Məhkəmə qərarları › İş №3(014)-618/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-618/2022

23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-618/2022 23.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Ağdaş rayonunun Aral İki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə öz təsərrüfatına məxsus olan 3 baş iribuynuzlu inək mallarını həyətininin qarşısından keçən su arxında sulayan zaman öz həyətinə keçmiş, malları yolda nəzarətsiz qalmışdır. İnək mallarının biri yolun asfalt örtüklü hissəsinə çıxmış, həmin yolda hərəkətdə olan “VAZ 2101” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil inək malını vurmuş, hadisə zamanı xəsarət alan olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, hər gün səhər öz təsərrüfatına məxsus olan 3 baş iribuynuzlu inək mallarını otlaq sahəsinə aparır və axşam saat 17:00 radələrində isə gətirir. xx.xx.2022-ci il tarixdə, saat 17:25 radələrində öz təsərrüfatına məxsus olan 3 baş iribuynuzlu inək malları həyətinin qarşısından keçən su arxında su içən vaxt tövlənin qapısını açmaq üçün həyətə keçmişdir. Çöldən gələn səsə çölə çıxmış və “VAZ 2101” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə gələrək ona məxsus inək malının birini vurmuşdur. Hadisəyə səbəb “VAZ-2101” minik markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün öz ehtiyatsızlığı olmuşdur. Həmin inək malı ölmüşdür. “VAZ-2101” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə deyil, əksinə ona ziyan dəymişdir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 17:30 radələrində etibarnamə ilə onun istifadəsində onan “VAZ 2101” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonunun Aral iki kəndindən üzü Ağdaş rayon Aral Bir kəndi istiqamətində hərəkətdə olmuşdur. Həmin zaman avtomobili 40-50 km/saat sürətlə idarə etmişdir. Ağdaş rayon Aral İki kəndi ərazisində qaranlıq vaxtı bir baş iribuynuzlu inək malı onun yoluna çıxmış və o, həmin inək malını vurmuşdur. O, inək malını vurduqdan 1-2 dəqiqə sonra inək malının sahibi həyətindən çölə çıxmışdır. Hadisə zamanı mallar sahibsiz olmuş və hadisə vaxtı avtomobilinə ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/3388 saylı rəyindən görünür ki, məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-2101” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə, saat 17:30 radələrində Şəxs məxsus bir baş iribuynuzlu inək malını Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-2101” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur. İşin materialları ilə Şəxs həmin hadisədə təqsirli olması öz təsdiqini tapmamışdır. Belə ki, əvvəla Şəxs inək mallarını nəzarətsiz qoymamışdır. Çünki onun inək mallarını həyətinə keçirməkdən ötəri qapını açmaq üçün həyətə keçməsi inək mallarının yolda nəzarətsiz qoyulması hesab edilə bilməz. Bundan başqa, bu qısa müddət ərzində malların yol tərəfdə dayanması heç bir halda baş vermiş yol nəqliyyat hadisəsinin əsas səbəbi kimi qiymətləndirilə bilməz. Bu halda sürücü qanunvericiliyə uyğun olaraq yol şəraitini düzgün qiymətləndirməli və müvafiq təhlükəsizlik tədbirləri görməli idi ki, onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi hadisə nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan dəysə də, bu ziyanın vurulmasının səbəbi Şəxs təqsirli hərəkətləri deyil. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci bəndinin 3-cü hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar