Məhkəmə qərarları › İş №3(014)-80/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-80/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-80/2023 16.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə Şikayət vermiş şəxs X2 iştirakı ilə İV Tağım Baş yol patrul xidməti inspektoru polis baş serjantı X1 xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İV Tağım Baş yol patrul xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati xəta haqqında qərar əsasında X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 600 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X5 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi **-GO-*** dövlət qeydiyyat nişanlı “HOWO” markalı yük avtomobili ilə Bakı şəhəri Dəmiryolçular (Sanqaçal) istiqamətində hərəkətdə olarkən avtomobili DYP xidmətinin inspektorları tərəfindən saxlanılmışdır. Bundan sonra barəsində Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP5130777 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, protokolla razılaşmadığı üçün qərar qəbul edilməmişdir. Protokolla tanış olarkən DYP xidmətinin inspektoru tərəfindən qeyd edilən inzibati xətanın törədilməsinin aşkara çıxarılmasına əsas olan texniki avadanlığın göstəricilərini qeyd etməmişdir. Əgər belə avadanlıqdan istifadə edilməmişdirsə, DYP inspektoru nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini öz gözü ilə müəyən edərək protokol tərtib etmişdir. Bundan başqa iş üzrə qərar qəbul edilərkən onun İXM-də nəzərdə tutulmuş hüquqları da pozulmuşdur. Azərbaycan Respublikası DİN-in xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(014)-80/2023 saylı qərarı ilə şikayətin təmin edilməsi, İV Tağım Baş yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şəki Apellasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(107)-121/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin rəis müavini Pərvin Səfərəliyevin şikayətinin qismən təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(014)-80/2023 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi, qərarın elan olunduğu andan qanuni qüvvəyə mənməsi qərara alınmışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayəti müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətə işin materialları ilə birlikdə baxaraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, işin materiallarına əlavə edilmiş İV Tağım Baş yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşin materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, X5 xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol əsasında Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 600 (altı yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şikayət araşdırılarkən məhkəmə baxışında müəyyən olunmuşdur ki, protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs izahatlar vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, bu pozuntular da X2 öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. X5 özü də məhkəmə iclasında bildirmişdir ki, onun cərimə olunması barədə heç vaxt məlumatı olmamış və yalnız son günlərdə icra orqanından onu dəvət etdikdən sonra bu barədə məlumat əldə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Hazırkı inzibati xəta haqqında protokol isə nə şəxsən, nə də poçt vasitəsilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim olunmamışdır. Qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə imzalanması üçün təqdim edilmiş, lakin X4 verilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, inzibati işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsində baxılmış və X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati cərimə olunmuşdur. Lakin işə baxılmasının yeri və vaxtı bərədə X4 məlumat verilməmişdir. Məhkəmə qeyd edilən hallara qiymət verərək hesab edir ki, işə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məlumat verilmədən baxılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə hesab edir ki, işə baxılmasının yeri və müddəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məlumat verilmədən baxılması nəticəsində X5 inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək kimi hüquqlarından məhrum edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarı qəbul edilərkən X4 lazımı qaydada məlumatlandırılmaması və iştirakının təmin edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Eyni zamanda, X5 məhkəmə iclasında bildirmişdir ki, onun barəsində bu maddə ilə 2 dəfə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hazırda apellyasiya şikayətinə əlavə edilmiş fotoşəkillər və göstəricilər digər inzibati xəta ilə bağlıdır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında qərar qəbul edilərkən bu barədə məlmat verilərdisə, o, öz etirazını əsaslandıra bilərdi və buna da müvafiq qaydada hüquqi münasibət bildirilərdi. Hazırkı halda isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu hüquqlarından məhrum olmuşdur. Bundan başqa, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)- 121/2023 saylı qərarının 4-cü səhifəsinin sonuncu abzasında da göstərilmişdir ki, “lakin göründüyü kimi birinci instansiya məhkəməsi qərarında İV Tağım Baş yol patrul xidməti inspektoru polis baş serjantı X3 isə qanunvericiliyin tələblərinə riayət etmədən, inzibati xəta haqqında protokol tərtib etdiyini qeyd etsə də işə yenidən baxan apellyasiya məhkəməsi hesab edir ki, bu hal mübahisələndirilən inzibati işə xitam verilməsi üçün deyil, inzibati xəta haqqında işin səlahiyyətli orqana qaytarılması üçün üçün əsasdır.” Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, İV Tağım Baş yol patrul xidməti inspektoru polis baş serjantı X1 xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. İV Tağım Baş yol patrul xidməti inspektoru polis baş serjantı X1 xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar