Məhkəmə qərarları › İş №3(014)-736/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-736/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-736/2023 20.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1992-ci ildə Ağdaş rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağdaş rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs narkotik vasitə istifadəçisi olması barədə daxil olmuş məlumata əsasən 18 noyabr 2023-cü il tarixdə Ağdaş rayon Polis Şöbəsinə gətirilmiş, Gəncə şəhəri Narkoloji Dispanserində narkoloji müayinədən keçirilmiş və narkotik maddə olan kannabinoidlərin təsiri altında olduğu müəyyən edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş Rayon Polis Şöbəsi tərəfindən 20 noyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, Ağdaş rayonu, Qaradağlı kəndində ailəsi ilə birlikdə yaşayır. Təxminən 2 ay bundan qabaq o, Bakıda toyda olarkən tanımadığı adamlar ona marixuana çəkməyi təklif etmişlər, o, marixuana qəbul etmişdir. 18 noyabr 2023-cü iltarixdə polis əməkdaşı onu Ağdaş Rayon Polis şöbəsinə dəvət edərək narkotik vasitələrin istifadəçisi olduğunda şübhəli olduğunu bildirmişdir. Bundan sonra o, narkoloji müayinədən keçirilməsi üçün Gəncə şəhər Narkoloji Dispanserinə göndərilmişdir. Sidiyindən analiz götürülmüş və onun narkotik vasitə olan kannabinoidlərdən istifadə etdiyi müəyyən olunmuşdur. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis Şöbəsinin X1 sahə rəisi X4 izahatında bildirdi ki, Şəxs narkotik vasitə istifadəçisi olması barədə daxil olmuş məlumata əsasən 18 noyabr 2023-cü il tarixdə Ağdaş rayon Polis Şöbəsinə gətirilmiş, Gəncə şəhəri Narkoloji Dispanserində narkoloji müayinədən keçirilmiş və narkotik maddə olan kannabinoidlərin təsiri altında olduğu müəyyən edilmişdir. İşin materiallarında olan 18 noyabr 2023-cü il tarixli, 3525/2023 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs analizində THC aşkarlanmışdır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 20 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomoniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Ağdaş Rayon Polis Şöbəsinin 20 noyabr 2023-cü il tarixli arayışından görünür ki, Şəxs barəsində 09 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə, 19 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə, 12 aprel 2023cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə, 25 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokollar tərtib olunmuşdur. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18 noyabr 2023-cü ildə saat 22:22-də inzibati qaydada tutulmuşdur. Qanunun qeyd edilən müddəalarına istinad edərək məhkəmə hesab edir ki, Şəxs təyin olunacaq cərimənin həddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutulan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Hazırda Şəxs barəsində inzibati həbs tətbiq edilmədiyindən məhkəmə hesab edir ki, onun barəsində məcburi müalicə təyin edilməməlidir, lakin məhkəmə narkoloji ekspertizasının 20 noyabr 2023-cü il tarixli rəyində Şəxs narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görüldüyündən Şəxs yaşayış yeri üzrə ixtisaslaşdırılmış tibb müəssisəsində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs yaşayış yeri üzrə ixtisaslaşdırılmış tibb müəssisəsində qeydiyyata alınsın. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar