Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-751/2022 28.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş rayonu, Qülbəndə kəndində yerləşən evinin həyətində 01 ədəd çətənə bitkisi əkilib-becərmiş, 29 avqust 2022-ci il tarixdə həmin çətənə kolu polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Ağdaş rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X1 07 sentyabr 2022ci il tarixli qərarı ilə qeyd edilən faktla bağlı toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Ağdaş rayon RPŞ-nin İTB-nə göndərilmişdir. 28 dekabr 2022-ci il tarixdə Ağdaş RPŞ-nin İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və yaşadığı evin həyətində əkinçiliklə məşğul olduğunu, evinin həyətində istixananın olduğunu, həmin istixanada əvvəllər pomidor əkdiyini, pomidor yığılıb qurtarandan sonra isə həmin istixanaya paxla bitkisi əkdiyini, 2022-ci ilin avqust ayında həmin istixananın içərisində boş yerdə 01 ədəd çətənə bitkisinin toxumunu əkdiyini, həmin çətənə toxumunun bitdiyini, həmin çətənə bitkisinə qulluq edərək vaxtı-vaxtında suyunu verdiyini, qulluq etdiyini, xx.xx.2022-ci il tarixdə polis əməkdaşlarının onun ünvanına gəldiklərini və özünün iştirakı ilə narkotik tərkibli bitki əkmiş olduğu yerə videoçəkiliş vasitəsi ilə baxış keçirdiklərini, baxış zamanı orada onlardan başqa aqronomun da iştirak etdiyini, polis əməkdaşlarının həmin çətənə kolunu aşkar edərək götürdüklərini, əkdiyi həmin çətənə bitkisinin toxumunu kəndin ərazisində yabanı halda bitən çətənə kolundan götürdüyünü, hazırda əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 29.08 2022-ci il tarixli 17/692 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş yaş vəziyyətdə təmiz çəkisi 145 qram olan 01 ədəd bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. X6 29.08 2022-ci il tarixli rəyindən görünür ki, Ağdaş rayonu, Dəhnəxəlil kənd sakini Şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkarlanmış 01 (iki) ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkiyə tərəfindən baxış keçirilmiş, baxış zamanı aşkar olunmuşdur ki, çətənə bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İnzibati xəta haqqında materiala əlavə olunmuş 28 dekabr 2022-ci il tarixli arayışdan məlum olur ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin 27 iyun 2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon Polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış və yoxlama zamanı Şəxs kartotekasında heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə - iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1968-ci ildə Ağdaş rayonu, Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Qülbəndə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-751/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-751/2022
28.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver