Məhkəmə qərarları › İş №3(014)-721/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-721/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-721/2023 15.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X6, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1974-cü ildə Ağdaş rayonunun Qolqəti kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ofisiant işləyən, Ağdaş rayonu, Qolqəti kəndində qeydiyyatda olan, Bakı şəhəri, 3-cü Əhmədli kəndində yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Ağdaş Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tarixli 2(014)- 940/2020 saylı icra vərəqəsinə əsasən Şəxs 1600 manat aliment borcu tutularaq X4 ödənilməsi nəzərdə tutulmuş, Şəxs həmin borcu qərəzli olaraq ödəməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi X9 bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 21 iyul 2020ci il tarixli 2(014)-940/2020 saylı icra sənədinə əsasən borclu Şəxs bugünə olan 1600 manat aliment borcu tutularaq X4 verilməlidir. Borclu Şəxs 2021-ci ildə 8 gün həbs edilmişdir. 2022-ci ildə tələbkarın borcu tam şəkildə ödənilmiş, daha sonra borclu aliment borcunu mütəmadə ödəmədiyi üçün yünidən borc yığılmışdır. Daha sonra polis tərəfindən axtarışa verilmiş və gətirilmişdir. X2 teleqram vuraraq işə onun iştirakı olmadan baxılmasını və aliment borcunun hamısının ödəməsini bildirmişdir. Borclu 3 dəfə pul ödəmiş, cəmi 600 manat, qalan 1600 manat borcu ödəməkdən boyun qaçırmışdır. Bununla bağlı dəfələrlə ona xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Borclu Şəxs aliment borcundan hər ay 400 manat məbləğində pul ödəyəcəyini bildirmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, ümumi borcdan 15 gün ərzində cəmi 600 manat məbləğində pul ödəmişdir. Ofisiant işlədiyi üçün bir neçə ay toy olmadığından restoran fəaliyyətini dayandırmış və onun aliment borcu yığılmışdır. Axırıncı dəfə uşağın son zəngində 100 manat pul vermişdir. Tələbkar 1600 manat aliment borcunun hamısının istədiyinə görə o, hamısını ödəyə bilmir və hər ay 400 manat ödəcəyinə söz verir. Eyni zamanda, nə icra məmurunun çağırışlarından yayınmaq, nə də məhkəmənin qərarını icra etməmək niyyəti yoxdur, o, Bakı şəhərində yaşayır və onun icra məmurunun çağırışlarından belə məlumatı olmamışdır. Onu polis əməkdaşları metroda saxladığı zaman axtarışda olduğunu bilmişdir. Sadəcə olaraq maddi vəziyyəti ağır olduğu üçün ödəniş edə bilməmişdir və borcu yığılmışdır, lakin onun aliment borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. X1 teleqramından görünür ki, borclu Şəxs ona 1600 manat aliment borcu var, işi ilə bağlı məhkəməyə gələ bilmir və işə onun iştirakı olmadan baxılmasını xahiş edir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, borclu Şəxs tərəfindən X2na 31 oktyabr 2023-cü ildən 15 noyabr 2023-cü ilədək poct vasitəsi ilə cəmi 600 manat ödəniş olunmuşdur. İş materiallarında olan Şəxs ərizəsindən görünür ki, borclu Şəxs X2na hər ay 400 manat aliment ödəcəyini bildirmiş və barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs icra məmurunun icra qeydinin icrası barədə tələblərini pozmamışdır. Onun Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi məhkəmə iclasında təsdiq olunmadı. Digər tərəfdən təqdim olunmuş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs icra qeydinin icrası ilə bağlı pozuntular öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından görünür ki, Şəxs icra vərəqəsində nəzərdə tutulmuş borcdan 15 gün ərzində 600 manat ödəniş etmiş və hər ay 400 manat ödəyəcıyinə dair məhkəməyə ərizə təqdim edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar