Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-665/2023 03.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Bakı şəhər X11 İdarəsinin 22 may 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: DİN-nin Baş X11 İdarəsinin 18 oktyabr 2023-cü il tarixli, EQ seriyalı 17534635 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı əsasında X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X1 həmin qərardan şikayət vermişdir. X5 şikayətini onunla əsaslandırılmışdır ki, o, Ağdaş rayonunun Orta Ləki kəndində yaşayır. X4 onun qohumudur. Cavid özünə KİA CEED MİNİK markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Lakin avtomobil alınan zaman Cavidin sənədləri üzərində olmadığı üçün həmin avtomobil onun adına sənədləşdirilmiş, yəni etibarnamə onun adına verilmişdir. 17 oktyabr 2023-cü il tarixdə o, Cavidlə birlikdə Ağdaş şəhərinə gəlmiş, həmin vaxt Cavid sükan arxasında, o, isə Cavidin yanında sərnişin kimi oturmuşdur. Səhəri gün ona məlum oldu ki, o, Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə cərimə olunmuşdur. Hal bu ki, həmin vaxt avtomobili o, deyil X4 idarə etmişdir. Bundan başqa, inzibati xəta haqqında elektron qərar düzgün tərtib edilməmişdir. Çünki qərarda qeyd olunmuşdur ki, sürücü yolda müəyyən edilmiş hərəkət sürətini 16 km/saat həddində aşmış və bu xətaya görə sürücüyə 10 manat əvəzinə 100 manat cərimə yazılmışdır. Bu səbəbdən o, 18 oktyabr 2023-cü il tarixdə qəbul olunmuş EQ 17534635 saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə qərardan şikayət vermiş şəxsin izahatını dinləyib, şikayətə işin materialları ilə birlikdə baxaraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, işin materiallarında olan 18 oktyabr 2023-cü il tarixli, EQ 17534635 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinərək, yolda müəyyən edilmiş hərəkət sürətini 16 km/saat həddində aşdığına görə 100 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə nəzərdə tutulmuşdur. X2 barəsində çıxarılmış qərarda onun yolda müəyyən edilmiş hərəkət sürətini 16 km/saat həddində aşması göstərilsə də Səfa Məmmədov 10 manat əvəzinə 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə Səfa Məmmədovun şikayətində göstərdiyi digər xüsusatla bağlı, yəni inzibati xəta törədərkən sükan arxasında özü yox, X4 olması ilə bağlı məsələyə münasibətdə qeyd edir ki, inzibati xəta haqqında qərara əlavə edilmiş foto görüntülərdə sükan arxasında olan şəxsin görüntülərini ayırd etmək mümkün olmur. Bu da inzibati xətanın sırf X5 tərəfindən törədilməsini şübhə altına qoyur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X5 barəsində çıxarılmış qərarda onun yolda müəyyən edilmiş hərəkət sürətini 16 km/saat həddində aşmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinin sanksiyasında göstərilən məbləğdən artıq, yəni 10 manat əvəzinə 100 manat məbləğində cərimə edildiyindən, həmçinin inzibati xətanın sırf X5 tərəfindən törədilməsi sübuta yetirilmədiyindən şikayət qismən təmin edilməli, DİN-nin Baş X11 İdarəsinin 18 oktyabr 2023-cü il tarixli, EQ17534635 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında işə yenidən baxılması üçün DİN-nin Baş X11i İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. DİN-nin Baş X11i İdarəsinin 18 oktyabr 2023-cü il tarixli, EQ17534635 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-665/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-665/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver