Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-599/2022 14.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mehdiyeva Mələk Məmməd qızının katibliyi iştirakı ilə Daşkəsən rayon Yol Patrul Xidmətinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Daşkəsən rayon Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar əsasında X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7 və 342.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X1 həmin qərarından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Gəncə-Daşkəsən yolunun 18-ci km ərazisində özünə məxsus “VAZ 21074” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən saat 14:45 radələrində YPX əməkdaşı onu saxlamış və “Yol-patrul xidməti haqqında Təlimat”ın 8-ci və 13-cü maddələrində nəzərdə tutulan müddəaları kobudcasına pozmuş və ona niyə örtükdən istifadə etdiyini bildirmişdir. Bununla o razılaşmadıqdan sonra mənəvi sarsıntılar yaşatmışdır. Belə ki, o, əməliyyatdan yeni çıxmış və ona sarsıntılardan uzaq olmağı barədə xəstəxanada xəbərdarlıq edilmişdir. Bundan sonra o, öz iradını həmin inspektora dayanmadan bildirdikdən sonra öz kirli əməllərindən əl çəkmiş və ona İnzibati Xətalar Məcəlləsinin 342.7 və 342.2.4-cü maddələri ilə ona məxsus olan “VAZ 21074” minik markalı nəqliyyat vasitəsinə arxa yan şüşələrdə standartlara cavab verməyən örtükdən (plyonkadan) istifadə etdiyini bildirmiş və bunun əsasında protokol tərtib etmişdir. Daşkəsən rayonu YPX inspektoru polis serjantı X6 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuş, protokolda onun “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsində göstərilən tələblərin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 342.7 və 342.2.4-cü maddələri ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına öz etirazını bildirərək imza etməkdən imtina etsə də, inspektor razılaşmamış, protokol tərtib etdiyini və onun əsasında qərar qəbul edəcəyini bildirmişdir. Bundan sonra o, polis əməkdaşının təzyiqi nəticəsində və səhhəti ilə bağlı olaraq protokola imza etmişdir. Aydın olur ki, protokola etirazını bildirmiş olmağına baxmayaraq, əsaslandırmasında heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin tələblərini pozmaqla 150 manat məbləğində cərimə edilməyi ilə bağlı həmin inspektor tərəfindən qərar çıxarılmışdır. Daşkəsən rayonu YPX inspektoru polis serjantı X6 tərəfindən qəbul olunmuş xx.xx.2022- ci il tarixli, TP ******* saylı qərarı dəfələrlə müraciət etdikdən sonra xx.xx.2022-ci ildə rəsmi qaydada əldə etmiş və şikayət vermə müddətini ötürməmişdir. İddia olunan hərəkətlərdə inzibati Xətalar Məcəlləsinin 342.7 və 342.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətləri mövcud deyildir. Göstərilənlərə əsasən Daşkəsən rayonu YPX inspektoru polis serjantı X5 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və başlanmış inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Qərardan şikayət vermiş şəxs və qərarından şikayət verilmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətə işin materialları ilə birlikdə baxaraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İXM-in 342.7 və 342.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şikayət araşdırılarkən məhkəmə baxışında müəyyən olunmuşdur ki, protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs izahatlar vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, bu pozuntular da X2 öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Hazırkı inzibati xəta haqqında protokol isə nə şəxsən, nə də poçt vasitəsilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim olunmamışdır. Qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə imzalanması üçün təqdim edilmiş, lakin X3 verilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, inzibati işə Daşkəsən rayon Yol Patrul Xidmətində baxılmış və X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7 və 342.2.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati cərimə olunmuşdur. Lakin işə baxılmasının yeri və vaxtı bərədə X3 məlumat verilməmişdir. Məhkəmə qeyd edilən hallara qiymət verərək hesab edir ki, işə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məlumat verilmədən baxılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə hesab edir ki, işə baxılmasının yeri və müddəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məlumat verilmədən baxılması nəticəsində X4 inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək kimi hüquqlarından məhrum edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Daşkəsən rayon Yol Patrul Xidmətinin inzibati tənbeh vermə haqqında qərarı qəbul edilərkən X3 lazımı qaydada məlumatlandırılmaması və iştirakının təmin edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Daşkəsən rayon Yol Patrul Xidmətinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında işə yenidən baxılması üçün Daşkəsən rayon Yol Patrul Xidmətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Daşkəsən rayon Yol Patrul Xidmətinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Daşkəsən rayon Yol Patrul Xidmətinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-599/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-599/2022
14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver