaqatala Regional şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 31 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidməti Şəki-Zaqatala Regional şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-594/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-594/2023
29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver