Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-60/2024 31.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1960-cı ildə Ağdaş rayonu Xosrov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Ağdaş rayonu, Vaqif kücəsi 99 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə Şəxs məhkəmənin qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 izahat verərək göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 1(107)-464/2021 saylı, 23 dekabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs, X4, X7, X1 və X3 1.478.106 manat 24 qəpik pul tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına ödənilməlidir. Şəxs kassasiya şikayəti vermiş və ona görə icraat dayandırılmışdır. Borclu borcunu inkar edir, həmin borcun digər borclulara məxsus olduğunu, Ali Məhkəmənin qərarı ilə razı olmadığını bildirərək borcu ödəməkdən imtina edir. Borclu Şəxs 1.478.106 manat 24 qəpik borcu üzrsüz səbəbdən ödəməkdən boyun qaçırır. Borclunun izahatı alınmış, ona borcu icra etməsi bildirilsə də, öhdəliyini icra etməmişdir. Hər dəfə imkanı olmadığını, xəstə olduğunu və işləmədiyini bildirmiş və borcunu icra etməkdən yayınmışdır. Onu icra şöbəsinə axtarış nəticəsində gətirmək mümkün olmuşdur. Dəfələrlə ona xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, özünü təqsirli bilmir. 01 noyabr 1989-cu il tarixdə Ağdaş rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Fonduna işə qəbul olub. 26 aprel 2013-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsinin növbəti yoxlama zamanı işindəki nöqsanlara görə işdən azad olmuşdur. Belə ki, işində olan nöqsanlara bilməyərəkdən yol vermişdir, o, müdirin tapşırıqlarını icra etmiş, lakin həmin tapşırıqların qanunsuz olduğunu bilməmişdir. Onun bu işdə heç bir kəslə əlbirliyi və ya heç bir maddi marağı olmamışdır. Həmin borcu ümumiyyətlə qəbul etmir, həmin borc onun borcu deyil və təqsirli şəxslərdən tutulmalıdır, ondan deyil. Hal-hazırda xəstədir, 2 dəfə infarkt keçirmiş, 2 yetim uşağa baxır, işləmir, pensiya almır və heç bir yerdən gəliri yoxdur. Bunları nəzərə alıb, ona yüngül tənbeh verilməsini xahiş edir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(107)- 464/2021 saylı hökmündən görünür ki, mülki iddia təmin edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 8 dekabr 2014-cü il tarixli hökmü nəzərə almaqla 1.478.106 manat 24 qəpik məbləğində maddi zərər Şəxs, X4, X7, X1 və X3 tərəfindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(107)- 464/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs 1.478.106 manat 24 qəpik maddi zərər Şəxs, X4, X7, X1 və X3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, xətanın xarakteri, onun təqsirinin dərəcəsi nəzərə alıb hesab edir ki, Şəxs altmış üç yaşı olduğundan ona inzibati həbs növündə inzibati tənbeh tətbiq oluna bilməz və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-60/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-60/2024
31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver