Məhkəmə qərarları › İş №3(014)-672/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-672/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-672/2023 30.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Ağdaş rayonunun Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fəhlə işləyən, Ağdaş rayonunun Dəhnəxəlil kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 27 oktyabr 2023-cü il tarixdə saat 20:35 radələrində Ağdaş rayonunun Dəhnəxəlil kəndində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə edərək sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-21061” markalı minik avtomobili ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxıb, həmin xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 27 oktyabr 2023-cü il tarixdə saat 20:35 radələrində etibarnamə ilə onun istifadəsində olan VAZ 2106 markalı 62BL396 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonu Dəhnəxəlil kəndində hərəkətdə olarkən manevr etmə qaydasını pozduğu üçün yol polisi onu saxlamışdır. Ondan kəskin spirtli içki iyi gəldiyi üçün onu alkovizor cihazı ilə yoxlamışlar, cihazın göstəricisi 0,674 promil olmuşdur. Cihazın göstəricisi ilə razıdır, həkim müayinəsinə ehtiyacı yoxdur. Daha sonra Şəxs məhkəmə iclasında sualları cavablandılraraq bildirdi ki, onun nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Həmin gün o, araq və “GO” içib avtomobili idarə etmişdir. O, hazırki əməli təkrar törədir, 2023-cü ilin sentyabr ayında də eyni inzibati xətanı törətmişdir. Etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ailə vəziyyətinin çox ağır olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona güzəşt edilib yüngül tənbeh verilməsini xahiş edir. İş materiallarında olan portaldan əldə olunmuş qohumluq məlumatları arayışından görünür ki, Şəxs himayəsində 12 aprel 2016-cı il tarixdə doğulmuş X2 və 30 sentyabr 2018-ci il tarixdə doğulmuş X3 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan Ağdaş Rayon Polis Şöbəsinin 30 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Şəxs barəsində son bir il ərzində 16 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, 1 ay 11 gündən sonra eyni inzibati xətanı törətməsini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsetmənin əvvəli 30 oktyabr 2023-cü il tarixdən saat 18:10-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar