Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-772/2023 07.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1953-cü ildə Ağcabədi rayonunun Kür-Qırax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, pensiyaçı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(014)-841/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 15000 ABŞ dolları və 30 manat tutulub Zərərçəkmiş şəxs verilməlidir, Şəxs həmin məbləği qərəzli olaraq üzürsüz səbbdən tam ödəmir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(014)-841/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 15000 ABŞ dolları və 30 manat tutulub Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs 15000 ABŞ dolları borcu üzrsüz səbəbdən ödəmir. Borcun ödənilməsi üçün bütün icra tədbirləri görülmüş, lakin borclunun adıdna pensiyasından başqa heç bir əmlak müəyyən olunmamışdır. Borcun ödənilməsi borclunun pensiyasına yönəldilmiş və hər ay onun pensiyasının 50%-i tələbkarın xeyrinə tutulur. Lakin tələbkar Zərərçəkmiş şəxs bununla razılaşmır, borcun tam şəkildə birdəfəlik ödənilməsini tələb edir. Şəxs isə borcunu birdəfəlik ödəməkdən boyun qaçırmışdır. Bununla bağlı dəfələrlə ona xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında sualları cavablandıran icra məmuru Ramin Abbasov bildirdi ki, tələb olunan borcla əlaqədar Şəxs pensiyasından 2022-ci ilin noyabr ayından tutulmalar gedir, bugünə qədər cəmi 2000 manat ödənilib, borclu əlavə ödəniş etməyib. Şəxs bütün çağırışlara vaxtıvaxtında gəlir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu tam ödəməsi üçün maddi imkanı, olmadığını, gəlirinin yalnız pensiya olduğunu bildirir. Şəxs borcun ödənilməsinə yönəldilə bilinəcək hər hansı bir əmlakının olub-olmaması barədə tərəfindən sorğular verilmiş, lakin heç bir əmlakı müəyyən edilməmişdir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmişdir, lakin sonuncu Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığına görə məhkəməyə gələ bilməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, borcu ödəməkdən boyun qaçırmır, sadəcə borcun hamısını birdəfəlik ödəməyə imkanı çatmır, həmin borcun ödənilməsi hər ay onun pensiyasından 50% tutulmaqla icra olunur. Onun pensiyadan başqa heç bir gəlir yeri yoxdur. Əgər hər hansı bir əmlakı olsaydı satıb borcunu tamamilə bağlayardı. Tələbkar Zərərçəkmiş şəxs pulun hamısını istəyir. Eyni zamanda, nə icra məmurunun çağırışlarından yayınmaq, nə də məhkəmənin qərarını icra etməmək niyyəti yoxdur, sadəcə olaraq onun maddi imkanı zəif olduğu üçün borcun hamısını ödəyə bilmir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs icra məmuru tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxıldığından, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan X2 Sistemindən icra məmurunun sorğularına alınmış cavablardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs adına hər hansı əmlakın olması müəyyən edilməmişdir. İş materiallarında olan X2 Sistemindən icra məmurunun sorğularına alınmış cavablardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs pensiyası 327 manat 21 qəpik təşkil edir. İş materiallarında olan X2 Sistemindən icra məmurunun sorğularına alınmış cavablardan görünür ki, Şəxs pensiyasından 4 noyabr 2022-ci il tarixdən bugünədək hər ay tutulmalar aparılmışdır. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs icra məmurunun icra qeydinin icrası barədə tələblərini pozmamışdır. Onun Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi məhkəmə iclasında təsdiq olunmadı. Digər tərəfdən təqdim olunmuş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs icra sənədini qərəzli olaraq icra etməməsi öz təsdiqini tapmır. Belə ki, iş materiallarından görünür ki, Şəxs tələb olunan borcun ödənilməsinə yönəldiləcək hər hansı əmlakı müəyyən edilməmişdir. İcra vərəqəsində nəzərdə tutulmuş borc Şəxs pensiyasına yönəldilərək hər ay onun pensiyasından tutulur və o, özü də bildirdi ki, borcu ödəməkdən yayınmır, sadəcə maddi imkanı olmadığına görə borcunu ödəyə bilmir, icra məmuru da Şəxs dediklərini təsdiq edərək, sonuncunun bütün çağırışlara vaxtı-vaxtında gəldiyini bildirmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-772/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-772/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver