Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-652/2023 02.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan uşağı olan, Ağdaş rayon İcra Hakimiyyətinin Başcısı Şəmsabad kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyində müavin vəzifəsində işləyən, Ağdaş rayonu Şəmsabad kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 11 sentyabr 2023-cü il tarixdə saat 10:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən 252-ci kilometrliyində idarə etdiyi “Mercedes Benz C240” markalı 99BP446 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayon istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb yolun sağ kənarına istiqamətlənib qaz borusuna dəymiş, nəticədə avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsini nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, Ağdaş rayonu Şəmsabad kəndində ailəsi ilə birlikdə yaşayır. Sürücülük hüququ var. İdarə etdiyi MERCEDES BENZ C240 markalı 99BP446 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 11 sentyabr 2023-cü il tarixdə saat 09:30 radələrində idarə etdiyi avtomobillə Mingəçevir şəhərindən yaşadığı Ağdaş rayon Şəmsabad kəndinə gələrkən Ağdaş rayonu Yeniarx kəndi ərazisində yolun sağ zolağı ilə hərəkətdə olarkən bir anlıq onu yuxu tutmuşdur. Avtomobili yolun sağına çökəkliyə düşmüş, yolun kənarındaki qaz borusuna dəyib dayanmışdır. Onun həyat yoldaşı Zərərçəkmiş şəxs yüngül xəsarət almış və Ağdaş şəhər xəstəxanısına müraciət etmişdir. Yoldaşından başqa avtomobildə iki övladı olmuş, onlar heç bir xəsarət almamışlar. Avtomobili saatda 60 surəti ilə idarə etmişdir. Spirtli içki qəbul etməmişdir. Hazırda törətdiyi əməldən peşmandır, himayəsində üç övladı var, ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Ağdaş rayonu Şəmsabad kəndində ailəsi ilə birlikdə yaşayır. Şəxs onun yoldaşıdır. 11 sentyabr 2023-cü il tarixdə saat 10:30 radələrində o, iki övladı Talehin idarə etdiyi “Mercedes Benz C240” markalı 99BP446 dövlət qeydiyyat nişanı avtomobillə Mingəçevir şəhərindən yaşadığı Ağdaş rayon Şəmsabad kəndinə gələrkən Ağdaş rayonu Yeniarx kəndi ərazisində yoldaşı bir anlıq yuxuya getmişdir. Həmin vaxt avtomobil yolun sağına çıxıb, çökəyə düşüb qaz borusuna dəyib dayanmışdır. Nəticədə, o, yüngül xəsarət almış, yoldaşı Taleh və uşaqları heç bir xəsarət almamışlar. O, Ağdaş rayon xəstəxanasına müraciət etmişdir. Hazırda səhhətində heç bir problem yoxdur. Şəxs heç bir şikayət və tələbi yoxdur, ona köməklik göstərib yüngül tənbeh verilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda qeyd olunur ki, məhkəmə-tibb ekspertizasının 09 oktyabr 2023-cü il tarixli 413 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət- qapalı kəlləbeyin travması beyin silkələnməsi, sağ gözaltı nahiyənin qançırı, üzün yumşaq toxumalarının əzilməsi, küt alətin təsirindən törənmişdir, törənmə müddəti 11 sentyabr 2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” aktdan görünür ki, Şəxs sərxoş vəziyyətdə olmamışdır. İş materiallarında olan portaldan əldə olunmuş qohumluq məlumatları arayışından görünür ki, Şəxs himayəsində 23 iyun 2008-ci il tarixdə doğulmuş məmmədov Ümid Taleh oğlu, 14 avqust 2012-ci il tarixdə doğulmuş X2 və 14 yanvar 2017-ci il tarixdə doğulmuş X3 adlı iki yetkinlik yaşına çatmayan, bir azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan uşağının olmasını onun məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-652/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-652/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver