Məhkəmə qərarları › İş №3(014)-667/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-667/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-667/2023 03.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin X2 İdarəsinin 19 oktyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin X2 İdarəsinin şöbə rəisi X3 tərəfindən tərtib edilmiş 19 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərar əsasında X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1ci maddəsi ilə təqsirli bilinmiş və ona 3000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X4 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 18 oktyabr 2023-cü ildə X2 İdarəsinin əməkdaşları, rəhbəri olduğu Hacıoğlu MMC-уə iş üçün dəvət etdiyi Türkiyə vətəndaşı Yalçın Zaferin qeydiyyata düşdüyü ünvanda yaşayıb-yaşamadığını müəyyən etmək üçün onun evinə gəlmişlər, sonuncunun həmin ünvanda yaşamadığını müəyyən edərək Yalçın Zaferə 300 manat cərimə tətbiq edərək hər ikisini X2 İdarəsinə dəvət etmişlər. 19 oktyabr 2023-cü ildə X2 İdarəsinə getdikdə o, X6 MMC-də işləmək üçün dəvət etdiyini, işə başlaması üçün də qeydiyyat və rəsmiləşmə işlərinin aparmaq üçün yaşadığı ünvana qeydiyyata aldığını bildirmişdir. Yalçın Zaferin qeydiyyat və rəsmiləşməsinə kömək məqsədi ilə onun 09 oktyabr 2023-cü ildən 18 oktyabr 2023-cü ilədək Hacıoğlu MMC-də rəsmi işlədiyinə və 10 iş günü üçün 300 manat əmək haqqı verdiyinə dair izahat yazmışdır. İzahat verdikdən sonra X2 İdarəsinin əməkdaşları tərəfindən barəsində 19 oktyabr 2023cü il tarixli MN ******* saylı protokol tərtib edilərək İXM-nin 578.1-ci maddəsinə əsasən təqsirli bilinib 3000 manat məbləğində inzibati cərimə olunmuşdur. İzahatı yazmaqda məqsədi Yalçın Zaferin qeydiyyat və rəsmiləşmə işinə kömək etmək olmuşdur. Yalçın Zafer izahatında qeyd etdiyi 09 oktyabr 2023-cü ildən 18 oktyabr 2023-cü ilədək Hacıoğlu MMC-də işləməmiş və 300 manat əmək haqqı almamışdır. O, İXM-nin 578.1-ci maddəsində göstərilən inzibati xətanı törətməmişdir. Bu səbəbdən də özünü təqsirli bilmir və barəsində tərtib edilən protokolu əsaslı hesab etmir. İnzibati xəta haqqında icraat prosesi, inzibati cərimə haqqında qərarın qəbulu zamanı bir çox qanunsuzluqlara yol verilmişdir və bu səbəbdən barəsində inzibati tənbeh haqqında qərarın qəbul edilməsi qanunsuzdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin X2 İdarəsinin 19 oktyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayətçi X4 şikayətdə qeyd etdiyi halları bir daha təsdiqləyərək Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin X2 İdarəsinin 19 oktyabr 2023cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məkhəmə baxışının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin X2 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə şikayətə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin X2 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işi materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Qərardan şikayət vermiş şəxs özü də şikayətində və məhkəmə iclasında etiraf etmişdir ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin X2 İdarəsinə verdiyi izahatında Yalçın Zaferin 09 oktyabr 2023-cü ildən 18 oktyabr 2023-cü ilədək Hacıoğlu MMC-də rəsmi işlədiyini və ona 10 iş günü üçün 300 manat əmək haqqı verdiyini göstərmişdir. Vüqar Hacıyev bu cür izahatı Türkiyə vətəndaşı Zafer Yalçının qeydiyyat və rəsmiləşməsinə kömək etmək məqsədi ilə verdiyini bildirsə də onun izahatları arasında ziddiyyət yaranır və o, bu ziddiyəti aradan qaldırmaq üçün heç bir sübut təqdim edə bilmir. Məhkəmə iclası zamanı tədqiq edilmiş 19 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı AA3071423 nömrəli Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi 14 may 1980-ci il təvəllüdlü Hacıyev Vüqar oğlu barəsində Azərbaycan Respublikasının İinzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş, X4 protokolu qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, X1 şikayəti əsassızdır və onun inzibati xətanı törətməsi işin materialları ilə tam sübuta yetirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin X2 İdarəsinin 19 oktyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar