Məhkəmə qərarları › İş №3(014)-74/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-74/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-74/2022 01.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1987-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 31.12.2021-ci il tarixdə saat 23:25 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn nəqliyyat vasitəsinə real təhlükə yaratmış, müxtəlif üsullarla yayındırıcı hərəkətlər edərək qaydaları pozmuş, bu səbəbdəndə patrul avtomobilinin göy-sarışan işıqlarla dəfələrlə verilmiş saxlama işarəsinə bilərəkdən məhəl qoymayaraq yenədə müxtəlif üsullarla yol hərəkət qaydalarını pozmuş, avtomobili yüksək sürətlə idarə etməklə avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon YPX tərəfindən 01.02.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, 31.12.2021-ci il tarixdə saat 23:25 radələrində idarə etdiyi “QAZ 33021” yük markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri, H.Əliyev prospektində avtomobili yüksək sürətlə idarə edərək, əks istiqamətli hərəkət zolağına çıxaraq, ötmə əməliyyatı aparan zaman onunla eyni istiqamətdə hərəkətdə olan “Mercedes Benz” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilinin sol yan güzgüsünü vurmuşdur. Hadisədən sonra yol polisləri ona göy-sarışan işıqlarla saxlama işarəsi vermişlər, lakin o saxlama işarəsinə bilərəkdən tabe olmamışdır. Avtomobili yüksək sürətlə idarə edərək, digər yol iştirakçılarına təhlükə yaradaraq ictimai qaydanı və əhalinin dincliyini pozmuşdur. Cəmiyyətə açıq hörmətsizlik edən hərəkətlərə yol verərək avtoxuliqanlıq etmişdir. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Yol patrul xidmətinin inspektoru polis serjantı X2 izahatında bildirdi ki, 31.12.2021-ci il tarixdə saat 23:25 radələrində “Mercedes Benz” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı keşik avtomobili ilə xidmətdə olan zaman Ağdaş şəhəri H.Əliyev prospektində “QAZ 33021” yük markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtamobilin sürücüsü yol hərəkət qaydalarını kobud şəkildə pozaraq, əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn nəqliyyat vasitəsinə real təhlükə yaratmışdır. Həmçinin patrul avtomobilinin sol yan güzgüsünü vuraraq, hərəkətlərini davam etmişdir. Həmin avtomobili müşayət edərək ona dəfələrlə göy-sarışan işıqlarla saxlama işarəsi versələrdə o, bunlara məhəl qoymayaraq yüksək sürətlə hərəkətlərini davam etmişdir. H.Əliyev prospektindən Nəsimi küçəsinə oradan isə H.Cavid küçəsi istiqamətində hərəkətlərini davam edərək, real təhlükə yaradaraq avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 01.02.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, işin materiallarına əlavə edilmiş disk və özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş xüsusi hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbehin verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməklə nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar