Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-737/2023 21.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iştirakları ilə xx xxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, oteldə məlumat mərkəzində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(105)-1792 saylı icra vərəqəsinə əsasən Şəxs 3474 manat aliment borcu alınaraq Zərərçəkmiş şəxs ödənilməsi nəzərdə tutulmuş, Şəxs həmin borcu qərəzli olaraq ödəməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(105)-1792 saylı icra vərəqəsinə əsasən Şəxs 3474 manat aliment borcu alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs yaranmış 3474 manat aliment borcunu qərəzli olaraq ödəməkdən boyun qaçırmışdır. Aliment borcunu ödəyə bilmir, güçü catan qədər ödəmişdir. Yaranmış borcunu ayba-ay ödəniş edəcəyini qeyd etmişdir. Borcluya alimentin icra sənədi ilə bağlı bildiriş göndərilmişdir, lakin borclu evdə olmadığı üçün bildiriş geri qaytarılmışdır. 11 may 2022-ci ildə xəbərdarlıq göndərilmiş və geri qayıtmışdır. Sonradan əlaqə nömrəsi tapıb əlaqə saxladıqda borclu apellyasiya şikayəti verdiyini, həmin şikayətin nəticəsini gözlədiyini bildirmişdir. 27 oktyabr 2022-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin icra sənədi icraata daxiil olmuş, borcluya yenidən bildiriş göndərilmiş, həmin bildiriş də geri qayıtmışdır. Dəfələrlə borclu ilə əlaqə saxlamış, o, hər dəfə borcu ödəməkdən boyun qaçırmışdır. Daha sonra bolis axtarışa verilmiş və tapılaraq şöbəyə gətirilmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, oteldə məlumat mərkəzində işləyir, 3 ildir ki ailəsindən ayrılmışdır. Məhkəmə qətnaməsinə əsasən 193 manat aliment təyin edilmişdir. Həmin qətnamədən şikayət vermişdir. Tələbkar ümumiyyətlə aliment tələb etməmiş, lakin o, özü hər ay uşaqla görüşə gedən zaman uşağa 100 manat vermiş, sadəcə olaraq onun əlində ödənişə dair rəsmi qəbzlər olmamışdır. Aliment borcunun yığılmağından xəbəri olmamış, o. heş bir məktub almamışdır. Onun aliment borcu düzgün hesablanmamışdır, çünki həmin borc 193 manatdan hesablanmış, lakin Sumqayıt Apelyasiya Məhkəməsi onun şikayətini qismən təmin edərək onun aylıq qazancının dörddə bir hissəsinin tutulmasını qət etmişdir. Həmin dövrdə onun əmək haqqısı 400 manat olmuşdur. Eyni zamanda, nə icra məmurunun çağırışlarından yayınmaq, nə də məhkəmənin qərarını icra etməmək niyyəti yoxdur. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında fərdi qaydada fəaliyyət göstərən vəkil X6 izahatında göstərdi ki, o, iş materiallarında olan məktublardan görünür ki, həqiqətən Şəxs icra məmurunun çağırışlarından xəbəri olmamış, eyni zamanda onun borcu da düzgün hesablanmamışdır. Çünki həmin borc 193 manatdan hesablanmış, lakin Sumqayıt Apelyasiya Məhkəməsi onun şikayətini qismən təmin edərək onun aylıq qazancının dörddə bir hissəsinin tutulmasını qət etmişdir. Bununla da Şəxs icra məmurunun çağırışlarından yayınması və məhkəmənin qərarını icra etməməsi sübuta yetirilmir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan məktublardan görünür ki, borclu Şəxs 14 iyul 2022-ci il tarixdə göndərilmiş məktub, 27 oktyabr 2022-ci il tarixdə göndərilmiş bildiriş, 11 noyabr 2022-ci il tarixdə göndərilmiş xəbərdarlıq onun həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(012)- 711/2022 saylı icra vərəqəsindən görünür ki, 18 may 2022-ci ildən başlayaraq X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(105)-1792/2022 saylı icra vərəqəsindən görünür ki, X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdeh Şəxs aylıq qazancının dörddə bir hissəsi iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs icra məmurunun icra qeydinin icrası barədə tələblərini pozmamışdır. Belə ki, çağırış məktublarının heç biri ona çatdırılmamış, bu da işə əlavə olunmuş geri qaytarılmış məktubların kötüyü ilə təsdiq olunur. Əlavə olaraq icra məmuru Şəxs telefon vasitəsi ilə məlumat verdiyini bildirsə də həm icra məmuru, həm də Şəxs həmin ərəfədə Sumqayıt Apelyasiya Məhkəməsinə verilmiş şikayətin nəticəsi olmadığını izahatlarında göstərmişlər. Bundan başqa Ağdaş Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş protokolda Şəxs yaranmış borcu 3474 manat göstərilsə də bu məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, həmin borc Abşeron Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(012)-711/2022 saylı icra vərəqəsi üzrə hər ay 193 manat olmaqla hesablanmış, lakin Sumqayıt Apelyasiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(105)-1792/2022 saylı icra vərəqəsinə əsasən həmin borc hər ay cavabdeh Şəxs aylıq qazancının dörddə bir hissəsi olmaqla iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-737/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-737/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver