Məhkəmə qərarları › İş №3(014)-765/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-765/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-765/2023 04.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İlyas oğlunun iştirakları ilə, xx xxxx 1996-cı ildə Ağdaş rayonu, Pirəyir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş rayonunun Pirəyir kəndində qeydiyyatda olan və yaşayan Şəxs İlyas oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs İlyas oğlunun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq qərar qəbul edilmişdir ona görə ki, o, qanunsuz olaraq narkotik vasitəni satış məqsədi olmadan şəxsi istehlak müqdarında əldə edərək istifadə etmişdir və bununla da Şəxs İlyas oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İlyas oğlu məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmir. O, cəmi bir dəfə narkotik vasitə olan marixuanadan istifadə etmiş, onun da tarixini dəqiq xatırlamır. Ondan sonra narkotik vasitə qəbul etməmişdir. Hazırda onu Ağdaş Rayon Polis Şöbəsinə hansı hadisəyə görə gətirildiklərini bilmir. Polis şöbəsində izahatı alındığı zaman əvvəllər narkotik maddə qəbul etdiyinə görə narkotik vasitə olan marixuanadan istifadə etdiyini və peşman olduğunu bildirmişdir. Əvvəllər məhkum olunmuşdur. Həbsdən buraxılandan bir müddət sonra dövlət tərəfindən verilən pula mal-qara almışdır. Hazırda maldarlıqla məşğul olur. Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs İlyas oğlu 14 noyabr 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğuna görə Ağdaş rayon Polis şöbəsinə dəvət edilmiş, onun hər hansı narkotik vasitə və psixotrop maddələr qəbul edib-etməməsini müəyyən etmək məqsədi ilə Şəxs müayinə edilməsi üçün 22 noyabr 2023-cü il tarixdə Gəncə şəhər Narkoloji Dispanserinə göndərilmişdir. Müayinə zamanı Şəxs İlyas oğlunun narkotik vasitələrdən istifadə etdiyi, narkomaniya xəstəliyindən əzab çəkdiyi aşkar olunmuşdur. Şəxs İlyas oğlu əvvəllər xatırlamadığı tarixdə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarında əldə edərək istifadə etdiyini etiraf etmişdir. Buna görə də tərəfindən Şəxs İlyas oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs İlyas oğlu narkotik vasitəni qəbul etdiyi tarixi dəqiq xatırlamadığına görə inzibati xəta haqqında protokolda onun narkotik vasitəni qəbul etdiyi tarixi qeyd etməmişdir. İş materiallarında olan 14 noyabr 2023-cü il tarixli raportdan görünür ki, Şəxs İlyas oğlunun narkotik vasitə istifadəçisi olması barədə daxil olmuş məlumatlara əsasən Ağdaş rayon Polis şöbəsinə dəvət edilmiş, həmin şəxsin Şəxs İlyas oğlu olması müəyyən edilmiş, Şəxs İlyas oğlunun yoxlanıması üçün Gəncə şəhəri Narkoloji Dispanserinə göndərilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanserinin 22 noyabr 2023-cü il tarixli 1944 №-li rəyindən görünür ki, Şəxs İlyas oğlu xx.xx.2023-cü il tarixdə narkolojitibbi yoxlamadan keçirilmiş və onun narkotik vasitələrdən istifadə edir. Nakkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İlyas oğlu qanunsuz olaraq narkotik vasitəni satış məqsədi olmadan şəxsi istehlak müqdarında əldə edərək istifadə etmişdir və bununla da Şəxs İlyas oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərini pozmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs İlyas oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Şəxs İlyas oğlunun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda inzibati xətanın baş verdiyi tarix qeyd olunmamış, eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İlyas oğlu izahatında narkotik vasitəni qəbul etdiyini bildirsə də, qəbul etdiyi tarixi xatırlamadığını bildirmişdir, həmçinin məhkəmədə inzibati xəta haqqında işə baxılan zaman inzibati xətanın baş verdiyi tarixin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qanunun qeyd edilən müddəalarına istinad edərək məhkəmə hesab edir ki, Şəxs İlyas oğlunun təqsiri sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs İlyas oğlunun təqsiri sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar