Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-633/2025 26.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abil oğlunun iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olan və yaşayan Şəxs Abil oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Abil oğlu müvafiq icra hakimiyyəti orqanın xüsusi icazəsi olmadan 01 ədəd 48386 nömrəli, TOZ-B modeli, 16 kalibrli, çaxmaqlı, hamar qoşa lülə yivsiz ov tüfəngini özündə saxlamış və daşımışdır. Bununla da Şəxs Abil oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə Ağdaş rayon X6 Təhlükəszilik Bölməsinin sahə rəisi X7 tərəfindən Şəxs Abil oğlunun barəsində 15 dekabr 2025-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 bildirdi ki, Şəxs Abil oğlu müvafiq icra hakimiyyəti orqanın xüsusi icazəsi olmadan 01 ədəd 48386 nömrəli, TOZ-B modeli, 16 kalibrli, çaxmaqlı, hamar qoşa lülə yivsiz ov tüfəngini özündə saxlamış və daşımışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abil oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, X1 onun babasıdır, babası 2005-ci ildə vəfat etmiş, babası Ramizin özünə məxsus 01 ədəd qoşalüləli ov tüfəngi var idi. Babası vəfat etdikdən sonra həmin ov tüfəngi yadigar olaraq yaşadıqları evdə qalmışdır. Həmin vaxtdan həmin ov tüfəngini yadigar kimi yaşadığı evdə saxlayır, lakin istifadə etmir. Həmin ov tüfəngini öz adına rəsmiləşdirməmiş, ov tüfənginin sənədi yoxdur. 24 sentyabr 2025-ci il tarixdə səhər saatlarında özünə məxsus olan 3 baş inəyi otlamaları üçün yaşadığı evdən çıxarıb çöllük əraziyə buraxmış, lakin axşam saatlarında heyvanların geri qayıtmadıqlarını görüb xx.xx.2025-ci il tarixdə saat 06 radələrində özünü vəhşi heyvanlardan qorumaq üçün həmin ov tüfəngini özü ilə birlikdə götürüb heyvanlarını axtarmaq üçün yaşadığı evdən çıxmış, ov tüfəngini də sağ çiyninə taxıb lüləsi aşağı halda gəzdirmişdir. Həmin tüfəngə aid 01 ədəd patronu var, həmin patron da ov tüfənginin içərisindədir. O, çöllük ərazidə piyada gəzib heyvanlarını axtarsa da heyvanlarını tapa bilməmiş, təxminən saat 08 radələrində Ağdaş rayonu, Ağzıbir kəndi ərazisində çöllük ərazidə olarkən çöllük ərazidən keçən su arxından tullanıb qarşı tərəfə keçmək istəyərkən əli qəfildən tətiyə dəymiş və nəticədə ov tüfəngindən atəş açılaraq ayağının üst nahiyəsinə dəymiş və nəticədə xəsarət almışdır. Ayağına baxdıqda qan izlərinin olmasını görmüş, yaxınlıqda yaşayan dostu Hümbətalının evinə getmiş və Hümbətalı onu xəstəxanaya aparmışdır. Əməlindən səmimi peşmandır. İş materiallarında olan 30 sentyabr 2025-ci il tarixli, 451 saylı ekspert rəyinin surətindən görünür ki, Şəxs bədənində olan xəsarət-sağ ayağın İİİ barmağının qopması (amputasiya) olunması ilə müşayət olunan odlu silah yarası, odlu silahdan açılan bir atəş təsirindən törənmiş, törənmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir,sağlamlığın uzun müddətdə pozulmasına səbəb olduğundan sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddir. Qeyd olunan xəsarət müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər. . İş materiallarında olan Ağdaş rayon X5 bölməsinin müstəntiqi Nail Məhəmmədlinin 11 dekabr 2025-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, Şəxs Abil oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Ağdaş rayon X6 Təhlükəsizlik Bölməsinə göndərilməsinə dair qərar qəbul edilmişdir. İş materiallarında olan 01 oktyabr 2025-ci il tarixli, HK-1/1688 məhkəmə ballistik ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, HK-1/1688 nömrəli material üzrə məhkəmə-ballistik ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqaatlar İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan 23 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, 23 oktyabr 2025-ci il tarixdə baxış keçirilməsi haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 13 noyabr 2025-ci il tarixli ekspertin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 48386 №-li silah keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1965-ci ildə istehsal olunmuş TOZ-B modelli 16 kalibrli çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz zavod üsulu ilə Türkiyə Respublikasında istehsal olunmuş 16x70 Kalibrli olmaqla, həmin Kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronunun bir hissəsidir-atılmış gilizidir. Həmin giliz tədqiqata təqdim edilmiş 16 kalibrli 48386 A2-1 i TOZ-B modelli qoşa lüləli odlu yivsiz ov tüfənginin sağ lüləsindən atılmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Abil oğlunun törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş materiallarına istinad edib törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə, himayəsində iki azyaşlı övladının olmasını həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən Şəxs Abil oğlunun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs Abil oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə işin hallarını, törədilmiş inzibati xətanın xarakterini, Şəxs Abil oğlunun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Abil oğlunun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə tənbehi tətbiq edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs Abil oğluna məxsus Ağdaş rayon Polis Şöbəsində saxlanılan - 01 ədəd 48386 №-li silah keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1965-ci ildə istehsal olunmuş TOZ-B modelli 16 kalibrli çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngi dövlət nəfinə müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Abil oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinsin və 01 ədəd 48386 №-li silah keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1965-ci ildə istehsal olunmuş TOZ-B modelli 16 kalibrli çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-633/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-633/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver