Məhkəmə qərarları › İş №3(014)-671/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-671/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-671/2023 30.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 29 oktyabr 2023-cü il tarixdə saat 16:20 radələrində Ağdaş şəhəri, Vaqif küçəsində ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz harəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 29 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində sərxoş vəziyyətdə olarkən Ağdaş şəhərində qayınatasına məxsus yaşayış evində arvadı ilə dalaşmış, bundan əsəbləşərək küçəyə çıxmış, özünü saxlaya bilməyib uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Yoldaşı 102 xidmətinin qaynar xəttinə zəng etmiş və polis əməkdaşları həmin əraziyə yaxışlaşmışlar. Polis əməkdaşları onu ictimai qaydaları pozmamağa dəvət etmişlər, lakin o, içkili vəziyyətdə olduğundan polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra Ağdaş rayon Polis şöbəsinə gətirilmişdir. Əməlindən peşmandır, məhkəmədən bağışlanmasını xahiş edir. Daha sonra barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında sualları cavablandırarkən göstərdi ki, hadisə baş verən gün o, sərxoş vəziyyətdə olmuş, ümumiyyətlə o, alkoqolizmidən əziyyət çəkir, 10-15 gün fasilə versə də yenidən alkoqolizmə yönəlir. Dava-dalaş zamanı küçədə onun ailə üzvləri və qonşuları olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 izahat verərək göstərdi ki, Şəxs 29 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Ağdaş şəhərində qayınatasına məxsus yaşayış evində və həmin evin qarşısında küçədə sərxoş vəziyyətdə ucadan qışqırıb səsküy salaraq ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz harəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis baş leytenantı X3 izahatında göstərdi ki, 29 oktyabr 2023-cü il tarixdə saat 16:20 radələrində 102 xidmətinə gələn müraciətdən sonra Ağdaş şəhəri Vaqif küçəsinə getdikdə Şəxs küçədə ucadan qışqırdığını, səs-küy saldığını, ünvansız nalayiq söyüşlər söydüyünü görmüşdür. Həmin şəxsə yaxınlaşaraq özünü təqdim etdikdən sonra həmin şəxsə ictimai qaydanı, yəni qarşılıqlı davranış və birgə yaşayış qaydalarını pozduğunu izah etmişdir. Həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsə də, o, əhəmiyyət verməyərək öz qanunsuz əməllərini davam edərək onların qanuni tələblərinə qəsdən tabe olmamış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Daha sonra həmin şəxs barəsində qanunla müəyyən edilmiş tədbir görülməsi üçün həmin şəxs Ağdaş rayon Polis şöbəsinin inzibati binasına gətirilmişdir. Məhkəmə iclasında sualları cavablandıran şahid X3 bildirdi ki, Şəxs mütəmadi olaraq spirtli içki qəbul edir, ictimai qaydanı pozur. Dəfələrlə onun barəsində inzibati protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İşin materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 29 oktyabr 2023-cü il tarixdə saat 16:25-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan arayışdan görünür ki, Şəxs barəsində 27 may 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi, 14 iyun 2022-ci il tarixdə həmin Məcəllənin 535.1-ci maddəsi, 01 iyul 2022-ci il tarixdə həmin Məcəllənin 510-cu maddəsi, 20 dekabr 2022-ci il tarixdə həmin Məcəllənin 510-cu maddəsi, 23 fevral 2023-cü il tarixdə həmin Məcəllənin 510-cu maddəsi ilə inzibati protokollar tərtib olunmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən, inzibati xətanı sərxoş halda törətməsini həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, dəfələrlə inzibati xəta törətməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 29 oktyabr 2023-cü il tarixdən saat 16:25-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar