Məhkəmə qərarları › İş №3(014)-73/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-73/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-73/2025 19.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X9, Qərardan şikayət vermiş şəxs X5 iştirakları ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X10 17 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X10 17 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X2 həmin qərardan şikayət vermişdir. Mehbarə Abbasova şikayətini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavininin MN seriyalı, ******* saylı, 17 yanvar 2025-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə olunmuşdur. İnzibati qaydada cərimə olunmağına səbəb kimi onun Ağdaş şəhərində "ZL“ gözəllik salonunda lisenziya olmadan özəl tibb fəaliyyəti fəaliyyəti (kosmotoloji) göstərməklə inzibati xəta törətməyi olmuşdur. O, orta ixtisas təhsilli olmaqla "Mama" ixtisası üzrə Tibb Kollecini bitirmişdir. 11 ildir ki, Ağdaş rayonu, Ləki qəsəbə xəstəxanasına "mama" ixtisası üzrə tibb bacısı kimi fəaliyyət göstərir. Xəstələrə iynə vurmaq bacarağına malikdir. İşlədiyi müddətdə Azərbaycan Dövlət Akkreditasiya Mərkəzində “Kontur plastika" kursunu müvəffəqiyyətlə tamamlayaraq bu barədə sertifikat almışdır. 25 may 2023-cü il tarixdə orta tibb işçilərinin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində "Mama" ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi verilmişdir. Özəl tibb fəaliyyyəti ilə məşğul olmaq məqsədilə lazımi sənədləri toplayaraq aidiyyati üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər idarəsinə müraciət etmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi Ərazi vergilər idarəsində qeydiyyata alınaraq müvafiq şəhadətnamə almışdır. Fiziki şəxs kimi qeydiyyata alındıqdan sonra tibb fəaliyyəti ilə məşğul olmaq üçün tibbi fəaliyyətlə məşğul olmaq və vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərmək üçün lazımi ləvazimatları əldə etdikdən sonra tibbi fəaliyyətlə məşğul olmaq üçün xüsusi razılıq, yəni lisenziya tələb olunduğundan fəaliyyət göstərməmiş və müraciəti əsasında fiziki şəxs kimi fəaliyyəti 9 saylı Ərazi Vergilər idarəsi tərəfindən dayandırılmışdır. Yuxarıda göstərdiyi kursu müvəffəqiyyətlə başa vurduqdan və iynə vurmaq bacarığına malik olduğuna görə işdən sonra yaşadığı ünvanda bu sahə üzrə müraciət edən vətəndaşlara kosmetoloji xidmət göstərməklə məşğul olmuşdur. 29 oktyabr 2024-cü ildə Ağdaş şəhərində gözəllik salonu işlədən Lalə adlı tanışı ona zəng edərək bir nəfər qadının dodaq nahiyyəsinə dolğu vurdurmaq istədiyini bildirmişdir. O, Lalə xanıma hazırda işdə olduğunu, iş saatı bitdikdən sonra gələ biləcəyini bildirmişdir. Həmin gün saat 15:20 radələrində o, Ağdaş şəhərində "ZL" gözəllik salonunda sonradan adını öyrəndiyi Fatimə xanımla görüşmüşdü. Daxili xəstəliyinin, ən əsası da endokronoloji xəstəliyinin olub-olmamasını ondan soruşduqda o da heç bir xəstəliyikdən əziyyət çəkmədiyini bildirmişdir. Bundan sonra onlar razılığa gəlmiş və o, Fatimə xanımın dodaq nahiyyəsinə dolğu vurmuşdur. Bir müddət sonra həmin xanım üz nahiyyəsində səpgilər olduğunu görəndən sonra əsəbləşərək Polis Şöbəsinə şikayət etmişdir. Polis şöbəsində araşdırma aparılmış, əməlində heç bir cinayət tərkibi olmadığına görə şikayət üzrə cinayət işinin başlanmasının rədd edilməsi, əməlində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin tərkibi olduğuna görə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. Qərarın surəti barəsində həmin maddə ilə tədbir görülməsi üçün X8 Bölməsinə, həmin bölmədə barəsində 20 noyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. Azərbycan Respublikası Səhiyyə Nazirliyi “X14" publik hüquqi şəxs tərəfindən 16 yanvar 2025-ci il tarixdə barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Növbəti gün, yəni 17 yanvar 2025-ci il tarixdə Səhiyyə Nazirinin müavini X10 17 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat cərimə olunmuşdur. Həmin qərarla razı deyil və aşağıda göstərdiyim əsaslara və qərar qəbul edilərkən aşağıda göstərdiyi hüquq normaları pozulduğuna görə həmin qərarı qanunsuz hesab edirəm. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin sanksiyasında Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslərin iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslərin beş min manatdan on min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Onun özəl tibb fəaliyyəti ilə məşğul olması üçün heç bir sahibkar obyekti və imtiyazları yoxdur. Dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləmir. Qeyd olunan vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirmir. O, sadəcə iynə vurmaq bacarığına malik olduğu üçün və kontur plastika ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirdiyinə görə işdən sonra ailəsinin dolanışığı üçün müraciət edən vətəndaşlara arzuladığı və tələb olunan iynələri vurmaqla tibbi yardım göstərir. Vətəndaşın öz arzusu ilə onun dodaq nahiyyəsinə dolğu iynəsi vurmaqla o, heç bir inzibati xəta törətməmiş və bu onun hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dəlalət etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “Qeyd" hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyala keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik. hüquqi şəxslərdə ləşkilali-şərəncamyerici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Belə olduğu halda o, vəzifəli şəxs hesab oluna bilməz. Göründüyü kimi barəsində olan işə baxan vəzifəli şəxs işə baxarkən çox səthi araşdırma aparmış, işin yuxarıda qeyd edilən mühüm əhəmiyyət kəsb edən faktiki halları tam, obyektiv və hərtərəfli araşdırmamış, onun hərəkətlərini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq kimi qiymətləndirmişdir. Vəzifəli şəxsin icraat üzrə gəldiyi nəticə işin qeyd edilən faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 60.3-cü maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Şikayətə əlavə etdiyi sənədlərdən və eləcə də iş materiallarından aydın görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "X14" publik hüquqi şəxs tərəfindən 16 yanvar 2025-ci il tarixdə barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Vəzifəli şəxsin qərarından isə görünür ki, barəsində başlanmış inzibati icraat üzrə qərar 17 yanvar 2025-ci il tarixdə qəbul edilmişdir. Yəni barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən cəmi bir gün sonra qərar qəbul edilmişdir. Göründüyü kimi, barəsində olan işə baxan vəzifəli şəxs işə baxmamışdan əvvəl prosesin vaxtı və yeri barədə onu qeyd edilən müddət ərzində xəbərdar etməmiş, işə baxılan gün vaxtında gəlməyi və özünün müdafiəsinə hazırlanmasına şərait yaratmamış, ona münasibətdə qərəzli mövqe tutaraq normanın və qanunla qorunan hüquqlarını pozmuşdur. Yuxarıda göstərdiyi faktlar qərarından şikayət etdiyi orqanın vəzifəli şəxsi tərəfindən barəsində tamamilə qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini və işə baxılarkən prosessual hüquq normalarının tələblərinin pozulmasını sübut edir. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qərarın surətini 03 fevral 2025-ci il tarixdə poçt vasitəsi ilə aldığından şikayət vermək üçün müəyyən olunmuş müddət tərəfindən buraxılmamışdır. Odur ki, qeyd olunanların nəzərə alınıb onun, yəni X5 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X10 17 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv ediləməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X11 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Dövlət Akkreditasiya Mərkəzi tərəfindən verilmiş sertifikatın surətindən görünür ki, X3 plastika kursunu müvəfəqiyyətlə tamamlamışdır. İş materiallarında olan praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AT № 083084 saylı sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, X11 orta tibb işçilərinin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində "Mama" ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İş materiallarında olan Dövlət attestasiya komissiyası tərəfindən verilmiş BB-İİ № 100170 saylı diplomun surətindən görünür ki, X4 2007-ci ildə Mingəçevir Tibb Məktəbinə daxil olmuş və 23 fevral 2010-cü il tarixdə Mamalıq işi ixtisası üzrə kursu bitirmişir. İş materiallarında olan Ağdaş rayon X17 Bölməsinin təhqiqatçısı X13 08 noyabr 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, toplanmış materialda cinayət hadisəsi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, əməli törətmiş şəxs, ünvan 1 ünvanında yaşayan 22 oktyabr 1989-cu il təvəllüdlü X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon X18 Təhlükəsizlik Bölməsinə görəndərilməsinə dair qərar qəbul edilmişdir. İş materiallarında olan MN № ******* saylı, 20 noyabr 2024-cü il tarixli inzibat xəta haqqında protokolun surətindən görünür ki, X11 29 oktyabr 2024-cü il tarixdə saat 14:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən “ZL” adlı gözəllik salonunda kosmetoloq kimi özəl tibbi fəaliyyətlə məşğul olmasına lisenziya tələb olunmasına baxmayaraq lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olduğuna görə İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi X14 Tibbi Nəzarət şöbəsinin MN № ******* saylı, 16 yanvar 2025-ci il tarixli inzibat xəta haqqında protokoldan görünür ki, Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən “ZL” adlı gözəllik salonunda Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 29 oktyabr 2024-cü il tarixdə saat 14:00-da keçirilən yoxlama zamanı X5 lisenziyası olmadan kosmetoloji fəaliyyət göstərməsi aşkar olunmuş və barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi “X14” publik hüquqi şəxsi tərəfindən X6 ünvanlanmış məktubdan görünür ki, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə X11 barəsində tərtib edilmiş 16 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibat xəta haqqında protokol 16 yanvar 2025-ci il tarixdə Mehbarə Abbasovaya göndərilmişdir. İş materiallarında olan Səhiyyə Nazirinin müavini X10 MN № ******* saylı, 17 yanvar 2025-ci il tarixli inzibat tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Ağdaş rayon Polis Şöbəsinin 08 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən X11 29 oktyabr 2024-cü il tarixdə Ağdaş şəhərində “ZL” gözəllik salonunda lisenziyası olmadan özəl tibb fəaliyyət (kosmetoloji) göstərməsi faktı aşkar olunmuş və X1 Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinib 5000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsin izahatını dinləyib, şikayətə işin materialları ilə birlikdə baxaraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, 16 yanvar 2025-ci il tarixdə X5 barəsində MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin tarixdə də Mehbarə Abbasovaya protokolun surətinin göndərilməsinə dair məktub iş materiallarına əlavə edilsə də sözügedən protokolun sonuncuya göndərilməsini təsdiq edən heç bir sənəd iş materiallarında öz əksini tapmamışdır. Bundan başqa 17 yanvar 2025-ci il tarixdə MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla da müəyyən olunur ki, sözügedən iş üzrə sonuncu, yəni Mehbarə Abbasovanın hüquqları pozulmuşdur. Belə ki, 16 yanvar 2025-ci il tarixdə tərtib oumuş MN № ******* saylı inzibati xəta haqqında protokolun Mehbarə Abbasovaya göndərilməsinə dair məktub iş materiallarına əlavə edilsə də işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildirişin onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilməli olmasına baxmayaraq, həmin müddət gözlənilmədən 17 yanvar 2025-ci il tarixdə MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və qərar qəbul edilərkən X5 iştirakı təmin olunmamışdır. Bununla da X11 özünü müdafiə etmək üçün dəlillərin təqdim edilməsi, müdafiəçi ilə təmin edilməsi, zərurət yarandığı halda şahidlərin və sübutların təqdim edilməsi üçün vaxt verilmədən, həmçinin X5 iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 106.0.6-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı məsələsini həll edir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X10 17 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X10 17 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün qərarı qəbull etmiş səlahiyyətli orqana Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar