Məhkəmə qərarları › İş №3(014)-743/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-743/2022

22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-743/2022 22.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Şahid iştirakı ilə, xx.xx.1957-ci il tarixdə Ağdaş rayonu Ağayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş şəhəri Y.Nəbiyev küçəsi 4/4 nömrəli evdə qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu üzrə materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Şahid tərəfindən 22 dekabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmiş ondan ötrü ki, o, Ağdaş Rayon Məhkəməsinin 2(014)-13/2022 saylı 12 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən borclu olduğu 6475.40 manat pulun və 10 manat dövlət rüsumunu Zərərçəkmiş şəxs ödəməmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Şahid məhkəmə iclasında göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 13/2022 saylı 12 yanvar 2022-ci il tarixli icra vərəqəsinin icraatına daxil olduğunu, icra sənədi icraatına daxil olduqdan sonra tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edildiyini, bundan sonra borclunun Şəxs dəfələrlə İcra və Probasiya şöbəsinə çağırıldığını, icra sənədinin icrası ilə bağlı ona rəsmi qaydada xəbərdarlıq edildiyini, izahatının alındığını, lakin Şəxs qətnaməni icra etməmiş, buna görə də tərəfindən 22 dekabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında Ağdaş Rayon Məhkəməsinin 2(014)-13/2022 saylı 12 yanvar 2022-ci il tarixli icra vərəqəsinin maddi imkanı olmadığına görə icra edə bilmədiyini, hal-hazırda tələbkarla həmin borcu 5000 manat ödəməklə razılaşdığını, buna görə də onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsin xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Ağdaş Rayon Məhkəməsinin 2(014)-13/2022 saylı 12 yanvar 2022-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs ilə 5000 manata razılaşdığını, buna görə də onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsin xahiş etdi. Məhkəmə, təqdim olunan sübutlara qiymət verərək hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-13/2022 saylı 12 yanvar 2022-ci il tarixli icra sənədini üzürsüz səbəbdən icra etməməsi və Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində müəyyən olunmuş müddətdə borcun üzrsüz səbəbdən icra etmədiyinə dair sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Qanunun mənasından göründüyü kimi əməldə inzibati xətanın tərkibi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 53, 84, 112, 114, 115, 117, 128-130ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş 22 dekabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət və protest vermək olar. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar