Məhkəmə qərarları › İş №3(014)-61/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-61/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-61/2022 26.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 29.11.2021-ci il tarixdə sərxoş vəziyyətdə yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə Ağdaş rayon Aşağı Zeynəddin kənd sakini Zərərçəkmiş şəxs xəsarət almış, Ağdaş RİHB-nin Ağdaş şəhəri ərazi dairəsinin nümayəndəliyinin balasında olan 1 ədəd elektrik dirəyi yararsız hala düşmüş və nümayəndəliyə 100 (yüz) manat maddi ziyan dəymişdir. Ağdaş rayon Polis şöbəsinin İstintaq qrupunun müstəntiqi X2 17 yanvar 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 25.01.2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 29.11.2021-ci il tarixdə dostları Sadiq və Ramil ilə birlikdə "xxxx" ASC-nin arxasında kafedə hərəsinə 2-3 bakal pivə içmişlər. Bundan sonra dostu Sadiqin sürücülük hüququ olmadığı üçün ona məxsus olan “VAZ 2106” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına oturmuşdur. Yanında Ramil, arxada isə Sadiq oturmuşdur. Sadiqin avtomobilini üzü şəhər istiqamətinə saatda 50-60 km sürətlə idarə etmiş, H.Əliyev prospektində Padarın döngəsi deyilən yerə çatan zaman sərt döngədə avtomobilin idarəçiliyini itirmiş, avtomobil düz gedərək yolun sağına bordürün üzərinə çıxmış və orada olan işıq dirəyinə dəyərək dayanmışdır. Hadisədən sonra oraya gələn tanımadığı şəxslərdən kimsə təcili yardım çağırmış və onunla Sadiq xəsarət aldıqları üçün xəstəxanaya gedib tibbi yardım almışlar. Hadisənin baş verməsinə səbəb onun avtomobilin idarəçiliyini itirməyi və hadisədən qabaq pivə içməsi olmuşdur. Əməlindən peşmandır. Bir daha beləsi hərəkətlərə yol verməyəcəkdir. Ona yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, özünə məxsus “VAZ 2106” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili alsa da, rəsmi olaraq adına sənədləşdirməmişdir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. 29.11.2021-ci il tarixdə dostları Xəyal və Ramillə birlikdə "xxxx" ASC-nin arxasında kafedə hərəsinə 2-3 bakal pivə içmişlər. Sürücülük vəsiqəsi olmadığına görə avtomobilini Xəyal idarə etmişdir. Pivə içdikdən sonra Xəyal yenə də sükanın arxasına oturmuş və üzü şəhər istiqamətinə gəlməyə başlamışdır. Avtomobili Xəyal idarə edən zaman özü arxada, Sadiq isə qabaqda oturmuşdur. Xəyal avtomobili saatda 50-60 km sürətlə idarə etmişdir. H.Əliyev prospektində Padarın döngəsi deyilən yerə çatan zaman sərt döngədə Xəyal avtomobilin idarəçiliyini itirmiş, avtomobil düz gedərək yolun sağına bordürün üzərinə çıxmış və orada olan işıq dirəyinə dəyərək dayanmışdır. Hadisədən sonra oraya gələn tanımadığı şəxslərdən kimsə təcili yardım çağırmış və onunla Xəyal xəsarət aldıqları üçün xəstəxanaya gedib tibbi yardım almışlar. Hadisənin baş verməsinə səbəb Xəyalın avtomobilin idarəçiliyini itirməsi və hadisədən qabaq hər üçünün pivə içməsi olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Yol patrul xidmətinin baş inspektoru polis baş leytenantı X3 izahatında bildirdi ki, Şəxs 29.11.2021-ci il tarixdə sərxoş vəziyyətdə yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə Ağdaş rayon Aşağı Zeynəddin kənd sakini Zərərçəkmiş şəxs xəsarət almış, Ağdaş RİHB-nin Ağdaş şəhəri ərazi dairəsinin nümayəndəliyinin balansında olan 1 ədəd elektrik dirəyi yararsız hala düşmüş və nümayəndəliyə 100 (yüz) manat maddi ziyan dəymişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 25.01.2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 333.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 26.01.2022-ci il tarixindən, saat 15:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar