Məhkəmə qərarları › İş №3(014)-806/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-806/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-806/2023 18.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabiri Nərmin Kamal qızının katibliyi, İddiaçı X2, Cavabdeh X8 nümayəndəsi və vəkili X9 iştirakı ilə İddiaçı X2 cavabdeh X10 qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh X10 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 cavabdeh X15 arasında 2005ci il tarixdə qeydə alınmış nikahları 2011-ci il tarixdə pozulmuş və bu barədə 13 may 2011ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsində müvafiq akt qeydi aparılmışdır. Birgə nikahlarından doğulmuş 28 iyul 2006-cı il təvəllüdlü X16 və 16 mart 2011-ci il təvəllüdlü X13 ayrıldıqları vaxtdan onun himayəsində qalmışdır. 2011-ci il tarixdə nikahlarının pozulmasına və ayrılmalarına baxmayaraq 2022-ci il tarixdən rəsmi nikah qeydə aldırmadan barışıb yenidən birlikdə yaşasalar da mövcud vəziyyətdə birgə yaşamaqlarının mümkünsüzlüyü ilə əlaqədar məcbur olaraq yenidən 2023-cü ilin iyul ayından ayrılmışlar və həmin vaxtdan uşaqlar ayrıca olaraq onun himayəsində qalmışdır. 2022-ci ildə barışmaqları ilə əlaqədar olaraq uşaqlara aliment ödənilməsi ilə bağlı əvvəllər (2011-ci ildə) çıxarılmış məhkəmə qərarının icra icraatına xitam verilmiş, 2023-cü il tarixdə ayrıldıqları vaxtdan ötən müddətədə cavabdeh iki uşağın saxlanılması ilə maraqlamamış, könüllü maddi yardım göstərməmiş, aliment ödəməmişdir. Odur ki, himayəsində qalmış iki uşağın 18 yaşı tamam olan günədək saxlanmaları üçün alimentin cavbdehdən məcburi qaydada alınmasına dair məsələyə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən cavabdeh X15 ilə birgə nikahlarından doğulmuş 28 iyul 2006-cı il təvəllüdlü X16 və 16 mart 2011-ci il təvəllüdlü X5 18 yaşları tamam olan günədək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manatdan az olmamaqla, cəmi 440 manat məbləğində alimentin, həmçinin 50 manat mediasiya xərcinin cavabdehdən alınıb iddiaçının xeyrinə verilməsi xahiş edilir. Məhkəmə iclasında iddiaçı X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, işləmir, heç bir gəliri yoxdur, iki uşağa baxmaqda çətinlik çəkir, cavabdeh usta işləyir, gəlirinin yaxşı olmasına baxmayaraq uşaqların saxlanılmasına ona maddi yardım göstərmir. Buna görə də uşaqların saxlanılması üçün aliment təyin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X8 nümayəndəsi və vəkili X17 bildirdi ki, iddiada qeyd edilənlər əsassızdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 13 may 2011-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 113818 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X1 Samirə Zaməddin qızı arasında qeyd edilmiş nikah 13 may 2011-ci il tarixdə 26 №-li akt qeydi əsasında pozulmuşdur. Nikah bağlandıqdan sonra ərə Rzayev, arvada İsrəfilova soyadı verilmişdir. İşin materiallarında olan 25 avqust 2006-cı il tarixdə Ağdaş RİHB-nın Pirkəkə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 750156 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X16 28 iyul 2006-cı il tarixdə Ağdaş rayonunda doğulmuş, atası X15, anası isə X6r. İşin materiallarında olan 13 may 2011-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 657127 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X13 16 mart 2011-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, atası X15, anası isə X6r. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin rəsmi nikahlarından iki uşaqları doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Uşaqlar anaları X2 himayəsində yaşayır. Cavabdeh X15 uşaqların saxlanılmaları üçün iddiaçıya maddi yardım etmir. Buna görə də iddiaçı uşaqların saxlanmaları üçün hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafelərini, iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh X7 28 iyul 2006-cı il təvəllüdlü X16 və 16 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 140 (yüz qırx) manat aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 3 oktyabr 2023-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və cavabdeh X7 03 oktyabr 2023-cü il tarixdən başlayaraq, 28 iyul 2006-cı il təvəllüdlü X16 və 16 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməli, cavabdeh X7 50 (əlli) manat mediasiya xərci alınaraq iddiaçı X3 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 3360 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 53,60 (əlli üç manat, altmış qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X7 03 oktyabr 2023-cü il tarixdən başlayaraq 28 iyul 2006-cı il təvəllüdlü X16 və 16 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilsin. Cavabdeh X7 50 (əlli) manat mediasiya xərci alınaraq iddiaçı X3 ödənilsin. X7 53,60 (əlli üç manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar