Məhkəmə qərarları › İş №3(014)-602/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-602/2025

28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-602/2025 28.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun hüquqlarını müdafiə edən Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1985-ci il tarixdə Ağdaş rayonu, Tofiqi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan Ağdaş rayonu, Tofiqi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Ağdaş rayon Polis Şöbəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ağdaş rayonu Tofiqi kəndində və Ağdaş RPŞ-nin inzibati binasının qarşısında barəsində TB-də aparılan araşdırma ilə bağlı RPŞ-yə dəvət olunan zaman əl-qol hərəkətləri ilə qəsdən tabesizlik göstərmiş, polis əməkdaşlarının “sakit ol, sakitləş” tələbinə tabesizlik göstərmişdir, RPŞ-yə gəlməyəcəyini söyləyib səs-küy salmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahat verərək göstərdi ki, Ağdaş RPŞ-nin Təhqiqat bölməsində aparılan araşdırma ilə əlaqədar təhqiqatçının raportu əsasında polis əməkdaşları xx.xx.2025-ci il tarixdə Ağdaş rayonu Tofiqi kəndində yaşadığı evin qarşısında Şəxs izahat vermək üçün Ağdaş RPŞ-yə dəvət etdikdə sonuncu gəlməkdən imtina etdiyi üçün onu avtomobilə əyləşdirmək istəyərkən Şəxs müqavimət göstərərək tabe olmamışdır, odur ki, polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmiş, əməlində inzibati xəta olduğu üçün məsuliyyətə cəlb edilməlidir.. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə günorta saatlarında Ağdaş rayonu Tofiqi kəndində yaşadığı evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq izahat vermək üçün polis şöbəsinə getməli olduğunu bildirmiş, lakin o, getmək istəmədiyini dedikdə onu zorla avtomobilə əyləşdirdikləri üçün əlqol hərəkəti ilə onu aparmamalarını tələb etmişdir. Buna baxmayaraq polislər onu avtomobilə mindirərək Ağdaş RPŞ-yə gətirmişlər. Odur ki, polisə müqavimət göstərmək istəməmiş, sadəcə polisdə izahat vermək üçün getmək istəməmişdir. Məhkəmə iclasında Şahid1 Hümmət oğlu izahatında bildirmişdir ki, Şəxs Ağdaş RPŞnin Təhqiqat Bölməsinə aparılan araşdırma ilə əlaqədar izahat verməsi üçün dəvət edilməsi ilə bağlı təhqiqatçının raportu əsasında digər polis əməkdaşı Şahid2 ilə birlikdə xx.xx.2025-ci il tarixdə Ağdaş Rayonu Tofiqi kəndində Şəxs yaşadığı evi qarşısında özlərini təqdim etdikdən sonra ona Ağdaş RPŞ-nin TB-də aparılan araşdırma ilə bağlı izahatının alınması zərurətinin yaranmasını bildirərkən Şəxs Ağdaş RPŞ-yə getmək istəmədiyini söyləyərək əl-qol hərəkətləri ilə müqavimət göstərmiş, Şəxs nizam-intizama dəvət etsələr də sonuncu avtomobildə və Ağdaş RPŞ-yə gələn zaman şöbənin qarşısında onların” sakitləş, sakit ol” qanuni tələblərinə məhəl qoymamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 Hümmət oğlunun izahatı ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş, xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs tərəfindən pulunun ələ keçirilməsi barədə vətəndaş X2 ərizəsi əsasında Ağdaş RPŞ-nin Təhqiqat Bölməsində aparılan araşdırma ilə əlaqədar Şəxs Ağdaş RPŞ-yə gətirilməsinə dair Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı Məhəmməd Ələkbərov tərəfindən raport tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib əlamətləri müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs polis şöbəsinə gətirilməsinə dair polis əməkdaşlarının tələblərinin qanuni olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, yalnız şəxsin məcburi gətirilməsi üçün əsas olmayan “raport”a istinad edilməklə polis şöbəsinə dəvət olunmasına vətəndaşın etiraz etməsi qanuni tələbə tabe olmama kimi qiymətləndirilmişdir. Bundan başqa Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda hadisənin baş vermə tarixi göstərilsə də hadisənin saatı qeyd edilməmiş, bununla da protokol düzgün tərtib edilməməklə qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 178.1-ci və 178.4-cü maddəsinə əsasən məcburi gətirilmə şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının məcburi təmin edilməsindən ibarətdir və məcburi gətirilmə cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı və ya cinayət prosesi iştirakçılarının vəsatəti ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, işin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, polis əməkdaşlarının tələblərinin qanuni olmasına dair, eləcə də Şəxs polisin digər hansı qanuni tələbinə tabe olmadığını təsdiq edən yetərli və mötəbər sübutlar təqdim edilmədiyindən, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 55 (əlli beş) manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ**********0000002944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar