Məhkəmə qərarları › İş №3(014)-774/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-774/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-774/2023 07.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 20 avqust 1993-cü ildə Ağdaş rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı övladı olan, maşın ustası işləyən, Ağdaş rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 06 dekabr 2023-cü il tarixdə saat 23 radələrində Ağdaş şəhərində “Padval” kafe adlanan kafenin qarşısında küçədə ucadan qışqıraraq səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədib xırda xuliqanlıq etmiş, həmçinin ona yaxınlaşan polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Cabbarın hadisə baş verən kafeyə borcu olduğundan, Səbuhinin maşını ilə kafeyə borcu qaytarmağa getmişlər. Kafedə işləyən xanım borcu istədikdə, mübahisə yarandı, mübahisə zamanı onlar nalayiq ifadələr işlətməyə başlamışlar. Kafedə onlardan əlavə başqa insanlar da olmuşlar. Daha sonra polis əməkdaşları həmin əraziyə yaxınlaşmış və onu ictimai qaydaları pozmamağa dəvət etmişlər, lakin polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu Ağdaş Rayon Polis Şöbəsinə gətirmişlər. Etdiyi əməldən peşmandır, himayəsində iki azyaşlı uşağı var, bir daha belə hərəkətlərə yol verməyəcək, məhkəmədən bağışlanmasını xahiş edir. Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X10 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs 06 dekabr 2023-cü il tarixdə saat 23 radələrində Ağdaş şəhərində “Padval” kafe adlanan kafenin qarşısında küçədə ucadan qışqıraraq səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədib xırda xuliqanlıq etmiş, həmçinin ona yaxınlaşan polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. X7 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 06 dekabr 2023-cü il tarixdə saat 23 radələrində Ağdaş şəhəri 1 nömrəli postun ərazisində Ağdaş RPŞ-nin polis nəfəri polis kiçik serjantı Şirinov Məhəmməd ilə birlikdə xidmətdə olarkən, üç nəfər şəxsin “Padval” kafe adlanan kafenin qarşısında ucadan qışqırıb ünvansız nalayiq ifadələr işlətdiklərini görmüşlər və həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib onlardan sakit olmalarını, ictimai qaydanı pozmamalarını tələb edib, onlara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbini izah etmişlər. Lakin həmin şəxslər yenidən ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyüb qanunvericiliklə müəyyən edilmiş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı pozmağa davam etmişlər. Həmin şəxslərdən biri də Şəxs olmuşdur. O, həmin şəxsləri dəfələrlə nizam-intizama dəvət etsə də, sonuncular ona əhəmiyyət verməyərək öz qanunsuz əməllərini davam edərək onun qanuni tələbinə qəsdən tabe olmamışlar. Həmin şəxslərin barələrində qanunla müəyyən edilmiş tədbir görülməsindən ötrü onları Ağdaş Rayon Polis şöbəsinin inzibati binasına dəvət edib gətirmişlər. X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, O, 06 dekabr 2023-cü il tarixdə saat 23 radələrində Ağdaş şəhəri 1 nömrəli postun ərazisində Ağdaş RPŞ-nin polis nəfəri polis kiçik serjantı Əliyev Kənan ilə birlikdə xidmətdə olarkən üç nəfər şəxsin “Padval” kafe adlanan kafenin qarşısında ucadan qışqırıb ünvansız nalayiq ifadələr işlətdiklərini görmüşlər və həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib onlardan sakit olmalarını, ictimai qaydanı pozmamalarını tələb edib, onlara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbini izah etmişlər. Lakin həmin şəxslər yenidən ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyüb qanunvericiliklə müəyyən edilmiş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı pozmağa davam etmişlər. Həmin şəxslərdən biri də Şəxs olmuşdur. O, həmin şəxsləri dəfələrlə nizamintizama dəvət etsə də, sonuncular ona əhəmiyyət verməyərək öz qanunsuz əməllərini davam edərək onun qanuni tələbinə qəsdən tabe olmamışlar. Həmin şəxslərin barələrində qanunla müəyyən edilmiş tədbir görülməsindən ötrü onu Ağdaş Rayon Polis şöbəsinin inzibati binasına dəvət edib gətirmişlər. X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, hadisə baş verən kafeni işlədir. 06 dekabr 2023-cü il tarixdə Şəxs, Hüseynov Cabbar və Kərimov Səbuhi adlı şəxslər onun işlədiyi kafeyə gələrək onunla münaqişə etməyə başlamışlar. Kafedə boş stolda əyləşib onu “az” deyib çağırmışlar. O, onlara sakit olmalarını və polis çağıracağını bildirdikdə onlar polisin ünvanına nalayıq ifadələr işlətmişlər. Sonra isə o, polisə zəng vurub bu barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları yaxınlaşıb onları Ağdaş Rayon Polis şöbəsinə aparmışlar. İş materiallarında olan arayışdan görünür ki, Şəxs barəsində 19 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan portaldan əldə olunmuş qohumluq məlumatları arayışından görünür ki, Şəxs himayəsində 07 yanvar 2015-ci il tarixdə doğulmuş X8 və 01 aprel 2019-cu il tarixdə doğulmuş X6 adlı iki azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 dekabr 2023-cü ildə saat 23:38-də inzibati qaydada tutulmuşdur. Qanunun qeyd edilən müddəalarına istinad edərək məhkəmə hesab edir ki, Şəxs təyin olunacaq cərimənin həddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələri nəzərə alınmaqla ona həmin Məcəllənin 535.1-ci maddəsi ilə 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar